Yelisey sarayında Baş nazir Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən görüşdən əvvəl iki ölkə başçısı media nümayəndələri üçün açıqlamalar veriblər.
Fransa Prezidenti öz çıxışında bunları deyib:
“Mən bu gün Ermənistan Respublikasının Baş naziri cənab Nikol Paşinyanı qəbul etməkdən olduqca şadam. Son günlər biz dəfələrlə telefonla danışmışıq, çünki Ermənistan sentyabrın 13-də və 14-də silahlı toqquşmalarına görə yenidən yas saxlayır və vəziyyət həqiqətən də kritikdir.
Ermənistan-Azərbaycan sərhədində çoxlu itkilərə səbəb olan genişmiqyaslı hərbi əməliyyatlar aparılıb. Ermənistan ərazisi hədəfə alınıb, mülki infrastruktur dağıdılıb.
Bu qəbuledilməz vəziyyət qarşısında Fransa öz öhdəliklərini üzərinə götürüb.
BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransa Təhlükəsizlik Şurasının iclasını çağırdı və orada vəziyyət iki dəfə sentyabrın 14-də və 15-də müzakirə edildi.
Şura üzvləri hərbi əməliyyatların tezliklə dayandırılmasını və atəşkəs rejiminə hörmət edilməsini tələb ediblər. İşğal olunmuş mövqelərin olduğunu nəzərə alan Fransa Azərbaycan qüvvələrinin öz başlanğıc mövqelərinə qayıtmasını tələb edib. Sentyabrın 14-də Prezident Əliyevə dedim ki, sərhədin demarkasiya edilməməsi başqa ölkənin ərazisinə irəliləməyə haqq qazandıra bilməz. Bundan əlavə, mən sentyabrın 13-dən açıq şəkildə bildirdim ki, Fransa gücdən istifadənin nə Ermənistan, nə də Azərbaycan üçün həll yolu ola bilməyəcəyinə əmindir və dialoqu dərhal bərpa etmək lazımdır. Bütün həll olunmamış, çoxlu sayda məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir. Danışıqlar müxtəlif formatlarda, xüsusən də AB-nin himayəsi altında aparılır və yenidən başlamalıdır”.
Fransa prezidentinin həddini aşan bu mövqeyini necə dəyərləndirmək olar?
Ana Vətən Partiyasının funksioneri Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla fransız prezident Fransanın sülhü yox, işğalı dəstəklədiyini, obyektiv ölkə olmasını şübhə altına aldığını və beynəlxalq hüququ tapdaladığını bir daha sübut etmiş oldu:
“Ümumilikdə, Fansanın dövlət başçıları hər zaman erməniləri dəstəkləyiblər. Bu baxımdan Emmanuel Makron da istisna deyil. Erməni təşkilatlarının tədbirində iştirak edir, illik görüşlərinə qatılır. Hətta onlara söz verdi ki, Fransada “erməni genosidi”nin anım günü təyin olunacaq və hər il qeyd ediləcək. Ermənilərə bu cür dəstək göstərən dövlətin başçısından, təbii ki, başqa mövqe gözləmək absurddur. Makronun belə mövqe sərgiləməsinin başlıca səbəbi Fransada güclü olan erməni diasporu amilidir. İndi təsəvvür edin ki, belə mövqedə olan bir ölkə 30 il Minsk qrupunun həmsədrlərindən biri olub. Makronun çıxışı ilə tanış olduqda sanki hansısa Ermənistan rəsmisinin mövüeyi ilə tanış olursan. O heç bir demokratik etiket normalarını gözləmədən Azərbaycanı başqa ölkənin ərazisinə təcavüzdə günahlandırır. Deyir ki, bu barədə Prezident Əliyevlə danışıb. Tam əminəm ki, ölkə başçımız ona lazım olan bütün sözləri deyib. Makron sərhəddən danışırsa, niyə dostu Paşinyandan tələb etmir ki, sərhədin dəqiqləşməsi prosesini yubatmasın? Çünki bunları etiraf etmək ümumi erməniçilik marağına ziddir. Makronun həddini aşan bu açıqlamasına Azərbaycan rəsmi etirazını bildirməlidir. Gördüyünüz kimi, Makron ölkəsini Rusiya-Ukrayna müharibəsi fonunda düşdüyü böhrandan çıxarmaq üçün yollar axtarır. Gözlənilən böhrandan çıxmaqda Fransaya Zəngəzur dəhlizinin də, Azərbaycan qazının da bir xeyli köməyi dəyə bilər. Lakin hər şeyə rəğmən Makron Zəngəzur dəhlizinin açılmasını əngəlləmək, bloklamaq xəttini yürüdür, Azərbaycana qarşı davamlı təxribatlar törədən Ermənistanın yanında yer almağa üstünlük verir, “Qarabağ məsələsində İrəvan mənə arxalana bilər” deyə hegemonluq edir”.
Məhəmmədəli QƏRİBLİ
Bölməyə aid digər xəbərlər