Bizi otuz illik xəcalətdən xilas edən, özü qayıtmayan qəhrəmanımız…

Məhəmməd Hüseynov 1993-cü il oktyabrın 28-də Beyləqan şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi.
 Azərbaycanın Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının baş çavuşu olan Məhəmməd Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Hüseynov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentiİlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. 
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət  nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. 
 Peyğəmbər Əfəndimizin mübarək adını layiqincə daşıyıb onun yanına gedən şəhidimiz Hüseynov Məhəmmədin bacısı Nuranənin acılarına ürəyim tab etmədiyindən ŞƏHİDİMİZƏ həsr etdiyim “QARDAŞ” rədifli seirimi  ürək yanğısı ilə təqdim edirəm:


Dağınıq röyalarım xəyalınla görüşür, 
İsladır yastığımı gözümün yaşı, qardaş.
Dərdlərlə savaşdayam, iradəm yenik düşür, 
Nolar, köməyimə gəl, bitir savaşı, qardaş... 


Sənsiz olan həyatı yazıq bacın istəmir, 
Adını çağırıram, gəlmir axı səs-səmir,
Niyə yalvarışıma bircə kəlmə söyləmir
Şəklinin həkk olduğu soyuq baş daşı, qardaş?!


Sənin toyun olanda sevinirdim büsbütün,
Saçlarımı ayrıca bəzəmişdim həmin gün...
Mübarək gəlişində yoluna atmaq üçün
Əllərim fəryad ilə yoldu o saçı, qardaş...


Bayraq qucaqlamışdı o mübarək cismini,
Öndə gətirirdilər sayğılarla rəsmini....
Həm babanın, həm də ki, peyğəmbərin ismini,
Şərəfli ömrün ilə ucaltdın yaxşı, qardaş.


Səni sağ gözləyirdik olanlardan xəbərsiz, 
On üç gün qovuşmadıq mübarək cisminə biz,
Fəryadıma şahiddir geniş səma, göy dəniz, 
Görəndə çələng ilə səni yanaşı, qardaş!


Düşməni əzib qovdun, düşdü xeyli çətinə, 
Hələ də inanmırıq sənin şəhadətinə..
İnsanlar sayğılarla gəlir ziyarətinə,
Doludur məzarlığın o baş-bu başı, qardaş...




Üzümüzü ağ edən, əyilən qəddimizi dikəldən, yağı düşmənin başını əzib  yurddan qovan, bizi otuz illik xəcalətdən xilas edən, əsir Vətəni bizə gətirib, özü qayıtmayan qəhrəmanımız…   Nur içində yat, Məhəmməd. Şəhid olduqdan sonra tanıdıq səni. Səni unutmarıq. 
 Aygün Sadiq,  ATİA.AZ


Tarix: 15-08-2021, 23:44 Oxunub: 424


Bölməyə aid digər xəbərlər