30 ilə yaxın müddətdə doğma torpaqlarından ayrı düşərək qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımız bu müddət ərzində Vətən həsrəti ilə yaşayaraq ata-baba torpaqlarını heç vaxt unutmadılar. Bu zaman ərzində doğulub boya-başa çatdıqları yerlərə qayıtmaq ümidlərini heç vaxt itirmədilər.Hətta həmin torpaqları görməyən, ölkəmizin ayrı-ayrı şəhər və kəndlərində doğulan uşaqlar da öz ulularının yaşadığı torpaqlara qayıtmaq arzusunda idilər.
Həsrətlə, böyük ümid və nikbinliklə gözlənilən zaman gəlib çatdı. 2020-ci ilin sentyabr ayının 27-də başlayan, əksər anları sevincli, bəzi anları isə kədərli olan 44 gün ərzində Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik siyasəti, düzgün zaman seçimi, xalqımızın əzmi və işğalla barışmaz mövqeyi, ordumuzun qüdrəti Şanlı Qələbəmizi təmin etdi. Torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında şərəflə yerinə yetirdik.
Bu gün Azərbaycan müstəqil siyasət aparan bir ölkə kimi qarşıya qoyduğu bütün məqsədlərə nail olur, hədəflərə doğru inamla addımlayır.İşğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri aparır və bu ərazilərdə müxtəlif beynəlxalq tədbirlər həyata keçirir. Bu günlərdə Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda Azərbaycan Milli Şəhərsalma Forumunun təşkil edilməsi buna əyani sübutdur.Forumda 40-dan çox ölkənin nümayəndələri iştirak etmişlər. Möhtərəm Prezidentimiz Forum iştirakçılarına görülən işlər barədə məlumat verərək bildirdi ki, Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımız buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava Limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.
Keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün Azərbaycanın nəhəng bir çağırışla üz-üzə olduğunu bildirən Dövlət Başçımız demişdir: “Müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Əfsuslar olsun ki, bu rəqəm hər həftə artır. Təkcə keçən həftə 2 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Lap bu yaxınlarda biz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirmişik. Beləliklə, Azərbaycana qarşı təcavüz, Azərbaycana qarşı terror davam edir.”
Həmişə sülhə və əmin-amanlığa çalışan Azərbaycanınn hər hansı vasitəçiliyə ehtiyacı olmadığını qeyd edən Dövlət Başçımız bildirdi ki, Biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təklif irəli sürdük. Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini - xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılmasını - irəli sürdük. Bütün bunlar, əslində beynəlxalq hüququn əsas prinsipləridir və hesab edirəm ki, münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır. Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik.
Bütün ölkələrlə münasibətləri müstəqil siyasət əsasında quran Azərbaycan hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşır və tələb edir ki, bizim suveren hüquqlarımıza da hə kəs hörmətlə yanaşsın və heç kim ölkəmizin daxili işlərinə müdaxilə etməsin. Hazırda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Zəngəzuru yenidən qurmaq milli ideyası uğurla həyata keçirilir.
Asif Yusifov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər