1972-ci ildə Şamil Mahmudbəyovun lentə aldığı "Həyat bizi sınayır" filmi gənclərin ən sevimli filmlərindən idi. Şahmar Ələkbərov, Amaliya Pənahova, Eldəniz Zeynalov, Xuraman Qasımova kimi məhşurların rol oynadığı film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Filmin ssenari müəllifi Vidadi Babanlı və Mixail Papova, operatoru isə Arif Nərimanbəyovdur.
Bu barədə tarixçi alim Zaur Əliyev yazıb.
O bildirib ki, filmdə baş rolu - Rəşidi oynayan gənc Fikrət Quliyev o dövrdə yeganə tələbə və eyni zamanda aktyor idi ki, bir neçə xarici dildə sərbəst danışırdı. Fikrət İncəsənət Universitetində təhsil alırdı. İçərişəhərli tanınmış Quliyevlər nəslindən idi: savadlı, intellektual, mədəni tələbəydi.
Fikrət Quliyevin Rəşid obrazı üçün kəşf edilməsindən əvvəl bu rolda onlarla gənc aktyor yoxlanılmışdı. Onun real həyatda utancaq bir insan olması da rejissorun xoşuna gəlir və Fikrətin ifasında bir neçə epizodu çəkərək Bədii Şuranın baxışına təqdim edir. Bədii Şuranın üzvləri Fikrətin ifasını qəbul edərək onu Rəşid obrazına təsdiqləyirlər.
Gənc aktyor Fikrət Quliyev sonralar aktyorluq sənətini davam etdirə bilmir. Ona məhşurluq gətirən "Həyat bizi sınayır" filmindən təxminən 2-3 il sonra maşın qəzasına düşür. Əlində, ayağında, qabırğasında qüsurlar qaldığına görə filmlərə çəkilə bilmir - yalnız 2-3 epizodik roldan başqa. Onlardan biri də 1984-cü ildə çəkilən "Gümüşgöl əfsanəsi" filmi idi. O filmdə Səfər obrazını oynayıb.
Sonra isə kinostudiyada rejissor assistenti işləməyə başlayır. Ailəsinin bütün üzvlərini itirir, əvvəlcə valideyinləri, sonra isə bacısı vəfat edir. Həyatının qara günlərindən xilas olmaq üçün Azərbaycandan köçür, 35 yaşında isə rəhmətə gedir.
Çox təəssüf ki, isdedatlı bir aktyor, zadəgan ailəsinin övladı, o dövrün poliqlot gənclərindən biri olan Fikrət Quliyev unudulur..."
kult.az
Bölməyə aid digər xəbərlər