Türkiyənin müdafiə naziri Hulusi Akar sensasion bəyanatla çıxış edib. Nazir Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə imzalanan üçtərəfli sazişin pozulacağı təqdirdə, müharibə variantına keçə biləcəklərini deyib. O, Türkiyənin Azərbaycanın işğaldan azad olunan ərazilərinin təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürdüyünü bildirib.
Maraqlıdır, H.Akarın bu bəyanatla çıxış etməsi hansı zərurətdən doğub? Müharibənin yenidən başlayacağı təqdirdə Türkiyənin tərəf kimi iştirakı mümkündürmü?
Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Şair Ramaldanov qeyd edib ki, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədə 4 bənd sırf təhlükəsizlik məsələsinə həsr olunub:
“Orada qarşılıqlı yardımdan tutmuş bütün məsələlər öz əksini tapıb. Digər tərəfdən Türkiyə Böyük Millət Məclisi Azərbaycanda türk əsgərlərinin fəaliyyəti ilə bağlı qərar qəbul edib. Yəni iki dövlətin qarşılıqlı addım atması üçün hüquqi baza mövcuddur. Ola bilsin ki, cərəyan edə biləcək məsələləri əvvəlcədən proqnozlaşdırılaraq bu qərarlar qəbul olunub. Düşünürəm ki, bu bəyanat da boş yerə verilməyib, yaranmış vəziyyətlə əlaqədardır. Burada qanunsuz heç nə yoxdur. Azərbaycan qələbə çalıb, ərazi bütövlüyünü bərpa edib. Artıq Ermənistanla dövlət sərhəddimizdə təmas xətti yoxdur. Düzdür, hazırda müəyyən narahatlıq mövcuddur. Lakin biz ekspertlər bunu əvvəldən də proqnozlaşdırırdıq. Çünki separatçı rejimin partizan müharibəsinə hazırlıqla bağlı hələ müharibə başlamadan əvvəl müəyyən video-görüntüləri vardı. Erməni mediasında açıq şəkildə bu haqda müzakirələr gedirdi. Düşünürəm ki, partizan müharibəsi elementləri ilə azad edilmiş ərazilərdə rastlaşacağıq. Digər tərəfdən erməni hərbi-siyasi rəhbərliyi hələ əvvəldən terrorçularla sıx əlaqədə idi. Onlar dövlət tərəfindən yox, məhz diasporlar tərəfindən maliyyələşdirilirdi”.
Ekspert vurğulayıb ki, bütün qanunsuz silahlı birləşmələr Ermənistan dövlətinin nəzarətindən çıxıb:
“Çünki Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələri yoxdur. Onlar hamısı çıxıb. Qalanlar belə terrorçuluqla məşğul olanlardır. Orada partizan hərəkatı adı ilə təxribat törədə biləcək qüvvələrin olması istisna edilmirdi. Lakin onlarla mübarizə aparmaq üçün artıq Azərbaycanın müvafiq güc strukturları fəaliyyətə başlayıb, terrorçuları izləməyə alıblar. Artıq onlar tərəfindən itkilər də var. Bu əməliyyat uğurla davam edir”.
Üçtərəfli sazişin pozulma və müharibənin yenidən başlama ehtimalına gəldikdə isə həmsöhbətimiz diqqətə çatdırıb ki, hələ ki o həddə gərgin bir vəziyyət yoxdur:
“Sənəd təzə imzalanıb. Bu müddət ərzində sənəddə qeyd olunan məsələlər həyata keçirilir. Sülhməramlı qüvvələr Azərbaycan ərazisi daxilində fəaliyyət göstərir. Müqavilədə də göstərildiyi kimi, Azərbaycana zidd hərəkət etmir. Lap tutaq ki, saziş pozuldu, nə ola bilər ki? Ermənistanın hazırda nəyi var ki, Azərbaycana hansısa güc tətbiq etsin?! Sülhməramlı qüvvələrin özlərinin missiyası var və bu missiyaya əsasən, Qarabağdakı ermənilər əgər hər hansısa təxribata cəhd etsələr, onların qarşısını almalıdırlar. Dediyim kimi, hələ proses təzədir, erməni silahlı qüvvələrinin Azərbaycanı tərk etməsindən cəmi 2-3 həftə keçib. Mənə elə gəlir ki, bir müddət belə gərginliklərlə rastlaşacağıq. Amma qlobal nəyinsə olacağını düşünmürəm. Çünki Rusiya da, Ermənistan da bilir ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə var və bu məsələdə hər hansısa bir tərəf haqsızlıq yolunu tutsa, o zaman Türkiyə öz sözünü deyəcək. Hər şey Azərbaycanın ərazisində gedir, Rusiya da bunu bilir. Ona görə də məsələnin nəzarətdən çıxacağını gözləmirəm. Quldurlar olub, bundan sonra da olacaq. Orada bərpa işləri getdikcə, insanlar yavaş-yavaş öz yerlərinə qayıtdıqca digər məsələlər də öz həllini tapacaq, hazırda boşluqdur və ona görə də terrorçulara öz çirkin niyyətlərini həyata keçirmək üçün sahə yaranıb. Bizim güc strukturlarımız isə kifayət qədər profesionaldır və bunun da öhdəsindən gəlinəcək. Azərbaycanda lazım olan hər şey var”.
Bölməyə aid digər xəbərlər