Həqiqətləri qəbul etməkdə çətinlik çəkmək, öz psevdohəqiqətini yaratmaq istəyinə aparır və müəllifin sevimli qəhrəmanları həyata öz pəncərəsindən baxmaq cəhdini işə salır.
Ziddiyyətlərlə dolu qərb ədəbiyyatında müxtəlif fikir və qələm sahibləri vardır. Onlar arasında fransız ədəbiyyatı mühüm yer tutur.
18-ci əsrin sonu-19-cu əsrin əvvəllərində meydana gələn romantizm bir ədəbi cərəyan kimi Avropa və Amerikada yarandı, amma sonralar dünya ədəbiyyatının görkəmli nümayəndələrinin bir qisminin önəm verdiyi cərəyana çevrildi. Bu cərəyanın nümayəndələrinin özəlliyi ondadır ki, onlar reallığı görmək istəmir, onu dəyişdirmək iqtidarında olmadığının da fərqindədir və bu səbəbdən də dünyanı, həyatı gördüyü kimi yox, görmək istədiyi kimi təsvir edirlər. Bəli, məhz görmək istədiyi kimi! Onların ədəbi qəhrəmanları özəl olurlar: üstün xarakterli, qüsursuz, bağışlayan, heyrətamiz dərəcədə qeyri-adi davranışlara malik... Hətta bu davranışlar oxucunu heyrətə gətirir. Məsələn, Azərbaycan ədəbiyyatındakı məşhur Cəfər Cabbarlı'da belə bir detal var: Oqtayın dilənçilik edən bacısı ondan bir tikə çörək istəyir. "Acam",- deyir. Oqtay cavabında deyir ki, mən inanmıram, mən nə bilim, həqiqətən acsan, ya aldadırsan, gərək sənin qarnını yarıb içinə baxım, görüm, həqiqətən, acsan?
Həmçinin çox dəyərli, ingilis Etel Lilian Voyniçin Ovod'u da bu tərzdə yazılmış ən gözəl əsərlərdən sayılır. Əsərin əvvəlindəki iradəsiz Artur öncə Montanelli ilə söhbətində o qədər iradəsizlik və alqılama defisiti göstərir ki, adam heyrət edir("heç ailən oldumu? - bu söhbəti burax") düşünürsən ki, bunu necə asanlıqla aldatmaq olar, bu ki heç nədən şübhələnmir... Zamanla o, təkmilləşmiş, olqunlaşmış Feliçe Rivaresdir, sonda isə o, işğalçı düşmənə qarşı üsyançı, azadlıq mücahidi, səbri çatmayıb edam hökmünü icra edən nişançılara axsaya-axsaya yaxınlaşaraq silahı necə tutmağı, necə nişan almağı öyrədən qəhrəman Ovoddur(ovod- mozalan anlamına gəlir)- oxucuların sevimli Ovod'u: "İsa sənin üçün nə etdi ki, məndən çox sevirsən! Onun qollarına görə sevirsənsə, mənim qollarıma da bax... Buna da, buna da...", "Cemma, sən bu məktubu oxuyanda artıq tamaşa bitmiş olacaq "... Bu cümlələr bizim Oqtayın cümlələri ilə necə də yaxından səsləşir: "... yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Əski mühitin bu gülünc heykəlimi? Bu günahsız yavrumu? ..."
Arturu mühitdən uzaqlaşdıran xəyanət, Oqtayı isə sürgün olur. Fəqət, Oqtayı Ovoddan fərqləndirən əsas cəhət onun elə əvvəldən üsyançı olan ruhudur. İradəsiz Artur Berton isə zamanla təkmilləşir.
İngilis Şekspir daha öncəki dövrə aid olsa da, onun yaradıcılığı başdan-başa romantizm üzərində qurulub desək, yanılmarıq.
Fransız Hüqo da bu tərzi ilə böyük oxucu sevgisi qazanmışdır.
Bundan başqa, həmin fransızların digər ən məşhur realist yazıçısı olmuş Gü De Mopassan'ın ədəbi fəaliyyətində mühüm rol oynayan müəllimi Q.Flobertə və onun sevimli "Xanım Bovari" əsəri də gözəl bir romantik əsər kimi sevilir. Sözsüz ki, burda əsərin süjetini yazmağa lüzum yoxdur. Əsərdə hadisələrin gedişi boyu Emma'nın məntiqsiz və duyğusal davranışları, məmnuniyyətsizliyi onu dəfələrlə sıxıntılı duruma salır. Deməli, romantik duyğular yanıldıcıdır...
Gəldik həqiqətlərə... Çıxış yolu arayışında olmayan və ya dalana dirənmiş qəhrəmanların fiziksəl ölümünü romantizm müəllifləri yalnız mənəvi qələbə ilə təsəlli edirlər. Bütün əsər boyu qaranlıq dumana bürünmüş mühitdə çabalayan iyimsəl, təəssübkeş qəhrəmanlar çıxış yolu haqda düşünmür, elə ancaq gileylənir və ən yaxşı halda, davamçıları onların vəsiyyətinə şahidlik edir...
Aygün Sadiq, ATİA.AZ
Bölməyə aid digər xəbərlər