Bu gün Milli Teatr Günüdür



Bu gün Azərbaycan teatrı yaranmasının 149-ci ildönümünü qeyd edir.
 
Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib və qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (“Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları (“Kos-Kosa”), dini səciyyəli tamaşalar (“Şəbih”) və s. geniş yayılmışdı.
 
Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən, burada ona üç hissəli bir tamaşa göstəriblər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu "Şərqin operası" adlandırmışdı.
 
XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması ümumtürk mədəniyyət tarixində çox böyük hadisə oldu.
 
  1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti - vəziri - xani Lənkəran” komediyası tamaşaya qoyuldu. 
 
  “Sərgüzəşti - vəziri - xani Lənkəran” tamaşası ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.
 
Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olub.
 
   Azərbaycan milli teatrının inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. 
 
    Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində bir canlanma yaratdı. Cümhuriyyət hökümətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili olub. Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi.
 
 Azərbaycan Dövlət Teatrının pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun “Nadir şah” faciəsinin tamaşası ilə açılıb. Sovet hakimiyyəti illərində də Azərbaycanda teatr sənəti inkişafından qalmayıb.
 
  Məhz martın 10-nu Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.
 
Şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
 
2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
 
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.
 
Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.
 
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
 
Həmçinin Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılır.
 
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.
 
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.
 
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.
 


Tarix: 10-03-2022, 12:38 Oxunub: 339


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı