ODLU-ALOVLU DÖYÜŞLƏRDƏN ALNIAÇIQ QAYITDI, AMMA.... -SƏBİNƏ YUSİFİN təqdimatında...

Əzizim igid əmi,
İgiddən igid əmi.
Sən odlardan qorxmadın,
Bu ölüm nədir, əmi?!


Şöhlət əmi Qarabağ uğrunda gedən odlu-alovlu döyüşlərdə illərini qurban verdi, Vətən uğrunda. Oddan-alovdan sağ çıxdı. Dünən avtomobil qəzasında dünyasını dəyişdi.

Hərdən elə olur ki, hönkürüb ağlayaraq bütün gedənlərin geri qayıtmasını istəyİrsən. Amma, ancaq və lakin!!! Heç də hər şey bizim istəyimizə uyğun olmur. "Gedənlər dönməz" deyə bir həqiqətin də var olduğunu dərk etməkdən başqa əlacımız qalmır.
Şöhlət əmi qaynatamın əmisi oğludur. Səmimi, istiqanlı, qohumcanlı insan idi. Bəli artıq onun haqqında keçmiş zamanda danışmağa məcburuq.
Füzuli rayonunun Qobu Dilağarda kəndində dünyaya göz açmışdı. Dünən gələn qəfil əcəl onun canını Qaradağda maşın faciəsində aldı.
Birinci Qarabağ savaşının ağrılı-acılı illərində əlinə silah götürüb düşmənin üstünə mərdi-mərdanə gedən qorxmaz, qəhrəman, cəsur döyüşçülərdəndir. Müharibə Veteranı idi. Ayağından və bədəninin bir neçə yerindən yaralanmışdı. İllər keçsə də o yaranın ağrı-acısı keçmirdi. Deyirdi ki, birdən qəlpələrin yeri elə sızıldayır ki... Buna baxmayaraq o yenə də hər an döyüşə hazır əsgər kimi hiss edirdi özünü. Vətən Müharibəsi başlayandan bitənəcən - 44 gün mütəmadi olaraq Şöhlət əmi ön cəbhədə olurdu. Veteran dostları ilə birgə arxa cəbhədən ön cəbhəyə dəstək üçün gedirdilər. Hər sözü Vətən idi Şöhlət əminin.
O qədər mehriban insan idi ki. Mən Qazaxlı olsam da Şöhlət əmi olan yerdə qərib olduğumu hiss etmirdim.
Xeyli müddət idi əlaqəmiz yox idi. Bir neçə gün öncə zəng etmişdi. Mənə "nənə" deyə müraciət edirdi. 
- Salam, nənə.
- Salam, əmi.
- Necəsən? Uşaqlar necədi?
- Şükür, yaxşıyıq. Siz necəsiz? Könül bibi, uşaqlar necədi?

Beləcə hal-əhval tutduq telefonda. Sağollaşdıq.
Heç ağlıma gəlməzdi ki, bu bizim son danışığımız olacaq. Dünən axşamüstü qaynatam zəng etdi. Şöhlət əminin maşın qəzasında dünyasını dəyişdiyini dedi. Elə bil dünya başıma fırlandı. İnanmaq istəmirdim bu qara xəbərə. Tez zəng etdim Şöhlət əminin telefonuna. Dedim, bəlkə yalan xəbərdir.  Cavab verən olmadı. Evlərinə getdim. Daş da, divar da ağlayırdı sanki. Könül bibi isə elə bil yuxuda idi. Olanlara inanmaq istəmirdi. Şöhlət əminin nəşini gətirdilər. Bacıları haray çəkirdilər. Anası isə sakit-sakit tabuta sığal çəkirdi. Elə bil beşik başında astadan lay-lay çalırdı oğluna. Oğlu oyanar deyə, hündürdən ağlamağa ehtiyat edirdi. Birdən Sara nənə danışmağa başladı:
"İndi iki uşağı böyütmək çətinləşib. Mən 10 uşaq böyütdüm. Ağzımın dadı, gözümün nuru, dizimin taqəti idin, oğul. Ana haqqım halalın olsun". Sonra yavaşça əyilib tabutda yatan oğlunu öpməyə və əzizləməyə başladı. O an Sara nənə sanki Şöhlət əminin yarasına sığal çəkirdi. İlahi, necə dəhşətli mənzərə idi. Ana oğlu ilə halallaşır, oğlunun tabutuna sığal çəkib, oxşayırdı. Bir də bu sözləri deyirdi Sara nənə: "Sabaha kimi mən də ölsəm yaxşı olardı. Bir yerdə gedərdik, bala".
Sara nənənin oğul harayı yadımdan çıxmır. Ən çox da oğlunun tabutunu öpməsi...

Hələ göynədəcək bu yara bizi,
Hələ yandıracaq bu acı bizi.
Sənin yoxluğuna alışmaq çətin,
Sənin yoxluğunla barışmaq çətin.

Getmə, gəl, əmi. Getmə, gəl.
Sizi unutmayacağam. Ruhunuz şad olsun, Qəhrəman əmim.

Böyük ehtiramla: Səbinə Yusif


Tarix: 11-02-2022, 16:44 Oxunub: 1 141


Bölməyə aid digər xəbərlər