Əziz Xanımlar, 8 Mart Beynəlxalq Qadınlar Gününüz Mübarək!



Hələ qədim zamanlardan etibarən Azərbaycanda həmişə qadın uca tutulub, daim ona böyük hörmət və ehtiramla yanaşılıb. Müxtəlif dövrlərdə yaşayan söz sənətkarlarımız öz şeirlərində, əsərlərində xanımların böyük bir qüvvə olduqlarını tərənnüm edərək yazırdılar ki, zərif cins nümayəndələri hər şeyin ən yaxşısına layiqdirlər. Dahi şairimiz Hüseyn Cavid “Qadın gülərsə şu ıssız mühitimiz güləcək, sürüklənən bəşəriyyət onunla yüksələcək” deyəndə də məhz bunu nəzərdə tuturdu.
Bu günlərdə bütün dünya ölkələrində olduğu kimi bizdə də 8 mart Beynəlxalq Qadınlar Günü sevinclə qeyd olunur.
8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Novruzdan öncə ölkəmizdə indiyədək qeyd olunan yaz bayramıdır. Zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər.
Hər il bu bayram günü dövlət başçımız Azərbaycan qadınlarını təbrik edir, ictimi həyatda fəal olanların bir qrupuna fəxri adlar verir, digər bir qrupunu isə orden və ya medallarla təltif edir.
Əziz xanımlar, gününüz mübarək olsun! Üzünüz daim gülsün! Xüsusilə də cənnətin ayaqlarının altında olduğu başda şəhid anaları olmaqla anaları, o cümlədən bütün xanımları  ATİA.AZ  İnformasiya  Agentliyi  olaraq kollektivimiz adından təbrik edirik! Axı analar olmasa bizim heç birimiz olmarıq. Əvvəldə qeyd etmişdik ki,qadınlar hər şeyin ən yaxşısına layiqdirlər. Bayramınız mübarək!


Tarix: 8-03-2022, 08:24 Oxunub: 246


Bölməyə aid digər xəbərlər