Ana dilimiz müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilmişdir, lakin bu bir müddət fəaliyyət göstərsə də dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, Ulu Öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Bütün sahələrdə olduğu kimi, dil siyasətində də Ulu Öndər qlobal məqsədləri əsas götürür və hər hansı bir məsələnin həllində onun bütün cəhətlərini, keçmişini, bu gününü, gələcəyini nəzərə alaraq, həll olunmasına qərar verirdi. Hər bir məsələni hərtərəfli götür-qoy etmək, dərindən araşdırmaq, xeyir və zərərini dəqiq müəyyənləşdirmək Heydər Əliyevin dil siyasətinin mahiyyətini təşkil edirdi. Ümummilli Liderimiz Heydər Əliyev uzaqgörənliklə qeyd edirdi ki: “İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik”.
İti ağlı, dərin zəkası, uzaqgörənliyi və xalqsevərliyi ilə hamını heyrətdə qoyan Ulu Öndərimiz Heydər Əliyev milli dövlət quruculuğunda dil siyasətini ön plana çəkdi və bununla da Ana dili – Azərbaycan dili ən yüksək inkişaf mərhələsinə çatdı. Bu haqda Ümummilli Liderımiz belə demişdir : “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
33 il bundan əvvəl ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Ümummilli Lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, bu proses başa çatdı. 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi. 2001-ci ilin 9 avqustunda Ulu Öndər Heydər Əliyev 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı. Fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılaraq ilk dəfə XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı. Qeyd olunurdu ki, Azərbaycan ərazisində İslamın yayıldığı dövrlərdən başlayaraq xalqımız min ildən artıq bir zaman ərzində ərəb əlifbasından istifadə etmiş, ölkəmizin böyük ədibləri, mütəfəkkirləri bu əlifbada yazdıqları əsərlərlə bəşər sivilizasiyasını zənginləşdirmişlər.
Ana dilimizin, dövlət dilimizin inkişafı sahəsində əvəzolunmaz xidmətlər göstərmiş ümummilli liderimiz Heydər Əliyev həm də ana dilimizi sevmək, onu bilmək və yaşatmaq, inkişaf etdirmək və təbliğ etmək məsuliyyətini də bir vəzifə kimi müəyyənləşdirərək hər bir azərbaycanlıya, gələcək nəsillərə əbədiyaşar sözlərlə səslənirdi: “Biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir.Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.
Sevda Həsənova
YAP Qazax rayon təşkilatının partiya fəalı
Bölməyə aid digər xəbərlər