"Sosial verilişlər" adlanan proqramlar səviyyəni yüksəldəcək verilişlər əvəzinə səviyyəsiz şoulara çevrilib

      Telekanallarımızın "sosial verilişlər" adlanan proqramları mədəniyyət təbliğatı əvəzinə mədəniyyətsizlik ruporuna, səviyyəni yüksəldəcək verilişlər əvəzinə səviyyəsiz şoulara çevrilib.
     Çay içərək tamaşa edən seyrçi əvəzinə çayxana söhbətlərinin efirən daşınmasının şahidiyik həmin verilişlərdə.
Qabalıq, vulqarlıq, mədəniyyətsizlik, mənəvi tənəzzül bu proqramlarda baza prinsiplərinə çevrilib.
      Vətəndaşlar üçün sosial davranış modelinin əksini göstərən, reytinq və baxış statistikası üçün ürəkbulandırıcı şərəkətlərin adiləşdirildiyi həmin verilişlər küçə mədəniyyətinin reklam olunduğu, "küçə adamı" adlandırılan antipodun həzzlə qəhrəmana çevrildiyi iyrənc şoular olub.
     Belə verilişlərə niyə baxılmalıdır?
     Sual səslənəndə həmin proqramların aparıcıları dərhal səs-səsə verirlər ki, "kütlə bunu istəyir, ən baxımlı verilişlərdir, tarixi və mədəniyyət proqramlarına baxılmır, millət şou, dava-dalaş istəyir".
     Studiyada arvadını döyən kişinin suçlanması, ərindən qaçan qadının ağlaması, yaxud ailənin yataq məhrəmlərinin müzakirəsi - bu, şou yox, mənəviyyatsızlığın təbliğidir.
     Həmin proqramların aparıcılarının studiyadakı bağırtıları, dilətutmaları, ittihamları, barmaq silkələmələri, milli-mənəvi dəyərlərdən danışaraq yataq videolarının saf-çürük edilməsinə "ekspert"ləri cəlb etməsi ikrah doğuran məqamlardır.
"Kimdir bu adam?" sualı doğuran "ekspert"lər isə, ümumiyyətlə, klinik problemdir: cəmiyyətdə tanınmayan, ünsiyyət və izhar tərzləri ikrah doğuran, savadsız olduqları aydın görünən bu "ekspert"lərin seçimi də aparıcının istəyi ilədir. Onlar studiyada ucuz və bayağı şou göstərən həmin aparıcının marionetləri funksiyasını yerinə yetirirlər.
      Onlar gerçək Azərbaycan cəmiyyətinin göstəricisi yox, irreal, uydurma cəmiyyətin ən pis anrtiqəhrəmanlarıdır.
Səviyyələri plintusdan aşağı olan həmin verilişlərin aparıcıları əxlaqi və mənəvi dəyərləri heçə saymaqda, insanımızın tabu sandığı məqamları çilikləməkdə, ən xoşagəlməz görüntülərə nail olmaqda, mənəviyyatlı və əxlaqlı iki insanın öz aralarında belə, danışmağa utandıqları məsələləri "geniş müzakirə mövzu"na çevirməkdə yarışırlar.
      Dəfələrlə boşanmış adam ailə dəyərlərindən, saxtakarlığı simasına yazılan kəs - mənəviyyatdan, hüquqdan və qanunvericilikdən bixəbər - haqlardan və davranışdan bəhs edir.
       Kimdir bu danışan başlar, bu insanlar?
        Cavab mücərrəddir.
Reytinq davasıdır, epatajdır, tamaşıçı cəlb etmək istəyidir, yoxsa ürək bulandıran qaloşlu erzas-mədəniyyət, başabəla kitç nümunəsi?
Məhz belə yarıtmaz və yaramaz verilişlərin səbəbindən sosial platformalarda alternativ proqramlar populyarlaşır, tamaşaçılar mədəniyyət, cəmiyyət və hou-biznes barədə isterikasız, normal və adekvat məlumatlar almaq üçün videohostinq servislərinə üz tuturlar.
     .... Məcazlarla təhkiyələrə varsaq, televiziyamızı avarlı qayığa bənzətmək olar.
     Cəmiyyətə və insanlarımıza gərəkli, maraqlı, dəyərli proqramlar nümayiş etdirməklə irəliyişh, inkişaf üçün avar çəkənlər fasiləsiz çalışanda, yan tərəfdəki qaloşlu şoumenlər əksinə avar çəkərək qayığı geriyə aparmağa çalışırlar.
Bəziləri isə ümumiyyətlə, qayığı dəlməyə cəhd edirlər.
      Belədirsə, həmin özüyeriyən karikaturaların qayıqda nə işi var?

Elçin Alıoğlu


Tarix: 8-03-2024, 09:27 Oxunub: 614


Bölməyə aid digər xəbərlər