Ötən həftə (27 oktyabr) nəhayət, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Gəncəyə getdi. Ona görə “nəhayət” yazıram ki, bu səfər ötən ilin 44 günlük müharibəsi zamanı Gəncə şəhərinin dinc sakinlərinin alçaq terrora məruz qalmasından düz bir il sonra gerçəkləşdi! Adam qeyri-ixtiyari düşünür, səfir niyə tələsirdi ki, gözləyərdi bir neçə il də keçərdi. Amma görünür səbəbsiz deyilmiş.
Elə ABŞ-ın ölkəmizdəki səfirliyinin yaydığı məlumatda bildirilirdi ki, diplomatın səfərində məqsəd yerli dövlət rəsmiləri ilə görüşmək, USAID/Azerbaijan-in təlim tədbirində iştirak etmək və Gəncənin tarixi, mədəniyyəti haqqında daha ətraflı öyrənmək olub. Yəni səfər heç də Gəncə qətliamının qurbanlarını ziyarət məqsədi daşımayıb. Ancaq səfər çərçivəsində cənab Litzenberger ötən il raket zərbəsi endirilən əraziləri də ziyarət edib. Məlumata görə, səfir 2020-ci ilin payız döyüşlərində həyatını itirən, o cümlədən 2020-ci ilin oktyabrında raket zərbəsi nəticəsində həlak olan Gəncə sakinlərinə dərin hüznlə başsağlığı verib.
Vəssalam. Səfirin Xirosimaya bənzəyən Gəncə dağıntıları qarşısındakı xatirə lövhəsinin qarşısına heç olmasa bircə qərənfil qoyub-qoymadığını bilmirəm, hər halda fotolarda görmədim. Həmçinin onun dilindən körpələri qanına boyayan terrorçulara lənət də eşitmədik. Sadəcə başsağlığı, o da bir ildən sonra…Hətta bir ildən də çox keçib.
Xatırladaq: Azərbaycanın ikinci böyük şəhəri Gəncə ötən il 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb.
Ümumilikdə Ermənistanın həyata keçirdiyi bu dəhşətli terror aktları nəticəsində 26 dinc sakin həlak olub, 140-dan çox vətəndaşımız yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Ancaq ABŞ daxil olmaqla, bir sıra ölkələrdən nə erməni terrorunu ittiham edən gördük, nə də sifətindən qan axan gəncəli uşağın başını sığallayan səfirə rast gəldik…Sanki Gəncə riyxter şkalası üzrə 9 ballıq zəlzələ zamanı dağılmışdı, qəzavü-qədərdir, deyib üstündən keçdilər.
2001-ci ilin 11 sentyabrında ƏL-Qaidənin xain hücumuna qarşı yaradılan antiterror koalisiyasında yer alan ölkələrdən biri Azərbaycan idi, Ermənistan yox! Azərbaycan ərazilərinin böyük hissəsi işğal altında olsa da, hər cür risklərə rəğmən, terrora qarşı mücadilədə yer aldı birmənalı şəkildə. Baxmayaraq ki, qarşılığında ABŞ-dan erməni terrorunu lənətləyən mövqe görmədi dövlətimiz, amma yenə də kişiyana mövqeyindən çəkilmədi, dünyanın supergücünün Qarabağdakı erməni separatçılarını müxtəlif bəhanələrlə maliyyələşdirməsini də bura əlavə edək…
Hə, 11 sentyabr demişkən, bu il İrəvanda 11 sentyabr terrorunun ildönümü tədbirində ABŞ-ın Ermənistandakı səfiri Lynne Tracy Azərbaycana “təşəkkür” əvəzi olaraq… “Dağlıq Qarabağ”ın statusu barədə danışmışdı.
Birmənalı şəkildə rəsmi Bakının mövqeyinə cavab idi. Bakı bəyan edir ki, münaqişə bitib, status cəhənnəmə gedib, Dağlıq Qarabağ yoxdur! Bunu Azərbaycan dövlətinin lideri dəfələrlə bəyanlayıb və məsələyə nöqtə qoyub. Amerikan səfir isə “30 illik müharibə və gərginlik bir gecədə həll oluna bilməz. Ancaq başa düşürük ki, burada həll edilməli olan bəzi təməl məsələlər var. Onlardan biri də, artıq dediyim kimi, budur ki, biz Dağlıq Qarabağın statusunu həll olunmuş hesab etmirik. Və bunu Minsk Qrupunun gündəliyində saxlamağa davam edəcəyik”, – söyləmişdi. Özü də 11 sentyabr günündə. Rəsmi Bakı haqlı olaraq ABŞ-ın Ermənistandakı səfirinin “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik” deməsini “qəbuledilməz” adlandırmışdı. Prezident İlham Əliyev demişkən, “25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?!” Erməniləri çox sevirlər, buyursunlar, Kaliforniya ştatını bütövlükdə “erməni dövləti” elan etsinlər-1 milyondurlar!
Təbii, biz elə də sadəlöhv deyilik, Ermənistandakı səfirdən həmin gün erməni terrorçularını ittiham edəcəyini gözləmirdik. Amma ən azı diplomatik etiketə əməl etməliydi. Düzdür, İrəvandakı səfiri iş-gücünü atıb Qərbi Zəngəzura gələrək Azərbaycan əsgərlərinin mövqelərinə boylanan da gördük bu aylarda, yəni çox da təəccüblü deyildi. Elə Bakıdakı səfirin davranışları da onun kimi… Onu da anlayırıq ki, bu, bir dövlət siyasətidir, səfirlər çevrədən kənara çıxası deyillər…Amma iddia etməsinlər ki, Qarabağ məsələsində ədalətli mövqe nümayiş etdiriblər, yaxud bundan sonra Minsk Qrupu formatında nə isə “töhfə” verəcəklər. Biz onları çoxdan “dişimizə vurmuşuq”.
Azərbaycan ərazi bütövlüyünü təmin edib, Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi işi gedir, 7 iyul 2021-ci il tarixli Prezident Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb, ermənilərin darmadağın etdiyi Qarabağ yenidən qurulur, Azərbaycan dövləti bu işlərə milyardlar sərf edir.
Ermənistanı ittiham etmək, yerində oturtmaq əvəzinə, onları şirnikləndirən mövqelər sərgiləyir özünü “tərəfsiz” adlandıran paytaxtlar. Bu günlərdə aydın oldu ki, Nikol Paşinyan ölkə müxalifəti ilə qapalı müzakirələrdə Qarabağın statusu ilə bağlı söhbətin bitdiyini etiraf edib. Baxın, Paşinyan deyir status olmayacaq, amma amerikalı səfir erməni revanşistlərə ümid verir, “bitməyib”, deyir. Bu, Azərbaycana qarşı düşmənçilik deyilmi?
Deyək ki, Lynne Tracy ermənilərin əhatəsindədir, “təsir altına düşüb”, bəs, Bakıdakı elçi? Bir həftədən sonra Azərbaycan Zəfər gününün bir ilini bayram edəcək, ABŞ səfiri hələ də Şuşaya getməyib. Yəqin ki, burada üç həmsədr ölkənin “əhdi-peyman” məsələsi var. Amma digər iki ölkə ayrı yazının mövzusudur, burada Amerikadan bəhs edirik. Axı, on illər boyunca ABŞ-ı “demokratiyanın beşiyi” adlandırmışıq, ədalətli saymışıq, daha hansı nağıllar, əfsanələr…
Azərbaycan hökuməti dəfələrlə Qarabağa (sonuncu dəfə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya) səfər dəvəti edib, amma xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri bu səfərdə iştirakdan imtina ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə diplomatik korpusun nümayəndələri üçün yeddi dəfə Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər təşkil olunub, ABŞ səfiri Ermənistanın dağıtdığı Qarabağı görmək istəməyib. Bu yerdə xatırladaq: ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta da bir vaxtlar azad olunan Cocuq Mərcanlıya getmədən imtina etmişdi. Deməli, təsadüfi deyil. Demək sən mənim sevincimə şərik olmaq, torpaqlarımın işğaldan azad olunmasını istəmirmişsən, ser…Heç Zəngəzur dəhlizinin açılmasından da çox məmnun deyillər. Nə ABŞ, nə də İran, çox qəribədir, əks qütblərdə dayanıblar, savaşırlar, amma Azərbaycanın maraqlarına qarşı mövqeləri kəsişir. Hətta hər ikisinin səfiri Qərbi Zəngəzura gəlib, bu tərəflərə boylanır…Hər kəs istəyir ki, bölgədə nə baş versə, məhz onun moderatorluğu, böyüklüyü ilə olsun, özləri diqtə etsinlər. Amma unudurlar ki, Azərbaycan indi başqa Azərbaycandır! Elə etməsinlər ki, Azərbaycan dövlətinin qərarına sayğısız yanaşanlara yerləri göstərilsin, bu günlərdə qardaş Türkiyə dövlətinin göstərdiyi kimi…Şuşa bizim and yerimizdir, ona sayğısızlığı kimsəyə bağışlamaz dövlətimiz və millətimiz…
Zəfər günü – Şuşanın Azadlıq Günü yaxınlaşır, nə qədər tez yanlışlarını düzəltsələr, faydalarına olar…
Konkret.az
Bölməyə aid digər xəbərlər