Polkovnik-leytenant Fəxrəddin Əsgərova Şəhidlik statusu verildi ... - 14 ildən sonra...

Uzun müddətdir sosial şəbəkələrdə Polkovnik-leytenant Fəxrəddin Əsgərova Şəhidlik statusu verilmədiyi haqda məlumatlar dərc olunurdu.  Fəxrəddin Əsgərovun qardaşı Səməndər İlham  oğlu Əsgərovun bu barədə Ali Baş Komandan İlham Əliyevə ünvanladığı məktub diqqətdən kənarda qalmayıb. Belə ki, Cənab Prezidentin sərəncamı ilə  Fəxrəddin Əsgərova ŞƏHİDLİK , ailəsinə isə ŞƏHİD AİLƏSİ statusu verilib.
Biz Cənab Ali Baş Komandanın ədalətli qərar verəcəyinə, vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısına inanırdıq. Biz dövlətimizin qanunlarına inanırdıq. Ədalət zəfər çaldı.  Bu haqqın səsidir, Yer üzündə ucaldı. 14 ildir Şəhidlik statusu almayan Qəhrəman Eloğlumuz öz haqqına qovuşdu.
Əvvəlcə qisaca olaraq Fəxrəddin Əsgərov haqqında oxucularımıza məlumat verək: Kimdir Fəxrəddin Əsgərov?  
Fəxrəddin Əsgərov 1974-cü il 29 iyun tarixində Qazax rayonunda ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qazax rayonunun 2 saylı orta məktəbində alıb. Məktəbi yüksək qiymətlərlə bitirib. Yuxarı siniflərdə oxuyanda könüllü olaraq Qazax rayonunun kəndləri  uğrunda gedən döyüşlərdə iştirak edib.
Düşmənə qarşı mübarizə ruhu, torpaqlarımızı azad etmək istəyi onun hərbçi olmağına səbəb olur.
 
Fəxrəddin Əsgərov 1992-ci ildə Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik məktəbinə daxil olur. Burada oxuduğu müddətdə də o, həm savadı, çalışqanlığı, həm də nəzakətli davranışı ilə bütün komandanlığın və kursant yoldaşlarının hörmətini, sevgisini qazanır. Məhz bu səbəbdən də  Fəxrəddin Əsgərov oxuduqları Ali Hərbi məktəbin yataqxanasına nəzarətçi təyin olunan ilk xarici tələbə olur.
O, 1996-cı ildə Hərbi Təyyarəçilik məktəbini qırmızı diplomla bitirir və ona yüksək göstəricisinə görə Türkiyə dövləti tərəfindən ona hədiyyələr təqdim edilir.
Təyyarəçilik məktəbində oxuduğu bölüm komputer mühəndisliyi bölümü idi. Təbii ki, istəsə komputer mühəndisi kimi işləyə və el dili ilə desək özünə gözəl gələcək qura bilərdi. Lakin əvvəl də vurğuladığımız kimi Fəxrəddin düşmənə qarşı mübarizə aparmaq, Vətənimizi mənfur düşməndən qorumaq arzusu ilə həmin ali məktəbi seçmişdi.
O, 1996-cı ildən ömrünün sonunadək – 2008-ci il yanvarın 29-a qədər çox yüksək vətənpərvərlik və peşəkarlıqla Azərbaycan Respublikasına xidmət edir. 3 ay içində qırıcı təyyarədə təkbaşına uçmağı öyrənir. Bu çox yüksək göstəricidir. Çünki pilotların təkbaşına uçmağı öyrənməsi bəzən illər alır.
Fəxrəddin xidmət etdiyi hərbi hissədə 10 il (on il) ərzində baş təyyarəçi vəzifəsindən qərərgah rəisi, hərbi hissə komandiri və qarnizon rəisi vəzifələrinə qədər yüksəlir. Xidmət etdiyi dövrdə Li-39, Su-17, Su-25, MİQ-29 tipli döyüş təyyarələrini qısa zamanda mənimsəyərək ölkəmizin gənc təyyarəçilərinin yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak edir.
Həmçinin F. Əsgərov, Qarabağ müharibəsindən sonra ölkəmizin hava məkanını qoruyan ilk təyyarəçimiz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının (İran tərəfdən) hava məkanının qorunması zamanı həyəcan siqnalı ilə Su-17 qırıcı-bombardımançı təyyarəsi ilə havaya qalxmış və hava sərhəddimizi pozan qüvvələr geri çəkilmişdilər.
Keçirilən hərbi paradlarda Azərbaycan Bayrağını vətən səmasına çəkən pilotlarımızdan biri də və hətta bu işin ərsəyə gəlməsində xüsusi səy göstərən, əmək sərf edən məhz Fəxrəddin Əsgərov olmuşdur. Dövrünün ən çox uçuş saatına malik olan pilotu olub.
Xidməti vəzifəsini yerinə yetirməyə başladıqdan sonra yüksək xidməti bacarığına görə hərbi rütbələri də artmışdır. Qısa müddətdə kapitan, ardınca mayor, 31 yaşında isə - 10 dekabr 2005-ci il tarixdə - polkovnik leytenant hərbi rütbəsi alır. 
Polkovnik leytenant Fəxrəddin Əsgərov N saylı hərbi hissədə qərargah rəisi vəzifəsində xidmət etdiyi dövrdə 29 yanvar 2008-ci ildə döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanov ilə birlikdə MİQ-29 təyyarəsi ilə təlimatçı qismində hava döyüşü uçuşu yerinə yetirərkən təyyarə naməlum səbəbdən Şorabad istiqamətində Xəzər dənizinə düşür. Aparılan uzun müddətli axtarışlar nəticəsində Əfqan Aslanovun nəşi tapılaraq dəfn edilsə də Fəxrəddin Əsgərov oturduğu kreslo ilə birlikdə tapılmır. Fəxrəddin son nəfəsinədək vətəninə xidmət etdi! Özündən sonraya isə yetişdirdiyi yüzlərlə pilot, onu tanıyan hər kəsin qəlbində xoş xatirə, sevgi və iki azyaşlı övlad qoydu.
 Həyatını Azərbaycan Hərbi Hava qüvvələrinin inkişafına həsr edən pilot 33 yaşında sözün hər mənasında canını vətən uğrundacanını fəda etdi.

Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı,
Hərbi xidmətlərə görə medalı - lent (2013).png — "Hərbi xidmətlərə görə" medalı,
Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilib.

  Bu yolda bizimlə birgə addımlayan, polkovnik-leytenant Fəxrəddin Əsgərovu unutmayan hər kəsə təşəkkür edirəm.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə xüsusi olaraq təşəkkür edirəm. Bizim ədalətli Prezidentimiz, biz Sizə inanırdıq, biz Sizə güvənirdik. Sizə sonsuz təşəkkür edirəm. Hər zaman olduğu kimi, yenə də ədaləti bərpa etdiniz. Sizinlə fəxr edirik, Cənab Prezident!!!

Cənab Prezident İlham Əliyev, sizə öz adımdan, Qazaxlılar adından, Fəxrəddin Əsgərovun tələbələri adından, Şəhidimizin doğmaları, ailəsi adından təşəkkür edirəm.

P.S. Dənizdən bir səs məni səsləyirdi: Məni niyə unutmusunuz? Şanı-şöhrəti, Qəhrəmanlığı dillərə dastan olan Eloğlum, sizi unutmaq olarmı?! Sizi unutmadıq! Sizi unutmarıq! Sizi tarix yaşadacaq. Çünki siz Vətən uğrunda canınızı fəda etdiniz...

Səbinə Yusif, ATİA.AZ


 





Tarix: 9-03-2022, 10:19 Oxunub: 2 478


Bölməyə aid digər xəbərlər