Qarabağ muharibəsi şəhidinin həyat yoldaşı müqəddəs Ramazan ayında imkanlı şəxslərdən köməklik istəyir-FOTOLAR



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı hesab olunan müqəddəs Ramazan ayında yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsizlərə və s. imkan daxilində köməklik göstərmək, o böyük Allahın nəzərində bəyənilən əməllərdəndir.

“Vətən müqəddəsdir, vətən əzizdir” deyib onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan, yaxın tariximizdə bənzəri olmayan qəhrəmanlıqlar göstərib canından keçən, hər kəsi heyran edəcək xariqələr yaradan vətən övladlarının adları heç zaman unudulmur, heç zaman yaddaşlardan çıxarılmır. Bəli, taleyinə çoxları kimi xalqına bağlılıq duyğusu və sevgi hissi ilə yanaşmaq, doğma Vətənini sevmək istəyi yazılmış Ağsu rayon sakini, 1-ci Qarabağ müharibəsi şəhidi Xəlilov Mirfəti Məmməd oğlunun ömür yolları haqda söhbət düşərkən, o zaman bəlli olur ki, adı çəkilən bu Qəhrəmanımız da, məhz canını, qanını torpaqlarımızın bütövlüyü uğrunda qurban verən vətən oğullarından biri olur. Qeyd edək ki, bu gün Qəhrəmanımızın həyat yoldaşı, 2-ci qrup əlil Xəlilova Qəribə Kazım qızı, 10 yaşında olan qız nəvəsi Fatimə Abdullayevanın ağrılı-acılı vəziyyəti ilə üz-üzə qaldığından o, açıq-aşkar şəkildə fəryad edir, dərdini hər kəsə çatdırmağa çalışır. Amma, nə fayda! Qəribə Xəlilova nəvəsinin ayağa qalxması üçün, bugünə kimi əksər dövlət qurumlarına davamlı müraciətlərini ünvanlasa da, sanki onun hər müraciəti “daşa dəyir”. Hansısa dövlət qurumundan dəstək göstərilmir, yaxud da yardım ediləcəyi vədi verilmir.

Unutmayaq ki, Qəribə Xəlilovanın həyat yoldaşı şəhid Mirfəti Xəlilov, 1-ci Qarabağ müharibəsi zamanı baş leytenant hərbi rütbəsini daşıyır və o, Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə botalyon komandiri vəzifəsində çalışır. Mirfəti Xəlilov adı çəkilən bu rayonun bir neçə kəndi uğrunda həyata keçirilən amansız döyüş əmliyyatlarında yaxından iştirak etsə də o, 12 aprel 1994-cü ildə Ağdamın Xındırıstan kəndində işğalçı erməni silahlı qüvvələrinə qarşı keçirilən döyüşlər zamanı ağır yaralanır və 14 aprel günü dünyasını dəyişir. Qəhrəmanımız torpaqlarımızın bütövlüyünün təmin olunması yolunda şəhid olsa da, onun həyatda bir oğul və bir qız övladı yadigar qalır. Şəhid Mirfəti Xəlilovun qız nəvəsi Fatimə Abdullayeva, bu gün 10 yaş həddindədir və o, 5 yaşında olarkən yeriyə bilmir. İllər keçdikcə isə, vəziyyəti daha da ağırlaşır. Buna ilik çatışmazlığının əmələ gəlməsi səbəb olur. Artıq ağır durumda olan Fatimənin dərdinə hələlik əlac olunmadığından, onun nənəsi Qəribə Xəlilova 10 yaşlı nəvəsinin dərdinə acıyır, amansızcasına fəryad edir və imkanlı şəxslərə üz tutub, bu müqəddəs Ramazan ayında hər kəsdən köməklik istəyir.

Fatimə Abdullayevanın valideyinləri acınacaqlı şəraitdə yaşasalar da, onlar xeyli müddət bundan öncə xəstə övladlarını Bakı şəhərindəki Talassemiya Mərkəzində (Milli Hematologiya və Transfuziologiya Mərkəzi), daha sonra Moskva şəhərindəki səhiyyə müəssisəsində müalicə etdirirlər. Bütün bunlara baxmayaraq, son anda aparılan müalicə işlərinin heç bir nəticəsi olmur. Bu gün həkimlər “Əgər yaxın bir ay ərzində Fatimə Abdullayevaya ilik köçürülməsi həyata keçirilməzsə, o halda onun vəziyyəti daha da ağır olacaq” deyirlər. Həkimlər belə bir xəstəliyin müalicəsinin Türkiyə Respublikasının Antalya şəhərindəki “Medika Hospital”da mümkün olacağını bildirirlər. Belə bir xəstəliklə bağlı müalicə işlərinin həyata keçirilməsi üçün 83 min dollar pulun olması, hətta digər xərclər üçün əlavə pul vəsaitinin tələb olunması bildirilsə də, bu gün ailə üzvlərinin, yaxın qohum-əqrabanın və s-nin, məhz belə bir məbləğ vəsaiti əldə etməyə imkanları yoxdur. Fakt ondan ibarətdir ki, hal-hazırda Fatimə Abdullayevayanın valideyinləri heç bir sahədə əmək fəaliyyəti ilə məşğul olmurlar. Belə bir səbəbdən də, onların dolanışıq vəziyyətləri də olduqca ağır durumdadır. Ona görə də, şəhid Mirfəti Xəlilovun həyat yoldaşı, 2-ci qrup əlil Qəribə Xəlilova, qız nəvəsi Fatimə Abdullayevaya ilik köçürülməsinə köməklik göstərilməsi məqsədilə, bütün imkanlı şəxslərə üz tutur və hər kəsdən bu gözəl günlərdə, on bir ayın sultanı müqəddəs Ramazan ayında köməklik istəyir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı hesab olunan müqəddəs Ramazan ayında yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsizlərə və s. imkan daxilində köməklik göstərmək, o böyük Allahın nəzərində bəyənilən əməllərdəndir. Bəli, Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab olunur. Çünki, bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Ona görə də düşünürük ki, bütün imanlı insanlar şəhid Mirfəti Xəlilovun həyat yoldaşı, 2-ci qrup əlil Qəribə Xəlilovanın qız nəvəsi Fatimə Abdullayevayanın taleyinə biganə qalmayacaqlar.
 


araz.az 



Tarix: 28-04-2022, 14:14 Oxunub: 241


Bölməyə aid digər xəbərlər
21-07-2021, 15:07 Qurban eşq bayramıdır!