2015-ci il Azərbaycanda və azərbaycanlıların yaddaşında həm də devalvasiya ili kimi yadda qalıb.
Devalvasiyaya ilkin səbəb kimi Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması göstərilirdi. Həmin il fevralın 21-i Mərkəzi Bank milli valyutanın devalvasiyasını həyata keçirərək 1 Azərbaycan manatının rəsmi məzənnəsinin 1.05 ABŞ dollarına bərabər olduğunu elan etdi. Ardınca neftin ucuzlaşması ilə dollara nisbətdə manatın məzənnəsi 1.70 oldu. Neft bahalaşıb, manat isə rəqəm olaraq 1,70-də qalıb. Əsl dəyəri uculaşa-ucuzlaşa gedir. Bu isə bahalaşma ilə əlaqədardır. İnflyasiya isə növbəti devalvasiyaya yol aça bilər.
Lənkəran, Füzuli, Siyəzən, Ağcabədi və başqa rayonlardakı etirazları 2015-ci ilin oktyabrında istefaya göndərilən keçmiş MTN rəhbəri Eldar Mahmudovla əlaqələndirənlər də tapıldı. Elə devalvasiya səbəblərindən biri kimi, Eldar Mahmudov və onun qudası olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev göstərilirdi. Onların milyardlarla manat pulu dollara çevirib ölkədən çıxartma ehtimalları az səslənməyib. Başqa versiyaya görə bütün bunlar ölkədə çevrilişə hesablanmışdı.
Lələtəpə zəfəri
İnsanların narazı olduğu qışdan sonrakı yaz da elə bu ovqatda başladı. Novruz şənlikləri üçün bir evdə qoğal, birində şəkərbura, kimdəsə paxlava çatmırdı. Heç səməni, bahalaşmış yumurtanı döyüşdürmək camaatın yadına düşmürdü. Qapıya atılan papaqlara ən yaxşı halda şokolad qoyulurdu. Uşaq da uşaqlığı ilə başa düşürdü ki, hər evdə Novruz təamları sayladır. Halbuki uşaqlar qayğısız olmalıdır. Camaat aprelin 1-nə gülməyə başlamışdı ki, 2-nə keçən gecə şəhid xəbərləri gəlməyə başladı. Millətin kədəri o qədər böyüdü ki, sosial problemlər ötəri xarakter alıb arxa plana keçdi. Gözlər cəbhəyə dikildi. 4 günlük savaş Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Xalq bu fərəhlə bərabər şəhidlərin yasını tutdu.İslam Həmrəyliyi oyunları və “Tərtər işi”
Düzü, nə doyunca sevinməyə, nə də yas tutmağa qoydular. Sosial problemlər insanları hər itki və nailiyyətdən qabaq iş, pul barədə düşünməyə vadar edirdi. 2017-ci ilin 12-22 may tarixində Bakıda İslam Həmrəyliyi oyunları keçirildi. 54 ölkədən 6000 idmançı və çoxsaylı turistlər gözəl Bakımızı gördülər. Bakı sakinləri də gözəl yaşayan ərəbləri görmüş oldu. Həmin vaxt nə qədər azərbaycanlı qız ərəblər üçün bəzənib “Tarqovu”ya axışdı. Manat adı tutan yox idi, insanlar dollar axtarırdı. Amma devalvasiyadan qabaq ABŞ valyutasına baxan yox idi. Ümumən ölkəyə gələn pullu əcnəbilərə əksəriyyətin qazanc mənbəyi kimi baxması iki cür yozulur:
– Ya həmin ölkənin bütün vətəndaşları biznesmendir, ya da kasıbdır.Söhbət bizim ölkədən gedirsə, sahibkarlığa dəstək fonunda hamı biznesmen ola bilər. Ciddiyə keçsək, əhalinin çoxu heç Formula yarışlarını da sevmir. Hətta bilə-bilə ki, belə turnirlər Azərbaycanın dünyada tanıdılması, turistlərin cəlb olunması və ölkənin qazanmasıdır. Camaatın bu qazanca belə soyuq yanaşması turizmdən ən çox qazananların biznesmen məmurlar olmasını bilməsidir. Həm də ölkə iqtisadiyyatının inkişafı əhalinin rifahında elə də hiss olunmursa, insanlar iqtisadi göstəricilərə koronavirus statistikası kimi baxırlar. Əgər əhalinin aylıq xərclərinin 392 manat olduğu rəsmən elan olunursa, minimum əmək haqqının 300 manat olaraq saxlanılması aşkar yeyintidir. Və buna şərait yaradanların ömrünə az qalıb. Çünki Prezident İlham Əliyev bildirib ki, islahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir:
“Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz”.
Bəli, elə Prezidentin sözləri ilə davam etsək, “bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir”. Ölkə başçısı 2003-dən bəri neft kapitalını insan kapitalına çevirməyin gərəkdiyini desə də, deyəsən, bəzi qudurğan məmurlar yalnız öz kapitallarının hayındadırlar. Haylara qarşı vuruşmuş hərbçilərimizin “Tərtər işi”, günahı oldu-olmadı işgəncələrə məruz qalması da elə müəyyən məmurların özbaşınalığıdır. Proses hələ də davam etməkdədir və araşdırmalar davam edir. Burada da həbs olunmayan bəzi adlar qalmaqdadır.Kadr islahatları və Tovuz hadisələri
Sonrakı 3 il kadr islahatları ilə yadda qaldı. DTX əməliyyatları ilə müxtəlif nazirlik əməkdaşları və icra hakimiyyəti başçıları dövlət büdcəsindən oğurlanan milyonlarla tutuldu. İnsanlar sevindi ki, daha heç bir məmur onların yavan çörəyinə göz dikməyəcək. Di gəl ki, məmurlar xalqın puluna, ermənilər də torpaqlarımıza göz dikməkdən əl çəkmədi. Buna görə ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Xalq ayağa qalxdı. İnsanlar Polad Həşimovun timsalında dövlətdən bütün şəhidlərin intiqamını istəyirdi. Tovuz döyüşləri xalqla Prezident, xalq və ordu birliyinə çevrildi. Azərbaycanın atəşkəs adlı səbr kasası daşırdı.Bu millətdən zəfərini almayın!
Sentyabrın 27-də Azərbaycan erməni təxribatlarına cavab vermək üçün əks hücuma keçdi. Döyüşlər Vətən müharibəsinə çevrildi. Hamının gözü cəbhədən müjdələri bəyan edən Ali Baş Komandanın çıxış və sosial şəbəkələrində idi. Xalq o böyük qələbə ilə səs verdiyi liderini daha çox sevdi. Qərbdən ianə alan və büdcədən bəslənən iqtidardaxili müxalifət zərərsizləşdirildi. Çünki xalqın ürəyi Qarabağı üçrəngli bayrağımızın dalğalanması ilə eyni nəbzdə döyündürən İlham Əliyev oldu. Onun gördüyü işlərə hər vəchlə kölgə salmaq istəyənlərin qarışıqlıq salmaq fəndləri tükəndi. Amma bəzi məmurlar yenə öz ampluasında idi. Onlara zəfər yox, içi pulla dolu zərflər maraqlıydı. Əhalinin onlara dedikləri isə belə idi:-Bir az utanın, bir az doyun. Zəfər günündə əli əsə-əsə Azərbaycan bayrağını qaldırıb ağlayan ahılların, əlil arabasında fərəhlə sevincindən maşınlarla ötüşən azərbaycanlıların, “Qarabağ Azərbaycandır!” qışqıran azyaşlıların zəfərini əlindən almayın. İmkan verin ki, xalq qələbəyə sevinə bilsin. Müharibə gedən günlərdə evinin sonuncu pulunu kolbasa-çörək düzəldib cəbhəyə yollayan siz deyildiniz. Siz villalar, kabinetlərinizdə qıvrılan, hava limanında uçuş (qaçış) vaxtınızı gözləyəndə varlandığınız dövlətin ərazi bütövlüyü uğrunda canından keçənlərin çoxu haqqına girdiklərinizdir. Qalenvagen sürə-sürə avtobus dayanacağına baxıb “kasıblar”, – deyə istehza ilə güldüklərinizdir. İşğala görə ermənini düşmən bilən millətin gözündə özünüzü erməniləşdirməyin.
Unutmayın ki, “Dəmir Yumruq” yerindədir.
Anar Rəhimov.
Bölməyə aid digər xəbərlər