"Din xadimləri yas məclislərində oxuduqları Quran surələrinin mənalarını da camaata izah etsinlər. Məzar başında "Yasin" surəsi oxunur, lakin əksəriyyət başa düşmür. O surəni axıra kimi, heç kəsin anlamadığı formada oxumaqdansa bircə səhifəsini oxuyub, tərcüməsini də izah etmək daha savab olar. İnsanlar da Allah kəlamını başa düşər, imanı artar, Axirəti yada salar".
Bunu açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, əgər oxunan Quran ölünün eşitməsi üçündürsə onun eşitməsi qeyri mümkündür:
"Çünki eşitmə üzvü artıq funksiyasını itirib. Yox əgər onun ruhu eşitsin deyə oxunursa, ruh ərəbcəni anlayırsa demək Azərbaycan dilini öz dili olduğu üçün daha gözəl anlayır.
Əgər camaat üçün oxunursa, axı camaat ərəb dilini bilmir. Eybi yox, adətə görə ərəbcə oxunursa oxunsun. Fəqət mütləq tərcüməsi, anlamı izah edilməlidir. Yoxsa qulaq asmayan adamları qınamaq olmaz.
Quranda Allah təala bir çox yerlərdə "məhz anlayasınız deyə bu kitabı ərəbcə endirdik" deyə buyurur. Yəni, əsas məsələ anlamaq, başa düşmək və sonra inanmaqdır. Xitab olunan ilkin toplum ərəb olduğu üçün belə deyilib. Ancaq buyuruğun mahiyyətinə vardıqda belə anlaşılır ki, hər qövmə, hər millətə məhz başa düşsünlər deyə öz dilində xitab olunmalıdır, öz dilində oxunmalıdır. Şübhəsiz ki, ərəbcəsi, orijinalı qorunmaq şərti ilə"...
S.Cəfərli
Bölməyə aid digər xəbərlər