Orduda kadr islahatı gözlənilən idi. Ancaq bu, son da deyil. Hesab edirəm ki, kadr islahatları davam edəcək. Kadr islahatı yekunlaşdıqdan sonra rotasiyalara start veriləcək. Artıq uzun illərdir eyni yerdə xidmət edən hərbçilər var. Onların yerdəyişməsi həyata keçirilməlidir. Bunun üçün hazırlıqların görüldüyü deyilir.
Ənvər Əfəndiyevin vəzifəsində çox qalmayacağı gözlənilən idi. Çünki onun idarəçilik üsulunda qüsurlar var idi. Bezdiricilik onun karyerasında ən önəmli şey sayıla bilər. Onun tabeçiliyində xidmət edənlərdən kimi dindirsən, eyni şeyi deyirdi: “Bezdirir”. Ənvər Əfəndiyev çox ciddi avtoriteti olan zabit kimi də yadda qalmayıb. Bu da onun Quru Qoşunları komandanı kimi etmək istədiklərini edə bilməməsinə gətirib çıxardı. Onun işinə çoxlu sayda generalın müdaxilə etdiyini desək, yalan olmaz. Hazırda xidmətdə olmayan bəzi generalların etdiyi qeyri-qanuni əməllərə göz yuma bilirdi, onların qarşısında dirəniş göstərə bilmirdi. Bu isə komandan üçün arzuolunmaz hal sayıla bilər.
Hikmət Mirzəyev son dərəcə tələbkar zabitdir. Bundan əlavə, işinə müdaxilə edilməsini sevmir. Avtoritetinin olması isə onun istənilən generala qarşı dirəniş göstərəcəyini deyir. Hətta iddia edərdim ki, vəzifə ilə bağlı təklif gələndə ilk istədiyi şey işinə kimlərinsə müdaxilə etməyəcəyi ilə bağlı qaranti alması olub. Yəni özü öz qaydaları ilə idarə edəcək.Hikmət Mirzəyevin qarşısına qoyulan, bəlkə də, əsas tapşırıq ordunun döyüş hazırlığını maksimum həddə çatdırmaqdır. Hikmət Mirzəyevin Quru Qoşunlarına gəlməsilə ehtimal olunur ki, motoatıcı bölmələrin sayı azaldılacaq, onu komando və dağatıcı bölmələr əvəz edəcək.
Dünyada baş verən proseslər onu deməyə əsas verir ki, ordu daim hazır vəziyyətdə olmalıdır. Azərbaycan həm çox ciddi silahlar almaqda davam edir, həm də ən çox güvənilən Xüsusi Təyinatlı Qüvvələr komandanını Quru Qoşunlarına transfer edir. Dolayısı ilə rəsmi Bakı həm də göstərir ki, çox ciddidir və hər cür hazırlaşır. Cənubi Qafqazda yeni müharibə ehtimalları proqnozlaşdırılır. Müharibə ssenarisi həmişə aktualdır. Hesab edirəm ki, Hikmət Mirzəyevin Quru Qoşunlarına komandan təyin edilməsi gələcəkdə ola biləcəklərə hesablanıb.Hikmət Mirzəyev üçün asan olmayacağını bundan əvvəlki yazıda qeyd etmişdim. Hikmət Mirzəyevin komandanlıq etdiyi XTQ-də qüsurlar yox idi desək, yalan olardı. Hətta bunlarla bağlı yazılar da yazmışdım. Misal üçün, iki taborun veteranlıq məsələsi, ezam pulları və.s.
Xüsusi Təyinatlı Qüvvələrə kimin komandan təyin edilməsi də maraqlı mövzuya çevrilib. Bu yöndə müxtəlif iddialar da var. Hazırda korpus komandiri olan Mais Bərxudarovun, Kənan Seyidovun və Zaur Məmmədovun adları daha çox hallanır. General-mayor Mais Bərxudarovun XTQ komandanı olma ehtimalı yüksək deyil. Hər nə qədər Mais Bərxudarovun XTQ keçmişi olsa da, onun elə bir posta gətiriləcəyi inandırıcı görünmür. Düzdür, o, zamanında çoxlu sayda qüsursuz keçidlər həyata keçirib, düşmən arxasında fəaliyyət göstərib, ancaq icraçılıqla komandanlıq fərqli anlayışlardır. Müharibə vaxtı Mais Bərxudarovun general kimi bəzən irəli getməsi barədə informasiyalar yayılırdı. Hətta yaralanmışdı da. Bütün bunlar igidlik, qorxmazlıq kimi görünür. Nəzərə alanda ki, korpus komandirinin işi fərqlidir və o döyüşməli yox, döyüş idarə etməlidir, o zaman baxışlar da dəyişir. Onun, bəlkə də, ən zəif yeri hissi davranmağıdır. Zaur Məmmədova gəldikdə o, XTQ sıralarından xaric edilib. Onun haqqında fikirlər birmənalı deyil. Ona görə də bu variantın da aşağı olduğunu düşünürəm. Kənan Seyidovun isə 44 günlük müharibə zamanı xidməti heç kimə sirr deyil. Müharibədən sonra korpus komandiri təyin edilməsi və korpusda gördüyü işlər müsbət xarakterizə edilə bilər. Düşünürəm ki, adları hallananlar arasında ən realı Kənan Seyidovdur. Ancaq hazırda XTQ-də xidmət edən zabitlərdən birinin də komandan təyin edilməsi sürpriz olmayacaq.
yenicag.az
Bölməyə aid digər xəbərlər