Çin Xalq Azadlıq Ordusu (ÇXAO) mayın 23-də Tayvan boğazında və Tayvan adasının ətrafında ikigünlük irimiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə ÇXAO-nin şərq qoşunları komandanlığı açıqlama yayıb. “Birgə qılınc-2024A” kod adlı təlim Tayvan adasının ətrafında şimal, cənub və şərq sularında, habelə Kinmen, Matsu, Uçi və Donin adalarında keçirilir. Quru, hərbi hava, hərbi dəniz və raket qoşunlarının cəlb olunduğu təlimdə əsas diqqət dənizdə və havada birgə döyüş qabiliyyətinin və patrul fəaliyyətinin gücləndirilməsinə, döyüş meydanında hərtərəfli nəzarətin birgə ələ keçirilməsi və əsas hədəflərə birgə dəqiq zərbələrin endirilməsinə yönəldilib.
ÇXAO-nun açıqlamasında deyilir ki, hərbi təlim “Tayvanın müstəqilliyi” separatçı fəaliyyətlərə güclü cavab, Çinin daxili işlərinə müdaxilə etmək və təxribat törətmək istəyən xarici qüvvələrə sərt cavabdır.
Qeyd edək ki, mayın 20-də Tayvandakı separatçı qurumun yeni rəhbəri Lay Çinq-tenin andiçmə mərasimi olub. Lay Çinq-te “andiçmə mərasimi”ndə çıxışı zamanı səsləndirdiyi fikirlər, habelə bir neçə ölkədən siyasi fiqurların mərasimdə iştirakı, habelə ABŞ dövlət katibi Entoni Blinken də daxil olmaqla bəzi rəsmi şəxslərin Lay Çinq-teni təbrik etməsi rəsmi Pekinin ciddi narazılığına səbəb olub.
Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra vətəndaş müharibəsində Mao Tszedunun rəhbərlik etdiyi kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Çan Kayşinin liderliyindəki Qomindan qüvvələri Tayvan adasına köçərək Çin Respublikasının mövcudluğunun davam etdiyini bəyan edib. Ada ÇXR-in qurulmasından əvvəlki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvandakı qondarma Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir. Rəsmi Pekin Çin Xalq Respublikası ilə diplomatik münasibətləri olan ölkələrdən Tayvandakı separatçı qurumla siyasi əlaqəni kəsməyi tələb edir.
Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin ən həssas məqamıdır. Rəsmi Pekin Tayvan mövzusunu Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətt hesab edir. Çin ABŞ-dan Tayvanın “müstəqilliyini” dəstəkləməməyi və adanı silahlandırmamağı tələb edir.
Bölməyə aid digər xəbərlər