Kubra Məhərrəmova yazır…
Açığı mənim qarderobumda hər cür maska var. Qış üçün daha qalın, yay üçün daha nazik.
Arada-bir maskaların rəngini də dəyişirəm. Ağ, mavi, qara. Amma favorit rəngim qaradır. Elə bil qara maska taxanda adam samballı görünür. Onun bir neçə cür növü var, qiymətə və materialına görə dəyişir.
Bəzi qadınlar daha irəli gedərək maskaların üstünə muncuq, daş-qaş və s. əlavə edirlər. Dəb aləmində yeni istiqamətlər formalaşır. Qısası pul qazanırlar. Fərasət.
Əminəm ki, maskanın növləri və cərimələri barədə bir elmi iş yazmaq olar. Hətta müdafiə etmək də. Məsələn absurd qaydalardan biri də restoran və kafelərdə maskanın taxılma qaydasıdır.
Deməli içəri daxil olandan masa arxasına oturana kimi maska üzündə olmalı, oturanda isə çıxarda bilərsən. Birdən masadan ayrılmalı olsan, təzədən maskanı üzünə keçirtməlisən.
Və ya açıq havada kafedə oturmusansa maskasız otura bilərsən, amma açıq havadakı kafedən ikicə addım çölə çıxdınsa tez maskanı taxmalısan. Yoxsa polis gəlib yediyin yeməyin qiymətindən 2 dəfə artıq cərimə yazacaq. Orta hesabla həmin yeməyi elə bilki Parisdə yemisən.
COVID-19 axmaq virusdur. Bunu heç danmıram da. Ətrafımızdan xeyli sayda cavan, istedadlı dostları itirdik. Allah hamısına rəhmət eləsin. Amma yerdə qalanları da isti havalarda maskada boğmaq heç insafdan deyil.
İndi keçirəm dünəndən bizi sevindirən TƏBİB-in anonsuna!
TƏBİB-in Departament müdiri Yaqut Qarayeva dünən bildirdi ki, "yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər. Bu istiqamətdə artıq qaydalar hazırlanır”.
Nə deyə bilərik bir xalq kimi bu şad xəbəri çoxdan gözləyirdik. Çox mübarək deyirik!
Amma sual yaranır bu qaydalar nə vaxta hazır olacaq ki, biz də maskaları tullayaq, 25-30 dərəcə istidə nəfəs alaq. Onsuz da xalq olaraq tünlük yerlərə girəndə mexaniki olaraq hamımız maska taxırıq. Gözümüz "canı çıxmış qardaşdan” qorxub.
Açıq havada, parkda yeriyərkən, velosiped sürərəkən maska taxmaq absurddur axı. Həm də Bakının nəmişli və isti iqlimində.
"Xarıbülbül” festivalında Ali Baş Komandan orada olanlara maskaları çıxartmağı xahiş etdi. Hamıda açıq havada maskasız idi.
İndi sual yaranır. Madam ki, vaksinləşmə plan üzrə gedir, madam ki, yoluxma azalıb, demək ki biz də artıq COVID-19-la yaşamağı öyrənmişik. Pis-yaxşı yola gedirik.
Diqqət edirəm küçədə heç kim öpüşüb-görüşmür, insanlar arasında əvvəlki kimi sıxlıq yoxdur.
Hərə dərdini, maskasını başına çəkib yaşayır.
Qarşıda yay gəlir, dəniz mövsümü gəlir. Ümid edirəm ki, bu yay doyunca dənizə gedə biləcəyik.
Onsuz da sərhədlər bağlı, heç olmasa öz Xəzərimizə ataq uşaqlarımızı. Amma daha ağızlarında maska olmadan.
Düşünürəm ki, Operativ Qərargah TƏBİB-in bu təklifini müsbət qarşılayacaq və nəhayət ki, biz açıq havada açıq burunla nəfəs alacağıq. İstədiyimiz sadəcə nəfəs almaqdır.
Ümid edirəm ki, Operativ Qərargahın biz adi insanlara qəzəbi tutmaz və bizə qulaqburması verməz. Sərt karantinə düşmərik.
Əslində mən hər zaman qanuna tabe vətəndaş olmuşam, bu gün də işə gələndə töhtüyə-töhtüyə gəldim, nəfəsim daraldı, başım gicəlləndi, amma dedim ki, hamısı qurban olsun 100 manata.
İroniya, sarkazmı bir kənara qoysaq həqiqətən də həm fiziki, həm də psixoloji yorulmuşuq.
Qışda yenə adama təsir eləmir, yayda dözülməz olur maska.
Maskasız ömür arzusu ilə gələn həftə sevinək.
Bölməyə aid digər xəbərlər