“Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubunu diqqətlə oxusanız, görərsiniz ki, ABŞ ilə dostluq və başqa səviyyədə olan bütün əlaqələrin qurulması həm Azərbaycanın, həm də ABŞ-nin milli maraqları çərçivəsindədir. Dünya çox sürətlə dəyişir. Amerika da dəyişir. Amerikada baş vermiş hadisələr Demokratlar Partiyasının pik həddinə çatdırılmış ikili standartlarının beynəlxalq münasibətlərə tətbiq olunmasının nəticəsidir ki, belə bir uğursuzluğa gətirib çıxarıb. ABŞ-nin seçkilərdə uduzmuş hakimiyyətindən hələ bu dərəcədə yalan, böhtan, ikiüzlülük görməmişdik. Bu gün Amerika üçün ən əsas məsələ yalanlarından, böhtanlarından əl çəkməsidir. Bu onların özləri üçün lazımdır. Tramp da bəyanatlarında ən əsas bu yalanlardan əl çəkməlidir. Dəfələrlə müxtəlif media mənsublarını, media qurumlarını “feyk nyus” adlandırıb. Bu da təsadüfi deyil. Çox təəssüf ki, müxtəlif qruplar, insanlar media vasitəsilə onu alətə çevirərək həm Amerikanın içində, həm dünyada gedən prosesləri, o cümlədən Azərbaycanla bağlı məsələləri yalan tərzində təqdim ediblər”.
Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri Donald Trampın Prezident seçilməsinin Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə necə təsir edəcəyi barədə suala isə belə cavab verib: “Əminəm ki, bundan sonra hadisələr normal şəkildə cərəyan etsə, Amerika-Azərbaycan münasibətləri yüksək dərəcədə təşkil oluna bilər. Sülh prosesi iki ölkə arasında gedən prosesdir. Kənar qüvvələr nə qədər az müdaxilə etsələr, proses bir o qədər normal şəkildə gedə bilər. ABŞ-nin bu saat ən əsas məsələsi "N" qədər olan öz daxili problemlərinin həllidir. Məhz bu gün ABŞ-nin milli maraqları Amerikanın öz problemini həll etməkdir. Başqa regionlara süni şəkildə müdaxilələrin nəticəsini gördük. Bu yaxınlarda müraciət edən konqresmenlərin bir qismi seçilmədi. Çünki onların yalan, böhtan siyasətləri yalnız Azərbaycana yox, dünyanın başqa yerlərinə də müdaxilə etməkdən ibarət idi. Nəhayət, buna görə Amerika xalqı onlara da “yox” dedi. İstənilən halda ən əsas məsələ budur ki, sülh prosesinə maneə olmasınlar”.
Aytəkin Qardaşova
Pravda.az
Bölməyə aid digər xəbərlər