“Mənim xeyli vəzifələrim var…” – Səməd Seyidov

Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Məlumatın yayılmasından keçən müddətdə YAP bu barədə rəsmi mövqe bildirməyib.  
YAP üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə “Yeni Müsavat”a bildirdi ki, qurultayla bağlı o da mətbuatdan xəbər tutub. “Mən sıravi YAP-çıyam”, deyən S.Seyidov hələ ki qurultaya dəvət almadığını qeyd etdi. Qurultaydan gözləntilərini soruşduqda, S.Seyidov bildirdi ki, o, həmişə bu məsələ ilə bağlı çıxış edib: “YAP-ın iclaslarına dəvət edəndə bildirmişəm ki, belə bir qurultayın keçirilməsi çox vacib, çox əhəmiyyətlidir. Azərbaycanda islahatlar hər yerdə gedir, o cümlədən YAP-ın içərisində də getməlidir və YAP-ın fəaliyyəti ilə bağlı da həyata keçirilməlidir”.
“Qarşıdakı qurultay hakim partiyada gəncləşmə siyasətinin həyata keçirilməsini nəzərdə tuturmu”, sualına cavabında deputat qeyd etdi ki, islahatlar yalnız gəncləşməni nəzərdə tutmur: “Təbii, o cümlədən gəncləşməni. Ancaq hesab edirəm ki, siz gəncləşmə deyəndə idarəetməni, ümumiyyətlə, dünyada gedən proseslərin təhlilini, əlaqələri, bütün məsələləri nəzərdə tutursunuz. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bunu gəncləşmə ilə məhdudlaşdırmaq düzgün olmazdı. Təbii ki, o cümlədən də gəncləşmə. Ancaq ümumi islahatlar mütləq getməlidir”. “Özünüzü YAP-ın rəhbər strukturlarında görürsünüzmü”, sualına cavabı isə belə oldu: “Mənim xeyli vəzifələrim var və mən sıravi YAP-çı olmağımla fəxr edirəm.”
Adının açıqlanmasını istəməyən qaynaqlar isə iddia edir ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və gözdən düşmüş, ictimai rəydə neqativ işarə ilə tanınan simalardır. Onların yerinə gənc kadrlar seçiləcək. Məlumata görə, hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.
Pandemdemiya dövründə qurultayın onlayın, yoxsa adi qaydada keçiriləcəyinə gəldikdə, bu da hələlik məlum deyil. Ancaq yayılan xəbərlərdən belə aydın olur ki, ənənəvi toplantı olacaq. Martın 3-də YAP rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən deputatların koronavirus testindən keçəcəkləri bildirilir.


Tarix: 3-03-2021, 08:35 Oxunub: 554


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?