YADDAŞLARDA YAŞAYANLAR - MƏŞƏDİ İBRAHİM AĞA...

                                         MƏŞƏDİ İBRAHİM AĞA KİMDİR?

Məşədi İbrahim ağa  (rəsmi ağa statusu olmasa da varına, puluna, mülkünün çox olmasına və hörmətli bir kişinin - Hacı İsmayılın oğlu olduğuna görə ağa deyirmişlər) 1872-ci  ildə Qazağın Kosalar kəndində anadan olmuşdur. 1917-ci ildə Qori Müəllimlər Seminariyasının Qazaxda yerləşməsi üçün 17 otaqlı imarətini təmənnasız olaraq vermişdir. Elə həmin vaxtdan da Firudin bəy Köçərli ilə dostluğu başlamışdır. Məşədi İbrahim ömrünün sonuna qədər kimsəsizlərə əl tutmuş və digər xeyriyyə işləri ilə məşğul olmuşdur. Amma çox təəssüflər olsun ki, bu günə qədər onun adı ilə bağlı heç bir iş görülməmiş, anılmamışdır. Hətta onun qəbri belə dağılmış vəziyyətdə Kosalar qəbiristanlığında qalmaqdadır.
Qeyd edim ki, Məşədi İbrahimin Kosalı kəndi ilə heç bir ilişkisi, əlaqəsi olmayıb. Sadəcə olaraq o vaxtlar Firudin bəy Köçərli Məşədi İbrahimi yazılarında Kosalı kimi qeyd edib. Həmin mexaniki səhf də bu günə qədər qalmaqdadır. Qazağımızı, ölkəmizi bir xeyriyyəçi kimi yaddaşlarda yaşadan, öz halal mülkünü Müəllimlər Seminariyasına verməklə yüzlərlə ziyalılar, dahi şəxsiyyətlər yetişdirən Məşədi İbrahim ağa hələ də öz layiqli adını almayıb.
Allah ona rəhmət eləsin. Xeyriyyəçi, böyük insanIN məkanı cənnət olsun.

Qazax mahalının, elin-obanın ürəyində, dilində dastana dönüb yaşayan xeyriyyəçi Məşədi İbrahimin əziz xatirəsi daim onu tanıyanların qəlbində yaşayacaq.

Məşədi İbrahimtək kişilər hanı?

Gərək bildi elmi, təhsil, "ziya"nı,
Qazaxda saxladı seminaryanı.
İşığa qərq etdi Azərbaycanı.
Mülkü təmənnasız verən insanı,
Məşədi İbrahimtək kişilər hanı?

Kosalar oğluydu, varı-dövləti,
Hər yanda çox oldu şanı -şöhrəti.
İsrafil ağayla oldu söhbəti,
Ay tanımayanlar, yaxşı bil, tanı,
Məşədi İbrahimtək kişilər hanı?

Rayətəm, elimin gövhəri-kanı,
Səxavət mülkünün şahı, sultanı.
Allahın yanında cənnət-məkanı,
Axtarıb gəzsən də bütün cahanı,
Məşədi İbrahimtək kişilər hanı?

         













                            Rayət Əli


Tarix: 8-02-2021, 23:11 Oxunub: 1 635


Bölməyə aid digər xəbərlər