Lənkəranda iki nəfər bıçaqlandı

İyulun 19-da, saat 1 radələrində Lənkəran şəhər sakinləri 1998-ci il təvəllüdlü Ruslan Rahmanov və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olub.
Bu barədə Lənkəran Rayon Prokurorluğu məlumat yayıb.
Daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib. 
İlkin araşdırmalarla 1992-ci il təvəllüdlü Murad Əsədzadənin Lənkəran şəhəri, Sahil küçəsində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı üzərində olan bıçaqla Ruslan Rahmanovu qəsdən öldürməyə cəhd etməsinə, onları ayırmağa çalışan Məhərrəməli Məmmədova isə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən olunub.
Murad Əsədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.


Tarix: 20-07-2020, 14:07 Oxunub: 373


Bölməyə aid digər xəbərlər