11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Xalq təbabəti ilə məşğul olmaq hüququ – QANUN NƏ DEYiR?

Latınca “medicina gentilitia” kimi ifadə olunan “xalq təbabəti” xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət forması hesab edilir.

Dərhal oxucuları məlum edək ki, Azərbaycan xalq təbabəti Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrində “Türkəçarə” adı ilə qeydiyyata alınmışdır.


Elmi əsaslara söykənən təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri təbii ki nəzəri şərtlərə əsaslanmır. Belə ki, həmin məlumatlat sadəcə nəsildən-nəsilə şifahi formada ötürülərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır.


Türklər arasında bu üsullar “türkəçarəlik”, onları tətbiq edən həkim isə “türkəçarə” adlandırılmışdır. “Loğman” adı isə İslam dininin qəbulundan sonra istifadə olunmağa başlanmışdır.


Ölkəmizdə kökü qədim zamanlara qədər gedib çıxan və zamanla geniş vüsət alan türkçarəlik, loğmanlıq, hanıxçılıq, sınıqçılıq, mamaçalıq (həbəçilik), hacamatçılıq və s. xalq müalicə metodlarının əsasını təşkil edir. 
Qeyd edək ki, “xalq təbabəti” mövzusu hər zaman aktual olmuşdur, bu məsələ hazırda da xüsusilə cəmiyyətimizdə aktual olaraq qalmaqda davam edir.


Mövzunun son zamanlar daha da “məşhurlaşma”sının və gündəmdə qalmasının mühüm səbəblərindən biri son zamanlarda bəzi şəxslərin xüsusilə sosial şəbəkələrdə özünü “təbabət bilicisi” kimi təqdim etməsindən qaynaqlanır. Bunun isə bir sıra səbəbləri vardır. Bəzən belə şəxslər öz dediklərinə həqiqətən də sadəlövhcəsinə inanır, bəziləri isə ucuz populyarlıq dalınca qaçmaq məqsədilə bunu qəsdən edirlər. Sosial şəbəkələrdə bu cür “peşəkar həkimlər”in qısa videolarla müalicə “çağırış”larının insanların sağlamlıq hüququna real təhlükə törədə bilmə ehtimalını göz önünə gətirsək, hər halda bu məsələnin aidiyyəti dövlət orqanlarının ciddi nəzarəti götürülməsi üçün kifayət qədər əsasların olduğunu aydın təsəvvür edə bilərik.


Bəziləri zob, şəkər, yüksək təzyiq, ürək, göz və hətta xərçəng xəstəliklərinin təbii vasitələrlə müalicəsinin olduğunu iddia edirlər. Hətta bəziləri özlərini “dietaloq” kimi apararaq spesifik üsullarla arıqlama yolları təklif edirlər. Çox təəssüf ki, belə insanlar bir qədər də irəli gedərək müəyyən hallarda dərman preparatlarının, peşəkar həkimlərin təyin etdiyi reseptlərin effektsiz olduğuna dair cəmiyyət üzvlərində fikirlər formalaşdıra bilirlər.


Düzdür, etiraf olunmalıdır ki, müəyyən mövsümi xəstəliklərin, məsələn, soyuqdəymənin, virus-infeksiyaların təbii üsullarla müalicəsi mümkündür. Bu cür təbii yollarla müalicələrin əksər hallarda effektiv olduğunu da söyləyə bilərik Lakin şəkər, zob, yüksək qan təzyiqi, hətta qaraciyər, bağırsaq və digər orqanlarda olan ciddi xəstəliklərin təbii yollarla tamamilə müalicə oluna bilməsinə ümid bağlamaq bir az inandırıcı deyil.


Bəs, görəsən, xalq təbabəti ilə məşğul olmaq haqqında qanunvericilikdə hansı müddəalar vardır? Ümumiyyətlə, xalq təbabəti ilə məşğul olmağa hüquqi baxımdan icazə verilirmi?


Məlum edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsi “Xalq təbabəti ilə məşğul olmaq hüququ” adlanır. Həmin maddədə “Xalq təbabəti” anlayışının leqal izahı belə verilir: “Xalq təbabəti qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçməmiş, lakin xalq ənənələrində təsdiqini tapmış sağaltma, profilaktika, müayinə və müalicə üsullarıdır”.


Adı çəkilən qanununa görə xalq təbabətindən istifadə qaydaları qanunvericilikdə müəyyən edilmiş qaydada yalnız qeyri-dövlət səhiyyə sistemində tətbiq edilə bilər.


Təbiblik fəaliyyəti üçün xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsatəti əsasında müvafiq icra hakimiyyəti orqanı, daha dəqiq desək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilir. 


Onu da dərhal bildirməkdə fayda vardır ki, qanuna görə kütləvi təbiblik seanslarının keçirilməsi, o cümlədən media subyektlərinin bu işlərə cəlb olunması qadağandır.


Kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.


Təbiblik fəaliyyətinin dayandırılması haqqında qərar, bu fəaliyyətə icazə verən orqan tərəfindən qəbul edilir və bu qərarla razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər.


Təbiblik fəaliyyəti ilə qanunsuz məşğul olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.2-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.


Yunis Xəlilov


Tarix: 31-07-2024, 22:34 Oxunub: 335


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı