"Qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunacaqdır" - Polad Agakişiyev

     Hazırda müstəqil Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin sayı gündən- günə  artmaqdadır və bu, dünyanın müxtəlif qitələrini əhatə edir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri də dünya ölkələri ilə genişlənən münasibətlərin göstəricisidir.  
    Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları istər tarixi baxımdan, istərsə də indiki  dövr baxımından rəsmi Bakının Afrika ölkələri ilə yaxşı əlaqələrindən xəbər verir.Hələ SSRİ dövründə Afrika ölkələrindən tələbələr Azərbaycanın ali məktəblərində təhsil alırdılar. Onlar bu gün də ölkəmizlə əlaqələrini kəsmirlər. Dövlətimiz 30 illik müstəqillik dövründə bu əlaqələri daha da inkişaf etdirərək özünü Afrika qitəsi ölkələrinin yaxın dostu kimi tanıda bilib. Afrikayla əlaqələrimiz pandemiya dövründə qırılmadı, əksinə heç bir dövlətin edə bilməyəcəyini Azərbaycan etdi.
     Dövlət başçılarının görüşündə iki ölkə arasında gələcək əlaqələr xüsusi diqqət mərkəzində oldu. İmzalanan sənədlər isə perspektivdə müxtəlif sahələr, xüsusilə, iqtisadi sahədə əməkdaşlığın qrurulması və inkişafını özündə əks etdirir. Mətbuata bəyanat zamanı Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Eyni zamanda, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var.
     Qeyd etmək lazımdır ki, ölkələrimiz Qoşulmama Hərəkatı müstəvisində də fəal əməkdaşlıq edir. Məlumdur ki, Azərbaycan Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik edib. 121 üzvü olan Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci ən böyük təşkilatdır. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilib, beynəlxalq müstəvidə fəallığı əhəmiyyətli dərəcədə artıb. Məhz Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılıb. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyəti xeyli güclənib. Bu baxımdan, təşkilatın diqqətində olan neokolonializmə qarşı mübarizə faktı da xüsusi vurğulanmalıdır. Ötən ilin yayında Azərbaycanda keçirilmiş Qoşulmama Hərəkatının tədbiri çərçivəsində Bakı Təşəbbüs Qrupu yaradılıb. Bu, beynəlxalq platformadır və onun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və fəaliyyətinin nəticələri göz önündədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri Konqo Respublikası həmişə dəstəkləmişdir
     Dövlət başçılarının görüçündə COP29-un Azərbaycanda keçirilməsinin önəmi də vurğulanıb. Eyni zamanda, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ölkəmizin dəstəyini xüsusi vurğulayıb. Belə ki, Azərbaycanın bu ölkədə karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrinə investisiya yatırmaq potensialı alqışlanıb. “Hesab edirəm ki, tərəflər arasında imzalanmış sənədlər, xüsusilə dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” iki ölkə arasında əlasqələrin inkişafına xidmət edən hədəflərə çatmaq üçün mühüm hüquqi bazadır və əminik ki,   qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunacaqdır.

Polad Agakişiyev, 
YAP Qazax rayon təşkilatının məsləhətçisi


Tarix: 8-04-2024, 10:54 Oxunub: 149


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı