Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi, ardınca Bakıdan səsləndirilən bəyanatlar belə görünür lazımı dərəcədə hədəfə düşüb. Bunu məhz Ərdoğan və İlham Əliyevin Bakıdan Zəngəzur dəhlizi ilə bağlı səsləndirdikləri fikirlərin ardından Naxçıvanın intensiv atəşə tutulması, Şuşa və Laçın istiqamətində törədilən ardıcıl silahlı təxribatlar belə düşünməyə əsas yaradır.
Əslində isə törədilən təxribatları sırf Bakıdan səslənmdirilən həmin bəyanatların ayağına yazmaq da doğru deyil. Çünkü baş verən prosesləri bir qədər dərindən analiz edəndə məlum olur ki, Ermənistan tərəfi hamilərinin istəyinə uyğun olaraq bu təxribatların hazırlığını uzun zaman imiş ki, görürdülər. Sadəcə onun icra edilməsi üçün əlverişli zaman olmurdu. Zəgəzur dəhlizinin açılacağı ilə bağlı Bakı və Ankaranın eyni mövqedən kəskin və qətiyyətli mövqeyi çoxdan planlaşdırılan, bəlkə də başqa tarix üçün nəzərdə tutulan həmin təxribatların intensiv şəkildə işə düşməsinə səbəb oldu.
Ermənisitan ordusunun Laçın sərhəd-keçid məntəqəsinə qarşı hərbi qulluqçumuzun yaralanması ilə nəticələnən 15 iyun tarixindəki silahlı basqınının bir neçə səbəbi var:
1. Bununla Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesinə zərbə vurmaq niyyətindədirlər. Ermənilər bu sərhəd keçid məntəqəsindən istifadə edərək Qarabağdan çıxa və qayıda bilərlər.
2. Təxribat nəticəsində sərhəd-keçid məntəqəsinin fəaliyyətini müvəqqəti də olsa dayandıracağını öncədən də planlaşdıran Ermənistan tərəfi bunun üzərindən dünyaya "Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmağa başladı" görüntüsü yaratmaqla, belə bir vəziyyətdə Bakı ilə İrəvan arasında sülh danışıqları aparmasının qeyri-mümkün olduğunu aşılamağa çalışır.
Ümümilikdə, istər Naxçıvan istiqamətində eşidilən intensiv güllə səsləri, istərsə də Laçın, Şuşa və digər şərti sərhədlərimizə doğru açılan atəşlərin bir səbəbi var: Sülh sazişinin imzalanması məsələsini dalana dirəmək, vəziyyəti qeyri-müəyyən bir müddətə kimi gərgin saxlamaq, eləcə də Azərbaycana qarşı beynəlxalq ictimaiyyətin təzyiqini artırması üçün zəmin hazırlamaq...
Təəssüflər olsun ki, bu vəziyyət həm Rusiyanın, həm İranın, eləcə də Ermənistanın ən böyük hamilərindən biri funksiyasını bugünkü gün öz üzərinə götürən Fransanın maraqları ilə üst-üstə düşür. Hər üç tərəf Qarabağda qeyri-stabil vəziyyətin hökm sürməsində maraqlı deyil, sülh sazişinin hazırki geosiyasi reallıqlar prizmasından imzalanmasına qarşıdılar.
Rusiya Ukrayan ilə müharibə meydanında xeyli güc sərf etdiyindən Cənubi Qafqazdakı proseslərdən özündən asılı olmayan səbəblərdən uzaqlaşıb və regionda hazırda cərəyan edən proseslərə birbaşa müdaxilə imkanını itirib. Kremli bu durum ciddi narahat edir və onun iştirakı, eləcə də maraqları tam təmin edilməyən istənilən regional proseslərin inkişafı ürəyincə deyil.
İranın Zəngəzur dəhlizi ilə bağlı qorxusu isə Rusiyadan fərqli olaraq özündən qaynaqlanan bir məsələdir. Tehran rejimi bu məsələdə olduqca xoflu görünür. Molla rejimi Türk Dünyası üçün də əhəmiyyət kəsb edən belə bir dəhlizin açılmasını nədənsə özü üçün təhdid görür.
Daha konkret desək, İran dəhliz məsələsinin gündəmə gəldiyi gündən “sərhəd məsələsi”nin “qırmızı xətti” halına gəldiyini açıq-aşkar dilə gətirərək, istənilən vəchlə bu məsələyə mane olmağa çalışacağını ilk gündən gizlətmədi. Reallıq isə tamamilə fərqlidir. Yəni əslində isə dəhlizin açılması heç də İran üçün təhdid hesab edilməməlidir.
Tehranı narahat edən məsələlər:
- İlk növbədə Türkiyə-Azərbaycan əlaqələrinin quru yol üzərindən bərpası Tehranı çox narahat edir. Belə ki, rəsmi Tehran uzun illərdir Qarabağın işğalına dəstək verməklə, həm də məhz Zəngəzur üzərindən tük dövlətlərini birləşdirən yola, Bakı-Ankara xəttinə nəzarət edirdi ki, türk qolu güclənməsin. Bugünkü proseslər molla rejiminin uzun illər imkan vermədiyi prosesin birdən-birə işə düşməsi fonunda Türk Dünyasına qarşı düşmənçilik mövqeyindən başqa cür şərh edilə bilməz.
- İranı narahat edən digər məsələ isə Bakı-İrəvan-Ankara əlaqələrinin bərpa edilməsi, bununla da Tehranın regiondakı mövcudluğunun, təsir gücünün bir xeyli zəifləməsi məsələsidir. Görünür, İran rejimi hesab edir ki, əgər Ermənistan türk dövlətləri ilə əlaqələrini bərpa edərsə, o zaman bu ölkənin İrandan asılılığı azalmış olacaq və Tehranın Qafqaza təsirini heçə endirəcək. Elə buna görə də Tehran hər vəchlə çalışır ki, Ermənistanı əlində saxlasın. Bu səbəbdən sə hətta İran bu gün eyni ilə Fransa kimi təmənnasız olaraq İrəvanı silahlandırmaq, bölgədə eskalasiya riskini artırmaqda ən maraqlı tərəflərdən biridir.
O ki, qaldı Fransaya, rəsmi Paris Ermənistanı silahlandırmaqla sülh danışıqlarına mane olur. Tarixən Fransa demokratiyadan, insan haqlarından, fikir azadlığından, plüralizmdən danışsa da əməllərində sözlərinin tam əksini göstərib. Necə ki, biz hazırda bunu bütün çılapqlığı ilə görürük. Sülhdən dəm vuran, bu mövzuda danışanda ağzına çullu dovşan sığmayan manuel Makron əməldə Ermənistanı silahlandırmaq üçün hər yola əl atır. O, bu yolla Bakı ilə İrəvan arasında heç vaxt olmadığı qədər yaxınlaşan sülh danışıqları prosesinə əngəl olmağa çalışır. Hətta konkret mane törədir desək, yanılmarıq.
Lakin rəsmi Bakı da işini ehtiyyatlı tutumağı bilir. Azərbaycanın qətiyyətli addımları, dövlət başçımızın uğurlu siyasəti ölkəmizin hər ötən gün beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir, nüfuzunu daha da artırır. Prezident İlham Əliyevin sülh danışıqları prosesində irəli sürdüyü fikirləri həm rəsmi Vaşinqton formatında, həm Brüssel, həm də Moskva formatında dəstəklənir. Ona görə də Fransa yaxşı olar ki, öz daxili problemləri ilə məşğul olsun və onların həlli üçün çalışsın. Əks təqdirdə Fransa hər gün zədələməkdə olduğu imicini daha da məhv edəcək.
Atabəy Türkel
Bölməyə aid digər xəbərlər