Qarğışımın kimə aid olduğunu bilmək məncə çətin deyil. Söhbət indi də elmimizə baş kardinallıq edən Ramiz Mehdiyevdən gedir. Yeni və köhnə ramizşünasların yarışından yazmaq qərarına gəldim. Deyəsən, təzə-təzə başlayır. Siyasi manevrələrin sürətini artıranlar çox yəqin ki, hədər yerdən bu işə girişməyibər. Bəlkə nəsə bir iy alıblar, deyə bilmərəm. Ancaq ortalıqda bəlkə də mənim görə bilmədiyim başqa məsələlər var!?
Bəli, indi bu hiyləgəri tənqid etməyin xeyrini anlayan "cəsarətli" siyasətbazların sırası boş yerdən artmır. Millətin elminə hər gün, hər saat zərbələr endirən köhnəlmiş bürokratın sayəsində AMEA hazırda elmi mərkəzdən daha çox, siyasətə qurşadılmış mərkəz rolunu ifadə edir.
"Akademik" Ramiz Mehdiyevin siyasi kontoruna çevriilən bu elmi məbəd tarixi boyu öz təyinatından bu dərəcədə uzaqlaşmamışdı. Soruşmaq istərdim Mehdiyevdən, "böyük" Azərbaycan filosofu olaraq bircə nəfərin elmdə yetişməsinə köməyi dəyibmi?! Ya bir nəfəri göstərsin ki, onun elmi rəhbəri olub və müdafiəsinə təkan verib.
Olmayıb və belə bir şeyi uydurub dilinə gətirə də bilməz. Bunun necə akademik olduğunu elə burdanca aydın görə bilərik. Qarşılığında isə gündə bir siyasi bəyanat və açıqlama ilə çıxış edən akademiya "bütün qanı və vücudu ilə" Mehdiyevi qorumaqla məşğuldur. Fəqət, Ramiz Mehdiyev buranı da siyasi oyuncağa döndərdi.
Qəribədir ki, AMEA-nın içində dərin bir susqunluq hökm sürür. Danışan, dinən yoxdur. Doğrudan, Mehdiyevin qısa müddətdə Azərbaycan elminə vurduğu zərbənin müqabilində bir nəfər nüfuzlu elm adamının səsini çıxarmaması təəccüblüdür. Bilirsinizmi niyə belə olur!? Sadə cavaba görə akademiyaya nəzarəti illərdi elmdən uzaq birisi - ölkədə baş kardinal kimi adın sahibi öz əlinə götürəndə başqa hansı yenilikləridən və inkişaf meyllərindən söhbət açmaq olar...
Oradakıların da böyük əksəriyyəti onun adamlarıdı. Məsələn, AMEA-nın Rəyasət Heyəti üzvlərinin, institut direktorlarının, bölmələr üzrə elmi katiblərin və digər yüksək vəzifələrə təyinatlar onun tərəfindən müəyyənləşər və elmi vəzifəyə təyin olunardılar. Bu gün də onlar prezidentləri Ramiz Mehdiyevin qulluğunda dayanmağı özləri üçün şərəf sayırlar.
Bir milləti məhv etmək istəyirsənsə hər şeydən əvvəl onun elminə müalicəsi çətin olan yaralar vurmaq kifayətdir. Adam vəzifəsini çox gözəl və maneəsiz yerinə yetirir. O, bütün mənalarda "böyük qardaşın" ölkədə əhəmiyyətini gücləndirdiyi kimi, Azərbaycan elmində də bu cür siyasətin davamına üstünlük verir və haralarınsa tapşırığı ilə elmimizi yaman günə qoyur. Danılmaz həqiqətlər çoxdur və konkret sübutlar da az deyil.
44 günlük müharibədə ölkənin irili-xırdalı bütün təşkilatları Türkiyənin qardaşlıq dəstəyi barədə mövqeyini ortaya qoydu, lakin Azərbaycan elminin məbədgahı olan AMEA-dan Türkiyənin Zəfər qələbəmizə verdiyi töhfələr haqda bir cümləlik fikir belə eşitmədik. Çünki Rusiyanın strateji xəttini birmənalı qəbul edən və onu gözlərinin bəbəyi tək qorumaq öhdəliyini çiyinlərində daşıyan bu təhlükəli şəxsin Moskva “KQB”sinin Azərbaycandakı etibarlı nümayəndəsi olduğunu uşaqdan böyüyə hamı bilir. Ancaq dəyib-dolaşan hələ ki yoxdur.
Elmi ictimaiyyətin səsini içinə salıb özünü lal və kar kimi aparması isə adamda daha dəhşətli hisslər yaradır. Zamanında qorxudan siçan deşiyini satın alanlar indi ölkənin baş intiraqantı, dövləti və dövlət başçısını guya istəyən, əslində isə həm dövlətin, həm də onun başçısının pis gününü arzulayan 83 yaşlı "akademik" Ramiz Mehdiyevin qarasınca yox, artıq bütün mənfiliklərini gözlərinin içinə oxumaqla gündəlikdən düşmürlər.
Təəssüflər olsun ki, siyasilər arasında gedən bu "yarışmanı" elm adamları arasında görmürük.
Özümlə əlaqədar bir məsələni icazənizlə xatırlatmaq istərdim. Vaxtı ilə Ramiz Mehdiyevi tənqid etdiyimə görə məni topa-tüfəngə tutan iki nəfərin - Qabil Hüseynlinin və Cümşüd Nuriyevin bu günlərdə Ramiz Mehdiyevi kəskin tənqid etdiklərini başa düşsəm də, onların halına acıyıram. İnsanlar doğrudan niyə belə olurlar!? Nə üçün bu dərəcədə ağır və bağışlanılmaz riyakarlığı özlərinə rəva görürlər!? Məəttəl qalmalı işdir.
Bəli, indi yerindən duran zopanı "yazığın" başında sındırmağa çalışır. Əslində layiqdir buna. Pislik etmədiyi adam qoymadı. Barmaq soxmadığı deşik, yıxmadığı ev qalmadı. Külli cinayətləri barədə vaxtında danışmaq lazım idi. Bilmək olmaz kim tez köçəcək bu dünyadan. Allahın işidir. Amma Tanrımdan bir xahişim var. İkicə gün mənə möhlət versin, görüm bu insan qatilinin son aqibətini. Dəqiq bilirəm ki, hamı goruna söyəcək. Lakin bir qrup "qorxmaz" soz sahibi vardır ki, onlara belə bir sual ünvanlayıram: Mehdiyevin qılıncının dalı-qabağı kəsəndə harada gizlənmişdiniz!? Niyə görə səsinizi çıxarmırdınız?! Hətta məqamı gələndə dırnaqlarınız və dişlərinizlə müdafiəsinə qalxırdınız. İndi özünüz-özünüzə heç hesabat verirsinizmi!? Bəndəniz və başqa bir-iki nəfər istisna olmaqla kimsə Mehdiyevin əleyhinə kəlmə belə kəsmədi. Əksinə, ölkənin baş intriqantının etimadını qazanmaq üçün dondan-dona girənlərin sırası günbəgün artırdı. Mehdiyevə məlumat daşıyanlar, onun-bunun barəsində xəbərçilik edənlər dəridən-qabıqdan çıxardılar ki, “5-ci kolon” rəhbərinin yanında yerlərini möhkəmlətsinlər. Hazırda isə 180 dərəcə bucaq altında birdən-birə dəyişərək baş administratora qarşı çevriliblər. Qalanı qalsın sonraya...
Mənə görə beləsini “Heydər Əliyev ordeni” ilə təltif edib AMEA-ya prezident vəzifəsinə göndərmək lazım deyildi. Dahi şəxsiyyətin ruhu bu təqdimatdan razı qaldımı!? Çox dərinliyə getmək istəmirəm. Ancaq bir onu bilirəm ki, “HEYDƏR ƏLİYEV ORDENİ” İLƏ MÜKAFATLANDIRILMASI DOĞRUDAN ONA HARAM İDİ... Axı bu siyasi oyunbaz heç vaxt yeni Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə qəlbən bağlı olmayıb.
Eldar SABİROĞLU,
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi, eks-deputat
Bölməyə aid digər xəbərlər