11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Emin Əmrullayev şikayətləri BEŞİKDƏ BOĞUR... - “Gec gəldi, tez öyrəndi”



Təhsil sistemindən narazılıqların ardı-arası kəsilmir.

Həmin narazılıqlar əsasən sosial şəbəkələrdə yayılır və ictimaiyyətin qınaq obyektinə çevrilir. Bugünlərdə yayılan belə narazılıqlar sırasında məktəbdə pul toplanması ilə bağlı valideynin şikayəti, dini mövzuda məktəbdə çəkilən və yayımlanan klip, müəllimin oğlana qız deyə müraciət etməsi, müəllimlərin şagirlərə təhqiredici adlarla müraciəti, yaxud direktorun qeyti-etik hərəkətləri kimi faktlar yer alıb.

Mövcud problemlərlə bağlı sözünü müvafiq quruma, yəni Təhsil Nazirliyinə çatırmaq üçün valideynlər şikayət etməyə məcburdurlar. Amma təbii ki, şikayət müəllifi konkret göstərilməklə. Çünki nazirlik anonim müraciətlərə qətiyyən baxmır və bununla bağlı dəfələrlə xəbərdarlıq edib. Xatırlasaq ki, ünvanı göstərilən şikayətdən sonra övladının məktəbdə qaşrılaşacağı problemləri düşünən çox valideyn məhz bu səbəbdən şikayətindən vaz keçir, susmağa üstünlük verir, o zaman bir çox şikayətlərin elə “beşikdəcə boğulduğunu” anlamaq çətin deyil.

Görünür, nazirlikdə hətta sayca o qədər də çox olmayan bu konkret şikayətlərdən də artıq yorulublar. Təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsil sistemi ilə bağlı bir çox suallar var və bunlara cavab axtarmaq lazımdır:

“Bu suallar 20 ildir verilir və onların da hansısa cavabları var. Lakin təhsilin irəliləyişinə bu sualların cavabları o qədər də təsir etmir. Düzgün suallar qoymaq və ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar. Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatlarda iştirak edir və nəticələrimiz elə də yüksək olmur. Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə təhsil sistemi irəli getmir. Biz mütləq problemlərin həlli istiqamətində çıxış yolu tapmalıyıq".

Valideynlərin şikayətlərindən biri odur ki, müəllim şagirdlərə məktəbdəki təhsillə attestat ala bilməyəcəyini deyir. Bildirirlər ki, şagirdlər ali məktəbə imtahan verməsə belə, attestat almaq üçün repetitor yanına getməlidir. Yəni müəllim məktəbdə ciddi dərs keçməyərək şagirdi repetitor yanına getməyə məcbur edir.

İndi şagirdlər ali məktəblə qəbul üçün yox, pulsuz olan icbari təhsil pilləsini, 9 illik təhsili başa vurub şəhadətnamə ala bilmək üçün artıq repetitorla hazırlaşmaq məcburiyyətindədirlər. Və ya tədris Azərbaycan dilində olan məktəblərdə “Rus dili” tədris olunur, ancaq həmin dərsliyi almaq valideynə tapşırılır. Havalar soyuyanda məktəblərin istiliklə təchizatında problemi yarandı və valideynlər şikayət etdilər ki, uşaqlar sinifdə soyuqdan donurlar. Səbəb isə məktəblərin istiliklə bağlı borclarının olması göstərilirdi. Nəhayət, çoxsaylı şikayətlərdən sonra məsələ həllini tapdı.

Bu gün də sosial şəbəkələrdə məktəblərdə baş verənlərlə bağlı şikayətlər yer almaqdadır ki, onlardan bir neçəsini təqdim edirik. Sosial şəbəkədə bir nəfər qeyd edir ki, direktorları vəzifəyə təyin edəndə onlarla müsahıbə aparılır, səviyyəsi yoxlanıb işə götürürlər:

“Demək ki, bu direktorlar işə götürənlərin tələblərinə cavab verir”, “Təhsil Nazirliyindən tələb edirəm ki, hər məktəbə bir dənə NƏZİR QUTUSU yerləşdirsinlər”, “Təhsil Nazirliyi qarşısını ala bilmirsə, hər məktəbə bir dənə NƏZİR QUTUSU yerləşdirsinlər. Və beləcə hər ay valideynlər nəzirlərini atsın. Bu, ən rahat qazanc yoludur. Sonra direktorların səsi çıxan deyil”.

Göründüyü kimi, məktəblərdəki şikayətlərin ardı-arası kəsilmir. Təhsil naziri isə qeyd edir ki, şikayət etməklə təhsil sistemi irəli getmir. Bəs valideyn, şagird şikayət etməsə, mövcud problem necə həll ediləcək?

Atia.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov cebhe.info-ya bildirib ki, əgər təhsil naziri belə bir söz işlədibsə, bu, onun təhsilə, o cümlədən də idarəetməyə münasibətidir:

“Ölkə başçısı bildirir ki, bütün dövlət strukturlarında olan narazılıqları, şikayətləri bildirin, ictimai nəzarət təmin olunmalıdır. Ancaq təhsil naziri deyir ki, şikayət etmək olmaz. Təbii ki, şikayət olmalıdır. Şikayət olmalıdır ki, ictimaiyyət, dövlət orqanları harada, hansı problemlərin olduğunu bilsin. Şikayət olmadan biz bu problemləri haradan öyrənə bilərik? Təhsildə dövlət siyasətinin əsas prinsipləri var. Təhsil naziri onu oxumamış olmaz. “Təhsil haqqında” Qanunun 3-ci maddəsində humanistlik, demokratiklik, liberallaşma kimi prinsiplər öz əksini tapıb. Şikayətlərdən qorxmaq lazım deyil. Şikayətləri yaradan səbəbləri tapıb aradan qaldırmaq lazımdır. Əgər bunu etmək bacarığındadırlarsa…”

Ekspertin sözlərinə görə, bu gün ayrı-ayrı məktəblərdə müəyyən əxlaqi məsələlər çox eybəcər bir vəziyyətdədir:

“Eləcə də qanunsuzluq, rüşvət baş alıb gedir. Əgər bunu valideyn, yaxud cəmiyyət olaraq biz bunu şikayət formasında bildirməsək necə olar? Yaxud şikayət edirik, aylarla Təhsil Nazirliyi araşdırır, insanları “yola verirlər”. Məsələn, məktəbdə pul yığan direktoru nazirlik işdən çıxarmaq gücündə, iqtidarında deyil. Məsələ ictimailəşdi, işdən çıxarıldı. O cümlədən, Abşeron rayonunda kütləvi şəkildə pul alan məktəb direktoru ilə bağlı məsələ ictimailəşdirildi, o, işdən çıxarıldı. Yaxud da başına bayraq taxıb ət kəsən məktəb direktoru ilə bağlı məsələ ictimailəşdi, işdən çıxarıldı. Təhsil Nazirliyi hazırda Azərbaycanda təhsil müəssisələrini idarə etmək iqtidarında deyil. Bu, idarəetmədə olan boşluqlar, bacarıqsızlıq, səriştəsizliyin nəticəsidir ki, təhsil müəssisələrində olan neqativ halların sayı yüzlərlədir, kütləvi hal alıb. Məhz ona görə də şikayət edir, ictimailəşdirirlər ki, nazirlikdə oturan bəylərin, xanımların gözünü açsınlar, görsünlər ölkə təhsilində nələr baş verir. Görünür, nazir qısa müddətdə öz yerini elə möhkəmlədib ki, artıq ölkə başçısının fikirlərinin əksinə gedir. Bizdə belə bir söz var ki, gec gəldi, tez öyrəndi”.

Bu gün məktəblərdə baş verən hər hansı problemlə bağlı valideyn şikayət etməsə, məsələ ictimailəşməsə, yaranmış hansısa özbaşınalığın üstündən səssizcə keçiləcək. Müəllimin şagirdə qarşı qeyri-etik davranışı, direktorun pul yığması kimi hallar qalmaqda davam edəcək.

Maraqlıdır, məktəblərdəki mövcud problemlər və onlar barədə susmaq kimə sərf edir?


Tarix: 22-12-2021, 09:14 Oxunub: 799


Bölməyə aid digər xəbərlər