12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
100 milyonları mənimsəyib həbsə düşən icra başçıları



Onların əksəriyyətinin işi hazırda Gəncə, Şəki, Lənkəran ağır cinayətlər məhkəmələrində araşdırılır.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlağın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edilib. Ardından Kürdəmir, Cəlilabad rayonlarının da başçıları həbs olunub.

Sabiq icra başçılarının işi üzrə istintaq araşdırmaları Dövlət Təhlükəsizliyi Xidmətinın İstintaq Baş İdarəsində aparılıb. Onların əksəriyyətinin işi hazırda Gəncə, Şəki, Lənkəran ağır cinayətlər məhkəmələrində araşdırılır.

Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi Lənkəran Ağır Cinayətlər Məhkəməsində başlasa da, sonradan prosesin Bakıda, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdirilməsi qərara alınıb. Bununla belə, prosesə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyev sədrlik edəcək. Xatırladaq ki, yanvarın əvvəlində Namiq Zeynalovun cinayət işi üzrə hazırlıq iclası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilmişdi.

Qeyd edək ki, Namiq Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Namiq Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında daha bir icra başçısının cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə mühakimə olunur. Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib. O, 2020-ci il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Xatırladaq ki, M.Quliyev ötən ilin sentyabrında koronavirusa yoluxmuşdu. Bu səbəbdən onun məhkəmə prosesi bir müddət təxirə salınmışdı.

16 il icra başçısı olmuş, 2020-ci ilin mayında həbs olunarkən İmişli rayonunda bu vəzifədə çalışan Vilyam Hacıyevin cinayət işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Sabiq icra başçısının mühakiməsi Azər Paşayevin sədrliyi ilə, İradə Həsənzadə və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyasına həvalə olunub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulan və 1 il 3 aydır ki, bu qurumun istintaq təcridxanasında saxlanılan Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311 (rüşvət alma) və başqa maddələrlə ittiham olunur. Ona ittiham verilən maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 64 yaşlı Vilyam Hacıyev milyonlarla manat büdcə vəsaitinin yeyintisində ittiham olunur. İttihama görə, o, xəstəxanaya, Mədəniyyət İdarəsinə, sosial sahəyə ayrılan vəsaitləri mənimsəyib.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, daha sonra 2006-2012-ci illərdə Samuxun, ardınca 2020-ci il mayın 5-də kabinetində DTX əməkdaşları tərəfindən saxlanılana qədər İmişlinin icra başçısı vəzifəsində çalışıb. Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valyutada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı. Vilyam Hacıyevin özünün və ya yaxınlarının bu görüntülərə münasibəti, ona qarşı irəli sürülmüş ittihamları qəbul edib-etmədiyi məlum deyil. Eyni zamanda sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanuna zidd qərarlar verilməsinə əsaslı şübhələr müəyyən edilib. İşsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin V. Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib. İttihama görə, V.Hacıyev rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini müntəzəm nağdlaşdıraraq mənimsəyib. Bundan başqa, sabiq icra başçısının tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib. İttiham aktında qeyd olunub ki, Vilyam Hacıyev İmişli Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunan şəxsdən təyinat müqabilində 70 min manat, Rayon Olimpiya İdman Kompleksinə rəhbər təyin olunan şəxsdən isə 10 min manat pulu rüşvət qismində alıb. Həmçinin ittiham aktında qeyd olunub ki, sabiq icra başçısı tərəfindən kənd icra nümayəndələrindən və bələdiyyə sədrlərindən himayədarlıq məqsədilə rüşvət alınıb. Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib. Bununla bağlı ona əlavə olaraq Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ötən gün Ali Məhkəmədə Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Heydərov Bilal Güloğlan oğlu barəsində qərar elan edib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kasasiya şikayəti dəyişdirilib. Belə ki, məhkumun əməli Cinayət Məcəlləsinin (CM) 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsindən həmin Məcəllənin 178.1-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsinə tövsif olunub. Qərarda qeyd edilib ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən B.Heydərovun CM-in 178.1-ci maddəsi ilə cəza təyin edilməyib. İttihama görə, B.Heydərov Lerik RİH-in başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işlədiyi zaman öz qulluq mövqeyindən istifadə edib. Belə ki, o, 2013-cü ilin yayında rayonun Akuşapeştə kənd sakini Ağayev Mirverdi Rəzzaq oğlunu aldadıb etibarından sui-istifadə edərək gəlini üçün ünvanlı sosial yardım təyin etdirə biləcəyi vədini verib. Daha sonra B.Heydərov verdiyi vədə əməl etməyib və zərərçəkmişə qarşı 1 925 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib. Lerik Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 min manat məbləğində cərimələnib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra B.Heydərov kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdi.

Qeyd edək ki, baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında ötən il prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 206 milyon 257 min manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunduğunu açıqlayıb. O deyib ki, 2021-ci ildə prokurorluq orqanları tərəfindən 1 301 şəxs barəsində 970 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. Baş prokuror həbsə alınan, barəsində məhkəmə hökmü çıxarılan icra başçılarının nə qədər ziyan ödədiklərini açıqlamayıb. Hesablamalara görə bu günə qədər həbsə alınan icra başçılarının vurduqları ziyan və aldıqları rüşvət üst-üstə milyardlarla manatı aşır.

Yeni Müsavat 


Tarix: 9-02-2022, 08:38 Oxunub: 454


Bölməyə aid digər xəbərlər