Hər dəfə dərs deməyə təzə sinif götürəndə, lap elə adi günlərdə də türk uşağına bayraq sevgisi aşılayıram( təhsil şöbəsində yenə şərləməsinlər deyə bunu gizli edirəm, çünki bəzilərinə görə vətənpərvərlik suçdur). Səbəbini izah edirəm. Bayrağı daim yüksəkdə tutmağı, qorumağı onlara biz müəllimlər öyrətməliyik. Düşmən çoxdur.
Şəhid atalarına bayraq verən o məmurlar bayraq nədir bilməz. Bayraq tanıyan, ürəyində bayraq sevgisi olan donuz öz qoduğunu gecəylə təcili vətəndən qaçırtmaz. O bayraq parazit, başyeyən, uğursuz məmurun kirli əllərinə haramdır.
Bu adəti dəyişmək lazımdır: bayrağı sadə vətəndaş versin. ŞƏHİD ATASI VERSİN. Məmura belə missiya lazım deyil, o, onsuz da nə baş verdiyini qanmır, onun fikri öz gözəl həyatındadır, fikri bu şəhidlərin ağzından kəsib yığdığı pulların yanındadır. Ürəyində deyir: "siz ölün, mənim günüm xoş keçsin. Siz ölün, mən sayənizdə genəlim. Daha çox uşağın haqqına girim. Mane olum. Siz türklər mənə ən böyük əngəlsiniz".
Fəqət, məmura pis xəbərim var.
TÜRK UŞAĞI BÖYÜYÜR, elə bizim öyrətdiklərimizlə, bizim istədiyimiz təfəkkürdə böyüyür, çox şükür, hər gün 6 saat onlara təlim veririk.
Onlar Vətəni görmədən doğulmuşdular. Vətənsiz. Əsir Yurdu yağıdan alıb bizə qaytardılar, özləri qayıtmadılar. Alnımızdan 30 illik xəcalət ləkəsini sildilər, üzümüzü ağ, başımızı uca, özümüzü "qalib ölkə" etdilər. Və getdilər. Hökümətə yox, Vətənə borcunu ödədilər. Hökümət borcu demirəm, Vətən borcu. Hansı ki, hər birimizin Vətənə borcu var. Məmur alçaqdır, əlbəttə, oğul övladlarımızın böyüməsi onu hədsiz narahat edir, içinə vahimə dolur, sizə zarafat gəlməsin, TÜRK UŞAĞI BÖYÜYÜR! Buna hansı məmur sakit qalar? Və o, əlindən gələn alçaqlığı edir, əlindən gələni edir ki, türkün uşağı çətinlik çəksin, ac qalsın, uşaqpulu görməsin, bəlkə, bu yolla türkün başını qatmaq olar; amma olmur.
Məmur nə şərəfsizlik edir, öz səhvidir, məmura tutan acığımızı Vətəndən çıxmayaq. Getmək istəyirlər ölkədən. Bilmirəm niyə. Mənmi geridə qalmışam, yoxsa bunlarmı irəli gedib? İllərlə maaşsız olanda heç vaxt Vətəni yaxşı maaş müqabilində barter etmək ağlımdan keçmədi. Getmərəm.
Acı eyni, mənzərə eyni, valideynlərin acısı eyni, sima eyni, daxmalar eyni... Hətta pilləkənlər də eyni;
Fəqət, türk igidinin atasının üstünə şığıyıb əlinə bayraq verən əllərin sahibləri fərqlidir: birinin kostyumu bir firmadan, digərinin ayaqqabısı, saatı.... Hələ saatlar... Necə maraqlıdır, saatların qiyməti cürbəcür olur, elə deyilmi?
Hələ məmurun sağ, möhkəm, yaxşı qidalanma ilə ağac kimi bərk olan (göz dəysin, sapasağlam, dəmir kimi canına güllə dəysin elə) cəmdəyinin materialları fərqli: biri kababı hədsiz sevir, biri başqa ləziz yeməyi. Hə, yadımdan çıxmışdı: onların macəra, qadın arzusu da fərqlidir- zövqləri cürbəcürdür. Bəs mənə deyin görüm, onların maşın zövqü necə olur? Neçəlik maşın, hansı model sevirlər? Mənim maşınlardan başım çıxmır, heç birisinin növünü bilmirəm, ona görə sizdən soruşuram.
Bu arada, məmura pis xəbərim var. Elə bilməsinlər türkün oğulları azaldı. Xeyr. Onlar türkün küllərindən doğulduğunu, bir ölüb min dirildiyini, bu xalqın genetikasındakı cəhətləri, hər gün yeni oğullar böyüdüyünü bilmir. Hələ bu harasıdır? Qız uşaqları da vətənpərvərdir, elə mənim uşağım kimi.
Aygün Sadiq, yazar
ATİA.AZ
Bölməyə aid digər xəbərlər