"Şapka Mamed" yoxsa "Xeyriyyəçi Məmməd Musayev" ???


  Qazaxda axır vaxtlar narazılıqlar, şikayətlər baş alıb gedir. Seminariya tikintisi ətrafinda olan problemlər bitib tükənmir. Bir tərəfdən də ADA universitetinin tikintisinin söhbəti aləmi qarışdırıb. Bilmirsən Qazaxda seminariya tikilir yoxsa ADA universiteti?  Hamını maraq götürüb ki, ADA Universiteti tikmək üçün nə qədər ərazi lazımdır ki, bu  ADA universiteti Qazaxa sığmır? Həqiqətənmi bu universitet elə Qazaxın yarısı  boyda olacaq? Çünki  Universitetin tikilməsi üçün bir küçənin sakinlərinin qarşısına evlərindən  çıxmaq tələbi qoyulub. Özü də tikinti şirkətinin qoyduğu qiymət və tələblərlə  razılaşmaqla. Qazaxda hara gedirsən seminariyayla  ADA Universitetinin söhbəti gedir. Tikintiyə rəhbərlik edən Məmməd Musayev isə sən demə  qazaxlıymış. Həm də  bizim Məmməd müəllim xeyriyyəçiymiş. Soruşduq, axtardıq Qazaxda onun bir xeyriyyə yönümlü işini tapa bilmədik. Xeyriyyəçilik yalnız seminariya, universitet , bank tikməkdənmi ibarətdir?  Ötən il dünyanı cənginə  alan koronavirus xəstəliyi həyatı büsbütün  iflic etdiyi bir zamanda,  həmyerlimiz  "xeyriyyəçi  Məmməd Musayev" niyə sahibkarı  olduğu  bankların işçilərindən  undan, çaydan, qənddən göndərmədi  həmyerlilərinə?  O tükənməz sərvətindən niyə səxavət  göstərmədi? Yaxşı, xeyri, köməyi  dəyməyən doğma rayonuna niyə ziyan vurur axı Məmməd müəllim. Qazaxa gələndə  əhali arasına çıxıb  dərdləri, problemləri, dolanışıqları ilə niyə maraqlanmır? ...  Ətrafına topladığı adamları qazaxlıların üstünə niyə göndərir?...  Evlərini almaq istədiyi adamların qapısına niyə özü getmir?...   “Mənim Prezidentlə şəklim var, Prezident məni şəxsən tanıyır, bütün işləri yuxarılarla,  böyüklərə danışıb həll edirəm" - deyib böyük–böyük danışır. Məmməd müəllim doğrudanmı qazaxlıları yaxşı tanımır ? Bu aşağı təbəqə hesab etdiyi  insanların böyük yox, danışanda  ağır danışacaqlarını bilmirmi?...  Düzdür,  M. Musayev bütün imkanlarından istifadə edərək hər işini, bütün layihələrini  həyata keçirə bilər. Oğlunu bu günlərdə Dövlət Məşğulluq Xidmətinə yüksət vəzifəyə qoyduğu  kimi. Bu vəzifə Fuad Musayevə  hansı xidmətlərinə görə verilib bilmirik. Bəlkə 44 günlük Vətən müharibəsində iştirak etdiyinə, göstərdiyi qəhramanlığa görə?  M.Musayev nə qədər geniş imkanlara sahib  olsa da insanların haqlarını tapdalaya bilməz. 


 M. Musayev belə xeyriyyəçidirsə ADA universiteti tikmək istədiyi küçədən bir küçə yuxarı  gəlsin. Burada biz bir necə ailəyik.  Neçə illərdir  umumi yaşayış evlərində  (əgər ev demək olarsa) yaşayırıq. Gözümüz yolda qalıb ki,  bir xeyriyyəçi  qapını döyüb  -“sizi yeni binaya köçürürük”- deyəcək.  Şəhərin mərkəzində şəhər icra nümayəndəliyinin binasının arxasında yerləşən bu evlər qəza vəziyyətindədir. Bu evlərdə yaşayanlar ailə başçısını itirmiş qadınlardır.   ADA universitetini M. Musayev  burada inşa etdirsin.   Xeyriyyəçiliyini göstərsin.  Yoxsa gedib insanların hər cür şəraiti olan evlərini uçurmasın.  Evimizin  yanında köhnə məhkəmə binası, uşaq bağçası  var. Illərdir baxımsız vəziyyətdədir. Elə bura da bizim evlərin gözünə qatılsa möhtəşəm bir ADA universiteti inşa olunar.  Bilirik ki, M. Musayev ətraf evləri satın almaq üçün bütün vasitələrdən istifadə edir.  Sona xanımın evini almaq üçün həbsdə olan qızı İradənin yanına maklerləri göndərmək üçün xeyli xərcinin çıxdığını da yaxşı bilirik. Çünki İradənin razılığını almaq üçün maklerlər onun  yanına Bakıya dəfələrlə ayaq döyüblər.  İradə razılıq vermirdi ki, atamın evinin satılmasına razı deyiləm. Dəmir barmaqlıqlar arasında , əli daş altda qalan İradəni hədələyərək razılığını aldıqları da məlumdur.  Evlərdən birinin  sahibi də Maya xanımdı. Evin satılması üçün oğlanlarından birinə yüksək vəzifə vəd olunaraq razılıq  ərizəsi alinib, digər oğlu isə evin satılmasına razılıq vermir. Tikinti işçiləri 5 000 min manat ilkin ödəniş verib ailəni özlərindən asılı vəziyyətə salib. Ana ilə oğul arasında düşmənçilik yaranıb. Xeyriyyəçi M. Musayevin ən çox “xeyrini “ Qazaxda maklerlər və tikinti nəzarətçiləri  görür. Çünki kiminsə qapısında dayanıb öz niyyətini həyata keçirmək üçün müxtəlif hiylələr, yollar axtarmaq asan iş deyil. M. Musayev ADA universiteti tikmək üçün niyə məhz o küçəni seçib bilmirik. Qazaxda universitet tikmək üçün çox yerlər var. Şəhərin ən gözəl yerlərindən biri  olan mərkəzi küçədə, rayon prokurorluğunun yanında yerləşən "Avey dövlət mədəniyyət qoruğu"nun binası da əsil universitet yeridir. Heydər Əliyev prospektində yerləşən "Avey  mədəniyyət qoruğu"nun binasının adını yararsız qoyub  özəlləşdiriblər.  Bura hansı dövlət məmuruna aid olduğunu da bilirik. Bundan başqa məhkəmə binasi ilə üzbəüz yerləşən köhnə bağça binası da hasara alınıb. Uzun müddətdir ki, olduğu kimi durur. Buranı  özəlləşdirmək  üçün kimin tərəfindən icazə verildiyi də məlumdur. Yaxşısı budur qoyun qazan üstüörtülü qaynasın. 

Xeyriyyəçi sözü, xeyriyyəçi adı hörmətdən düşüb desək yanılmarıq.  Xeyriyyəçi bir işi icra etmək istəyəndə qarşı tərəfin önünə  şərt qoyub iş görürsə bunun adı  xeyriyyəçilik olmur axı.  Keçmişə nəzər salanda görürük ki,  xeyriyyəçilər kiminsə  evini əlindən alib yerində nə məktəb, nə məsçid, nə də  fabrik tikməyib.  Hansı xeyriyyəçilikdən danışaq ki, onun bariz nümunəsi,  əsl xeyriyyəçi simasını görmürük. Hökmən xeyriyyəçinin işinin arxasında şəxsi mənafeyi durur. 

  Qazaxlıların isə xeyriyyəçi sarıdan heç bəxti gətirmədi ki, gətirmədi. 


  Günay Seyidova


Məqalə ilə bağlı hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.

Tarix: 23-12-2021, 07:53 Oxunub: 1 645


Bölməyə aid digər xəbərlər