11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
" Yüksək dəyər " - Zaməddin Ziyadoğlu

     100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Ümummilli Lider   Heydər Əliyev dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran dahi bir şəxsiyyət idi. O, gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi sayəsində gördüyü işlərlə Azərbaycan dövlətinin və xalqının həyatında əvəzedilməz bir şəxsiyyətə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan ziyalıları ilə görüşməkdən məmnun olurdu. Özünün də dediyi kimi ziyalılarla görüşmək həmişə böyük bir bayram təsəvvürü yaradır. Bəli, bu fikirlər əsl ziyalı düşüncəsi idi. Bu Böyük İnsan ziyalılarla görüşə həddindən artıq dəyər verirdi. Çünki, Ulu Öndərin qəlbi, ürəyi həmişə xalqımızın qabaqcıl nümayəndələri olan ziyalılarla, yaradıcı insanlarla bir döyünürdü.
     1993-cü ilin 21 sentyabrında Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdəki çıxışında bildirmişdir ki, tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq: “Nizami Gəncəvinin 850 illiyi qeyd edilmişdir. Hansı səviyyədə qeyd edildiyini deyə bilmərəm. Ona görə yox ki, bu yubiley böyük bayram kimi keçirilməlidir. Bu, Azərbaycanı, onun tarixini bir daha dünyaya tanıtmaq üçün imkandır. Nizami Gəncəvinin əsərləri təkcə ədəbi cəhətdən deyil, fəlsəfi baxımdan da əvəzsizdir. Lakin 1948-ci ildən ötən 50 ilə yaxın vaxtda biz onların istənilən səviyyədə tətbiq edilib yayılmasına nail ola bilməmişik. Demək istəyirəm ki, bizim mədəniyyətimiz, elmimiz çox zəngindir. Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”
      Ümummilli Lider Heydər Əliyev ədəbiyyatı dövlətçiliyin, siyasətin, Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi dəyərləndirir, ədəbi prosesləri müntəzəm izləyirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Yazıçılar İttifaqının və Birliyinin bütün qurultaylarında iştirak etmiş, əhatəli, parlaq məzmunlu nitqləri ilə yadda qalmışdır.   Dahi Rəhbər vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkir, xalqa, vətənə sevgi ruhunda yazmağın sənətkar üçün xoşbəxtlik olmasını vurğulayırdı.  
     Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixini söz, mədəniyyət, elm xadimlərinin, yaradıcı şəxsiyyətlərin tarixi kimi dəyərləndirirdi. Təsadüfi deyil ki, onun rəhbərliyi dövründə Mirzə İbrahimov, Süleyman Rəhimov, Rəsul Rza, Süleyman Rüstəm Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülmüş,  Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Mirvarid Dilbazi, Anar, İsa Muğanna, Nəbi Xəzri, Maqsud İbrahimbəyov, Qabil, Vaqif Səmədoğlu, Fikrət Qoca, Nəriman Həsənzadə vətənin ən ali mükafatı “İstiqlal” ordeni ilə təltif  olunmuşdur.
    Ulu Öndər  tərəfindən yaradıcılığı yüksək qiymətləndirilən   Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, 1979-cu ildə Azərbaycanın ilk qadın şairəsi olaraq Xalq Şairi fəxri adına layiq görülmüş, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. Şairənin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak edərək nitq söyləmişdir. Ulu Öndər Mirvarid Dilbazi yaradıcılığına yüksək qiymət verərək demişdir: “Sizin şərəfli ömrünüz, 70 illik məhsuldar yaradıcılığınız Azərbaycan tarixinin, ədəbiyyatının ayrılmaz hissəsidir və onların parlaq səhifələridir. Siz bu əsri - XX əsri sona çatdırırsınız və 70 ildir ki, xalqımıza, millətimizə, ölkəmizə, vətənimizə sədaqətlə, öz fədakar əməyinizlə, parlaq yaradıcılığınızla xidmət edirsiniz. Sizin şerləriniz, poemalarınız, bütün əsərləriniz neçə-neçə nəsillərə güc, inam verib və bu gün də verir, gələcəkdə də verəcəkdir. Sizin əsərləriniz Azərbaycan xalqına - insanlara, gənclərə yüksək mənəviyyat hissləri aşılayır, insanları paklığa, mənəviyyata, ülvi duyğulara çağırır. Siz bütün əsərlərinizlə vətənimizə, xalqımıza sədaqətlə xidmət edərək, xalqımızın milli azadlıq yolunda öz payınızı vermisiniz. Sizin əsərləriniz insanlarımızda, xalqımızda, gənclərdə milli hisslər, duyğular, vətənpərvərlik, azadlıq hissləri, duyğuları oyadıb, dirçəldib, gücləndirib, inkişaf etdiribdir və bugünkü səviyyəyə gətirib çıxarıbdır.”
     Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası, görkəmli Azərbaycan ziyalı və incəsənət xadimlərinə  göstərdiyi diqqət və qayğı  onun layiqli davamçısı Möhtərəm  Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Zaməddin Ziyadoğlu
Partiya veteranı, şair


Tarix: 21-06-2023, 12:01 Oxunub: 206


Bölməyə aid digər xəbərlər