“NOVRUZ BAYRAMI” , “NÖVBƏTİ RUZİ İLİ” və YER ÜZÜNDƏ YARANAN ƏKİNÇİLİK MƏDƏNİYYƏTİ... - AZƏR KAZIMOV

  B.E.-dan 10-12 min il əvvəl üçüncü buzlaşma dövrü başa çatmış və “materiarxat“ dövr başlanmışdır. İnsanlar yeni həyat şəraiti qurmağa və ərazidə əkinçilik mədəniyyətinin yaranmasına münasibət göstərirlər. Ovçuluq və yığıcılıqla məşğul olan insanlar məsgunlaşdıqları ərazilərdə olan ot və kol bitkilərinin yetişməsini müşahidə edir, onların toxumla çoxalmasına nəzarət edirdilər. Nəticədə insan üçün əlverişli qida vasitəsi, uzun müddət saxlanma qabiliyyətinə malik olan yazlıq buğdanın əkin, səpin, becərmə və yetişməsini müşahidə edən insanlar bitki üçün əkin -səpin sxemini qurmağa çalışırlar. Uzun müddət davam edən təcrübələr bitkinin 120 günlük becərilməsini və əkin, səpin sxeminin qurulmasını təmin edirlər. Minilliklərin təcrübəsi bitkinin becərilməsinə, məhsulun yığılaraq uzun müddət saxlanılmasına və ərzaq məhsulu kimi istifadə olunmasına gətirib çıxarır. İnsanlar sahələri şumladıqdan sonra “Kiçik çillənin” sonunda (fevral ayının 01-20 tarixində) səpin işlərini başa çatdırırlar. “Boz” ayın (20 fevral – 20 mart ayı tarixində) əvvəlində bitkinin toxumlarının şişməsi üçün “Boz” ayın birinci həftəsinin, birinci çərşənbə axşamı günü “Su cərşənbəsi”- ni qeyd edir və yaradandan (tanrıdan) su istəyirlər. Səpilmiş toxumun şişməsi üçün suyun ( nəmliyin ) vacib olduğunu müşahidə edən insanlar, həftə ərzində toxumun şişməsini izləyirlər. XX-ci əsrdə elm toxumun cücərməsi üçün vacib olan amillərin  “nəmlik”,  “temperatur”  və “hava” olduğunu müəyyən etmişdir.  “Boz“ ayın İkinci həftəsinin, ikinci çərşənbə axşamı günü şişmiş toxumun cücərəcəyini görən insanlar “Od çərşənbəsi“-ni ( temperatur) qeyd edir və günəşə “od“  deyən insanlar yaradandan istilik istəyirlər. Toxumun cücərməsi tam başa çatmamışdır. 
 “Boz“ ayın üçüncü həftəsinin, üçüncü çərşənbə axşamı günü insanlar “Yel çərşənbəsi”- ni qeyd edir və yaradandan Yel (Hava) istəyirlər. Bitkinin cücərməsini maraqla izləyən insanlar toxumun cücərməsini yaxından müşahidə etməyə başlayırlar, cücərmiş toxumların ətrafına əl gəzdirən zaman dərinə düşmüş toxumların çətin cücərdiyini görürlər. Elm inkişaf etdikcə  XX-ci əsrdə sübut olundu ki, taxıl səpən aqreqat toxumu 3-5 sm dərinliyə səpməlidi, torpağın üst qatına düşən toxumlar tez cücərir və dərinə düşən toxumlar isə gec cücərir. Qədim insanlar bu halı görür və “tanrıdan” yel (hava) istəyirlər ki, dərinə düşmüş toxumlar hava alaraq cücərsin. “Boz“ ayın dördüncü həftəsinin, dördüncü çərşənbə axşamı günü sahələrin cücərdiyini görən insanlar, torpaq çərşənbəsini qeyd edirlər. Torpağa minnətdarlıq ifadəsi kimi qeyd olunan bu şənliklər, torpağa olan inamın, onun bərəkətinin və onlara nəsib olan ruzi - qismətin varlığı üçün yaradana (tanrıya) dualar edirlər. Qarşıdan “Növbəti ruzi ili"  gəlir, insanlar bu məqsədlə şənlənir və bayrama hazırlaşırlar.  Novruz  bayramı xüsusi təbiət hadisələri ilə qeyd olunur, belə ki, gecə ilə gündüz bərabərləşir, günəş yerin cənub yarım kürəsindən ekvator xəttini keçərək şimal yarım kürəsinə keçir,  Yaz fəsli öz gözəlliyini göstərir, tarixdə yer üzünün ən dəqiq təqvimi ilə yeni il gəlir və insanlar üçün daha vacib olan yazlıq buğdanın yetişməsinə 90 gün qalır. Çünki iyun ayının 20-də  yay  fəsli gəlir və taxıl  biçini başlayır. “Növbəti ruzi ili"nin gəlişi insanlar üçün ərzaq və qida mənbəyi hesab olunur, ona görə ki, qida mənbəyi olan ot bitkiləri cücərir, kol bitkiləri yetişməyə başlayır, yarım kol bitkiləri, tumlu, çəyirdəkli  və qəyirzəkli bitkilərin yetişməsini gözləyən insanlar yeni əhvali ruhiyyə ilə yaşayırlar. 




  Kazımov Azər Oktay oğlu, 
  Alim aqronom


Tarix: 15-03-2022, 00:59 Oxunub: 483


Bölməyə aid digər xəbərlər