Azərbaycanla Türkiyə arasında “soyuq küləklər” əsir? – ŞƏRH

     Son dövrlərdə Azərbaycanla Türkiyə arasında “soyuq küləklər"in əsməsinə dair iddialar var. Buna səbəb kimi müxtəlif amillər göstərilir. Bu iddianı dəstəkləyənlər son zamanlar Azərbaycan hakimiyyəti ilə Türkiyə müxalifəti arasında münasibətlərin yaxşılaşmasını əsas gətirirlər. Belə ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək onu Zəfər Günü münasibətilə təbrik edib. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər. 

    Bundan başqa, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı olaraq Türkiyənin müxalif nümayəndələrinin bir çoxu Azərbaycana gəlmişdi. İkinci tərəfdən, İlham Əliyevlə R.T.Ərdoğanın Bakıdakı görüşü ilə bağlı yayılan mətbuat məlumatı, demək olar, növbətçi xarakterli idi. Üstəlik, R.T. Ərdoğan səfərdən nisbətən tez qayıtdı və qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində Cənubi Qafqazla bağlı xüsusi mesaj vermədi. Bütün bunlar müəyyən suallar yaradır.

   Maraqlıdır, Azərbaycan və Türkiyə arasında münasibətlər pisləşirmi?
 
    Mövzu ilə bağlı  açıqlama verən siyahi şərhçi Kənan Novruzov bildirib ki, Yaxın Şərqdəki mövcud durumla bağlı Bakı və Ankara arasında fikri ayrılığının olması mümkündür və bu, təbiidir:
     “Çünki Türkiyədən fərqli olaraq Azərbaycanın İsraillə münasibətləri normal səviyyədədir. Həmçinin Azərbaycanın xarici siyasətində balanslılıq prinsipi əsas yer tutur. Bu isə rəsmi Bakıdan mümkün qədər toqquşma tərəfi olmamağı tələb edir. Buna baxmayaraq, sözügedən məsələnin Bakı ilə Ankara arasında ciddi narazılığa səbəb ola biləcəyi ağlabatan görünmür. Hər halda Türkiyə Azərbaycanın mövqeyini nəzərə alır və başa düşür”.

     Şərhçi qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlər unikal xarakterə sahibdir:
     “Azərbaycanla Türkiyə strateji müttəfiqdir. Bu, tərəflərin bir çox regionda, o cümlədən Cənubi Qafqazda koordinasiyalı davranmasını şərtləndirir. Hər iki tərəfin müstəqil xarici siyasət kursuna malik olması bəzən Bakı ilə Ankara arasında fikir ayrılığına səbəb olur. Buna baxmayaraq, hər iki dövlət bölgədə sabitliyin təminatçısı rolunda çıxış edirlər. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyə özlərinin xarici siyasət kurslarında bir – birinin maraqlarını nəzərə alırlar və almalıdırlar”.
       Onun sözlərinə görə, iki dövlət arasında əlaqələrin yüksək səviyyədə olması həm də liderlərlə bağlıdır:
      “Belə ki, prezidentlər bir –birini çox yaxşı başa düşürlər. Siyasi liderlər arasında dostluq münasibətləri dövlətlərarası əlaqələrə də öz müsbət töhfəsini verir.
     Bundan başqa, Azərbaycan və Türkiyə fərqli bölgələrdə, o cümlədən Cənubi Qafqaz, Yaxın Şərq və Şərqi Avropada bir – birinin maraqlarının təmin olunmasına bu və ya digər şəkildə dəstək olurlar.Həmçinin müxtəlif təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxilindəki fəaliyyət də tərəfləri bir- biri üçün əvəzolunmaz partnyora çevirir”.
     K.Novruzov sonda vurğuladı ki, Azərbaycan və Türkiyənin hər zaman, bütün sınaqlarda bir- birinin yanında olması artıq tarixi faktdır:
    “Belə demək mümkünsə, Bakı və Ankara bir – biri üçün sınanılmış partnyordur. Bu isə o deməkdir ki, tərəflər arasında hansısa anda fikir ayrılığı olsa da, bu, situativ xarakter daşıyır və əlaqələrin dərin qatlarına təsir etmir”.


Sfera.az


Tarix: Сегодня, 12:04 Oxunub: 30


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı