Müasir tariximizin ən faciəli günlərdən olan 20 Yanvar hadisəsindən 34 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir, bu qanlı tarix barədə həqiqətlərin, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının bütün dünyaya çatdırılmasına səy göstərir.
Arxada qalan hər il faciənin baş vermə səbəblərinin daha da dərindən öyrənilməsinə və beynəlxalq ictimaiyyətə çatdırılmasına çağırışlar edir. Bu fakt inkaredilməzdir ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir.
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Statistik rəqəmlərə müraciət etsək, ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
1991-ci il 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin ilk illərdə ölkəyə səriştəsiz, şəxsi ambisiyalarının quluna çevrilən ünsürlərin rəhbərlik etməsi Azərbaycanı böyük təhlükələrlə, faciələrlə üz-üzə qoydu. Belə çətin məqamda yenə də xalqının yanında Ulu Öndər Heydər Əliyev oldu. Belə ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi tarixi nailiyətimiz kimi dəyərləndirərək onun möhkəmləndirilməsini, qorunmasını hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildirdi. Belə bir çağırışı səsləndirmişdir ki, Azərbaycanın müstəqilliyini və suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birlik tələb olunur. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində inamla addımlayan Azərbaycan son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun laqiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atdı. Son üç ildə bütün uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin sevincini və yaratdığı yeni reallıqları yaşayırıq. Bu gün Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız azad Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Ötən il rəşadərli Ordumuzun həyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu, ölkəmizin həyatında yeni dövr başladı. Müstəqilliyimiz, suverenliyimiz əbədidir, sarsılmazdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər