MƏHƏRRƏM ŞƏMKİRLİ - "DİLİMİZİ QORUYAQ"

Respublikamızın və eləcə də Bakımızın iş adamları yeni açdıqları müəssisələrə, iaşə obyektlərinə, ticarət mərkəzlərinə, şadlıq evlərinə qohum- əqrabalarının, ailə üzvülərinin, dost- tanışlarının adlarını verirlər. Bu daha çox zərif cinsin adlarında özünü göstərir.
 Son vaxtlar fikir vermişəm Bakıda xarici şəhərlərin, əcnəbi adamların adları ilə adlandırılan saysız- hesabsız iaşə ocaqları, mağazaları, şadlıq evləri artmaqdadır.
 İş adamı var arvadının, qızının, oğlunun, baldızının, baldızı qızının, qayınanasının və s. adlarına kafelər, super marketlər, restoranlar açır. Sonra yeni açdığı obyektlərə ad tapa bilmir, ya da özündən hoqqa çıxarıb Napalion, Herakl, Texas, Konvoy, Bombey və s. kimi adlar qoyur. Bu adları görən hər kəs elə bilir ki, Amerikanın, Fransanın hansısa şəhərindədir. Bu obyektlərin sahiblərindən soruşan yoxdur ki, ay balam, bu nə əcaib-qəraib adlardı? Sən bilirsənmi ki, heç bir ingilis, fransız Londonda, Parisdə açdığı yeni restoranına, ticarət mərkəzinə heç vaxt Bakının, Gəncənin, Şəkinin və yaxud da Məmmədin, Əlinin adını verməz. Bəs onda sənə nə düşüb ki, onların adını Azərbaycanda əbədiləşdirirsən?
 Əgər ad tapmırsansa, onda dağda, bağda bitən o qədər gülün, çiçəyin var. Onların adını ver. Qulağıma səsin gəldi ki, deyirsən onlar yaxşı səslənmir. Eləsə vaxtıyla arxa çevrib arxasından qaçıb kiçiltdiyin dağının, daşının adını ver. Bunlar da yaxşı deyil hə? Demək sən qərbyönlüsən. Bəlkə də bir hoqqabazsan, nə elədiyini heç özün də bilmirsən.  Eləsə bəs onda indiyə kimi adını, soyunu niyə dəyişməmisən? Axı Azərbayçılıq sənə üzqaralığı gətirir, ay qınından çıxıb,qınını bəyənməyən tısbağa...
Sovet dönəmində 70 il ruslaşmaya getdik, dilimizi, soyumuzu itirdik. Yəqin ki, indi də ingilisləşməyə doğru gedirik. Görəsən türkləşməyə nə vaxt gedəcəyik?!  
 Mərhum Prezidentimiz Heydər Əliyev qürurla və çox ucadan bəyan etmişdi ki, mən azərbaycanlıyam. Və Azərbaycan konstitusiyasının 21- ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Dilimizin qorunmasıyla bağlı 2001- ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyev sərancam imzaladı. Sərəncama görə avqust ayının biri Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olundu. Ana dilimizi sevmək və qorumaq əsas məsələ kimi qarşıya qoyuldu. Çox təəssüf ki, aradan uzun bir zaman keçməsinə baxmayaraq hələ də ana dilimizlə bağlı əngəllər  aradan qaldırılmayıb. Əngəllərin aradan qaldırılması üçün hər bir vətəndaç bacardığı qədər onu yad təsirlərdən qorumalıdır.
 Son illər Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev də Azərbaycan dilinin saflığının qorunması haqqında bir neçə sərancam verib. Amma nə faydası, yenə də bilənlər bildiklərini edirlər. Mənə elə gəlir ki, bunun üçün yeni bir qurum -  “Dilin qorunmasına nəzarət təşkilatı” yaradılmalıdır.   Və ciddi iş   aparmalıdır. Yanılmıramsa, bir monitorinq qurupu da vardı, ara-sıra  Bakıda  yoxlamaiar keçirirdi,  nöqsanları  göstərirdi.  Ancaq aşkar edilən nöqsanlar yerində həll olunmurdu.  Deyilirdi və eləcə də yerində qalırdı.
 Bu gün dünənki gündən heç nəyi ilə fərqlənmir. Yenə vətəndaşların gileyi, yuxarıların laqeydliyi davam etməkdədir. Necə deyərlər,  müğənni özü öxuyub, özü də dinləyir. Bu ilin fevral ayında 30 nəfəri professor olmaqla   min nəfərdən çox ziyalı Prezident Administrasiyasının hümanitar siyasət məsələləri şöbəsinin müdiri  Fərəh xanım Əliyevaya müraciət edərək  Bakını  yabançı  dillərin cəngindən qurtarılmasında yardım etmək üçün müraciət etmişdilər. Bu müraciət ilk olaraq Bakı Şəhər  İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Reklam Agentliyinə edilmişdir. Amma çox təəssüf ki, bu qurumlar müraciətə dırnaq arası baxmış, heç bir tədbir görməmişlər. Yazıq ziyallılar yenidən Fərəh xanım Əliyevaya müraciət etmiş və onunla görüşmək istədiklərini bildirmişlər.
 Hələ keçən il belə bir müraciət Azərbaycan Yazıçılar birliynin sədri,  Dil Komissiyasının sədr müavini Anar Rzayevə,  Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya,  İcra Hakimiyyətinin başçısı  Eldar Əzimova,  yüzdən çox millət vəkilinə göndərilmişdir. Bunun nəticəsi olaraq  Bakı Şəhər İcra Hakimiyyətində  müraciətçilərlə görüş geçirilmiş və qərar qəbul olunmuşdur. Lakin qərar elə  qərar olaraq  kağız üzərində qalıb.  Bakının təkcə bir küçəsində - M. Ə. Rəsulzadə küçəsində  42 ticarət sahəsindən 40- da  (Allah, daş yağdır) Azərbaycan dilindən istifadə olunmayıb.  Çox qəribədir ki, monitorinq keçirənlər nöqsanı aradan qaldırmaq əvəzinə, nöqsanın qanunu olduğunu bildiriblər. Bax budur bizim qanunları  ali tutmağımız, dilimizə hörmətimiz!!!
 Bakını əcnəbi dilərin “işğalından” azad etmək üçün ziyalılar təkrar olaraq Prezident Administrasiyasına (görəsən dilçi akademiklərimiz bu sözün azərbaycan dilində qarşılığını nə vaxt tapacaqlar?) yenidən müraciət ediblər.  Kaş ki, bu dəfə onların “sos” siqinalını eşidəydilər. 
  Azərbaycan dili şirin olduğu kimi, həm də nəğməli dildi. Bunu mən demirəm ha. Bəndam, nankor qonşumuz olan, əzəli və əbədi düşmənimiz ermənilərin yazıçıları, alimləri deyiblər, özü də İndi yox,  sovet dönəmində və ondan xeyli qabaqlar.
 Gəlin, dodağımızın nəğməsini, ağzımızın şirinliyini itirməyək. Azərbaycanda iş adamlarının əcnəbi adlardan istifadəsinə son qoyulsun, daha dəqiqi obyektlərə yad adların qoyulması qanunla qadağan olunsun. Və qanunun yerinə yetirilməsinə ciddi nəzarət olunsun. Yoxsa, bir neçə ildən sonra Bakıya ayağı dəyən əyalətli Bakının Azərbaycanın paytaxtı olduğuna inanmayacaq.   

 Məhərrəm Şəmkirli,
 AYB- nin və AJB-nin üzvü.
                                                                  .                                                             


Tarix: 21-04-2021, 20:27 Oxunub: 659


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?