Günümüzün aktual problemlərindən biri şəxslərin instaqram və facebook səhifələrində, twiter hesablarında və bu kimi digər sosial şəbəkələrdə nalayiq formada təhqir olunması və ya şəxs barəsində onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların yayılmasıdır.
Bu cür hərəkətlərə yol verən şəxslərin məsuliyyəti qanunvericilikdə hansı formada tənzimlənir? Belə hallarda hüquqları pozulan şəxslər hansı hüquqi addımlar ata bilər?
Bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Sevinc Məmmədəliyeva açıqlama verib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları yayan şəxs cinayət və mülki hüquqi məsuliyyət daşıyır:
“Belə hərəkətlərə öz adından yol verən, həmçinin bu əməlləri saxta profillərdən, istifadəçi adlardan və ya hesablardan istifadə edərək törədən şəxslər barəsində cinayət qanunvericiliyində cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəza növlərinin tətbiq edilməsi müəyyən edilmişdir. Həmçinin cinayət hüquqi tədbirlərdən əlavə, hüquqları pozulan şəxs məlumatları yayan şəxsə qarşı həmin məlumatların təkzib edilməsi və üzr istənilməsi, eyni zamanda dəymiş zərərin əvəzinin ödənilməsi tələbləri ilə mülki qaydada məhkəməyə müraciət edə bilər. Şərəf və ləyaqətin müdafiəsinə şəxsin ölümündən sonra da yol verilir. Hüquqi şəxslərə münasibətdə isə müəssisə və təşkilarlar da işgüzar nüfuzun müdafiəsi hüququna malikdir”.
Vəkilin sözlərinə görə, təhqiramiz ifadələrin fərdi qaydada şəxsin özünə bildirilməsi həmin şəxs barəsində cinayət deyil, inzibati məsuliyyət yaradır və bu kimi hallarda belə hərəkətlərə yol verən şəxslər barəsində polis orqanlarına müraciət edilə bilər:
“Şərəf və ləyaqəti nalayiq formada alçaldan təhqiramiz ifadələrin fərdi qaydada şəxsin özünə bildirilməsi (şəxsi mesaj bölməsində və s.) isə həmin şəxslərin yalnız inzibati qaydada məsuliyyətə cəlb olunmasına əsas verir. Bu halda hüquqları pozulan şəxs belə hərəkətlərə yol verən şəxslər barəsində polis orqanlarına müraciət edə bilər”
Bundan başqa vəkil bildirb ki, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən (14-16 yaş arası) törətdilən bu cür xırda xuliqanlıq hərəkətlərinə görə isə onların valideynləri və ya digər qanuni nümayəndələri məsuliyyət daşıyır.
Bölməyə aid digər xəbərlər