2020-ci ilin noyabrın 8-i günü dövlətçilik tariximizə ən şanlı bir gün kimi yazıldı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən Qarabağda başladığı və 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Əcdadlarımızdan bizə miras qalmış əziz, müqəddəs və qədim Şuşa şəhərinin 28 ildən sonra rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi hərb tariximizə qızıl hərflərlə yazıldı.
Böyük əminliklə söyləmək olar ki, noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başladığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində
300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini müdrik xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Artıq 8 noyabr Milli qürur, qələbə və zəfər bayramı kimi ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunur.Eyni zamanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Belə ki, noyabrın 7-də cəsur hərbiçilərimiz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil oldu. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölündülər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən atılan “İsgəndər” ballistik raketlərinin hədəfi məhz azərbaycanlı hərbiçilər olmasına baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovdu və noyabrın 8-də Şuşa şəhəri düşməndən tamamilə azad olundu.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində belə demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
Rəna Bayramova
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər