Hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı həm də, günün reallıqlarını özündə əks etdirir. Azərbaycanın yeni yaratdığı milli platformanın - Azərbaycan Milli Şəhərsalma Forumunun əhəmiyyəti, məqsəd və məramı, eyni zamanda keçirildiyi məkan da bu baxımdan diqqət mərkəzində oldu. Dövlət başçısı İlham Əliyev Ağdamda 44 ölkədən 130 nümayəndəni, ümumilikdə 400 nəfərdən çox iştirakçını bir araya gətirən milli platformadan Ermənistana və ona dəstək olan bəzi dövlətlərə mesajlarını çatdırdı. 30 illik işğal dövrünün Ağdamı ilə bugünkü Ağdamı müqayisə etməyin mümkünsüzlüyü bir daha əsaslı şəkildə iştirakçılara, onların vasitəsilə təmsil etdikləri ölkələrin ictimaiyyətinə çatdırıldı.
İşğaldan azad edilmiş ərazilərə gələn hər bir kəs Ermənistanın işğalı və təcavüzünün nəticələri ilə qarşılaşır. İkinci Qarabağ müharibəsi başa çatandan bugünədək minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə əyani şəkildə görürlər. Erməni barbarlığı və vandalizminin miqyası o qədər böyükdür ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələn insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra buraya gələn xarici ekspertlər, jurnalistlər hətta Ağdamı “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırdılar.
Gördükləri mənzərənin fonunda verilən bu adlar özündə erməni vəhşiliklərini, vandalizmini ehtiva edir. 30 ildə daşı daş üstə qoymayan ermənilər bütün bu torpaqları tamamilə dağıdıb, tarixi və dini abidələri yerlə-yeksan ediblər. Bu gün “ruhlar şəhəri” həyatının tamamilə fərqli, yeni bir mərhələsini yaşayır. Ağdamın Baş planı təqdim olunub. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bütün işlər sistemli şəkildə həyata keçirilir. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ağdam “ağıllı şəhər” layihəsi çərçivəsində ilk bərpa olunan şəhər olacaq.
Dövlət başçısı İlham Əliyev tədbir iştirakçılarına görülən işlər barədə geniş məlumat verərək bildirdi ki, işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurd - yuvalarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu ay Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək.
Dövlət başçısı İlham Əliyevin oktyabrın 4-də Ağdam rayonuna səfəri zamanı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldu. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etdilər. Dövlət başçısı və birinci xanım Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış oldu, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak etdilər.
Qeyd etdiklərimiz cənab İlham Əliyevin Ağdam rayonuna bir səfəri çərçivəsində atılan addımların xronologiyasıdır. Bir rayonun timsalında bütün işğaldan azad edilmiş ərazilərimizdə erməni vəhşiliklərinin mənzərəsini təqdim etdiyimiz kimi, hazırkı dövrdə görülən bərpa-quruculuq işlərinin miqyasının da ümumi təqdimatını edə bilərik.
Dövlət başçısı Forumdakı çıxışında bu statistikanı da açıqladı ki, təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq: “Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlayacağıq.”
Qısa zamanda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan xalqının necə qurucu xalq olduğunu nümayiş etdirir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. Artıq Böyük Qayıdış proqramı da uğurla icra edilir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər