12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
"Tarixi cinayət" - Sevda Həsənova

     Hər bir xalqın taleyində elə faciələr, soyqırımlar olmuşdur ki, illər, əsrlər keçsə də  həmin faciələr unudulmur, yaddan çıxmır, xalqın qan yaddaşına əbədi olaraq həkk olunur. Azərbaycan xalqınının çoxəsrlik tarixinə qanla yazılmış faciələrdən  biri də və ən dəhşətlisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin  Xankəndi şəhərində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücumu zamanı törədilən qanlı Xocalı faciəsidir. Danılmaz həqiqətdir ki, XX əsrin faciəsi olan Xocalı Soyqırımı işğalçı və cinayətkar erməni siyasəti nəticəsində baş vermişdir. Soyqırım zamanı ermənilərin törətdikləri vəhşilikləri, azğınlıqları heç nə ilə müqayisə etmək mümkün deyildir. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilərin xislətini, iç üzünü bir daha açıb bütün dünyaya göstərdi. Mənfur ermənilər tarixdə bənzəri olmayan şüurlu və əvvəlcədən düşünülmüş tarixi bir cinayət törətdilər.
     Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox faciələrimiz kimi Xocalı soyqırımına da siyasi - hüquqi qiymət verildi. Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi, sənəddə hadisənin baş vermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanmışdır. Ümummilli Liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00 - da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
    Azərbaycan tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında   Ümummilli Liderimiz  Heydər Əliyev  demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Prezident cənab İlham Əliyevin birbaşa səyi nəticəsində bu gün dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır.
    Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu faciənin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri də xüsusi qeyd etmək lazımdır. Fondun vitse - prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası dünya ölkələrinin erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılmasında müstəsna rol oynayır.
    2020-ci il Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırıma məruz qalanların qisası döyüş meydanında artıqlaması ilə alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın, bütün şəhidlərimizin qanını yerdə qoymadılar. Tarixi Zəfər bütün Azərbaycan xalqına, Xocalı şəhidlərinin ailələrinə böyük təsəlli oldu. Gücləri yalnız əliyalın, köməksiz insanlara çatan mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq, iradəsini qırmaq, mübarizlik əzmini söndürmək istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən ağrıtsa  da amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi.Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları layiqli dərs verdilər. Bir sözlə, “Qisas qiyamətə qalmadı!”
    Bu gün Xocalıda soyqırıma məruz qalan soydaşlarımızın, günahsız qurbanlarımızın Azərbaycanın ərazi bütövlüyü, xalqımızın milli azadlığı uğrunda apardığı haqq mübarizəsinin bütün şəhidlərinin ruhları şaddır. Cünki onların qanı yerdə qalmadı, qisasları artıqlaması ilə alındı. Bu gün də müdrik xalqımız onların əziz xatirəsini ehtiramla yad edir, ruhları qarşısında baş əyir və onlara rəhmət diləyir. 

Sevda Həsənova
Yap Qazax rayon təşkilatı
ərazi partiya təşkilatının sədri


Tarix: 23-02-2023, 10:50 Oxunub: 365


Bölməyə aid digər xəbərlər