13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
DÜNƏN MAT OLAN ŞUŞAM BU GÜN ŞAHDIR.. - Məhərrəm Şəmkirli

Təkcə Şuşalıların yox, təkcə Azərbaycanda yaşayanların yox, həm də bütün dünyada yaşayan
azərbaycanlıların may ayının 8- i yadındadır. Bu günü hər il üzüqara günümüz kimi göz yaşıyla yola salırdıq. Gözəllər gözəli Şuşa 28 il belə anılırdı, belə yola salınırdı. Təbiətin dilbər güşəsi, elimizin-obamızın qeyrət qalası olan Şuşa - Azərbaycanın qızıl tacı. Tacımızı başımızdan nankorlar, çörəyi dizinin üstündə olanlar götürmüşdülər, tacsız qalmışdıq.
Yüz dəfə, min dəfə səndən üzr istəyirdik ki, bizi- övladlarını bağışla, bağışla ki, səni- qeyrət qalamızı, baş tacımızı xəyanətdən, satqınlıqdan qoruya bilmədik. Çıxmış, ovcumuza tökülmüş gözümüzü qırpmadan əlimizdən verdik. Verdik bizimki deyilmiş kimi, verdik istədiyimizi əldə etmək üçün.
Bu rüsvayçılıq belimizi əysə də, üzümüzü qaradan- qara eləsə də 28 il idi ki, sınmış çiynimizdə daşıyırdıq bu üzqaralığımızı. Torpaq, vətən yolunda şəhid olmaq istəyənlər üçün ən ağır, ən çəkilməz yük idi bu yük, İlahi.
Mənim 28 il əsirlikdə qalan Şuşam...  Vaxt vardı sənin yaxın, uzaq ölkələrə səs salan nər ürəkli, şir biləkli qeyrətli müdafiəçilərin var idi. Bizdə belə bir inam formalaşmışdı ki, quş quşluğu ilə sənə daxil ola bilməz. Qanad salar, çox təəssüflər olsun ki, xainlər, siyasi ailəmdə parlamaq, ad- san qazanmaq, var- dövlət toplamaq iddiasında olan məlunlar fitnə- fəsad yolu ilə mərdləri, qeyrətliləri, vətənpərvərləri pərən-pərən elədilər və dedilər Şuşa qalası heç vaxt, heç zaman düşmənə məğlub olmayacaq. Çünki onu biz qoruyuruq. Sadəlövh olan bizlər bu boşboğazlığa, yalana uyduq, qalanın yeganə qapısı müdafiəsiz qaldı.  Bəli, düz 28 il, 6 ay əlin- qolun bağlı erməni əsirliyində qaldın, 28 il 6 ay övladlarından ayrı oldun, 28 il 6 ay ürəkləri ehtizaza gətirən musiqin pərdə- pərdə dağlara, oradan da düzlərə yayılmadı. 28 il 6 ay yalançı, haqsız, həqiqəti görməyib kor olan dünyanın arxa, dayaq durduğu murdar erməninin əlində əsir- yesir qaldın. 28 il 6 ay gözlərin yollarda, əsl insan səsi eşitməyən qulağın səsdə, özün dəmir qəfəsdə oldun.
Atalar deyib ki, yaman günün (ilin) ömrü az olar. Qanla, ölümlə qurulan, ucaldılan xaniman çox durmaz, dağılar, qan içində boğular. Sən bir az da dözdün, düşmənin mənəm- mənəmliyinin uzun sürməyəcəyini bilirdin. Bilirdin ki, qeyrətli oğulların günlərin bir günü ayağa qalxacaq, ermənilərin burunlarını ovub onlara indiyə kimi verilməyən dərsi verəcəklər. Bu ümidlə yaşadın, ümidini heç kəsmədin. Mənim gözəl ŞUŞAM! İllərlə gözlədiyin ümidin doğruldu. Müzəffər Azərbaycan ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə səni erməni əsrliyindən qanı, canı bahasına işğaldan azad elədi. Bu gün sən azadsan, əziz Şuşa. Şanlı ordumuz səni erməni murdarlığından bir dəfəlik qurtardı. Təmizliyin mübarək! Yaşasın qəhraman Azərbaycan Ordusu və onun Ali Baş Komandanı cənab  İlham Əliyev!!!


Məhərrəm Şəmkirli,
AYB- nin və AJB- nin üzvü


Tarix: 8-05-2021, 20:24 Oxunub: 300


Bölməyə aid digər xəbərlər