11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair...

Qarabağ münaqişəsinin həll olunması nəinki Azərbaycanın, həm də regionun gələcəyini müəyyənləşdirən mühüm amildir. Qarabağda bundan sonrakı dövrdə təhükəsizliyi təmin etməyin vacib şərtlərindən biri də region miqyasında əməkdaşlıq əlaqələridir. Bununla bağlı gələcək imkanlar və mövcud problemlər barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Atlantic Council”dəki nitqində bəhs edib.
Əvvəlcə hadisələrin kəskinləşməsinə təkan verən amillərdən danışan H.Hacıyev qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin konstruktiv və təmkinli mövqeyini dəyərləndirməyib hadisələrin istiqamətini dəyişdirməyi üstün tutub. Münaqişənin dinc yolla həllinə doğru birgə irəliləmək əvəzinə N.Paşinyan işğal altındakı Qarabağa gəlib nitq söyləyərək "Qarabağ Ermənistandır, nöqtə” deyərək təxribatçı bəyanat verib. Eyni zamanda Ermənistan müdafiə naziri David Tonoyan isə ABŞ-a səfəri zamanı yeni hərbi konsepsiyalarını yığcam şəkildə "yeni torpaqlar uğrunda yeni müharibə” şəklində təqdim edib. Bundan əlavə, 2020-ci ilin iyul ayında, yəni TAP layihəsinin işə salınmasına cəmi iki ay qalmış Ermənistan Tovuz istiqamətində irimiqyaslı hərbi təxribata getdi. Bütün bunlar gərginliyin durmadan artmasına gətirib çıxardı. Nəhayət, sentyabrın 27-də Azərbaycanın dinc yaşayış məntəqələri ağır silahlardan aramsız atəşə tutuldu.

"Onda biz dedik daha bəsdir”, – deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Azərbaycan Ermənistanı sülhə məcbur etmək, danışıq masasına qaytarmaq, habelə dinc əhalinin təhlükəsuizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının bu problemə dair məlum qətnamələrini həyata keçirmək üçün əməliyyata başlamaq məcburiyyətində qalmışdı.

Azərbaycan Ermənistan tərəfi işğal etdiyi ərazilərdən hərbi qüvvələrinin çıxarılmasına dair cədvəl təqdim etsə, hərbi əməliyyatlarını dayandırmağa hazır olduğunu dəfələrlə bildirsə də, Ermənistan bundan imtina etdi. Yeri gəlmişkən, bu cür cədvəlin təqdim olunması BMT-nin həmin qətnamələrində də göstərilib. Hərçənd bu cür hərbi əməliyyatlar zamanı nə vaxt dayanmağı aydın dərk etməlisən, biz də yalnız strateji məqsədimizə çatanda dayandıq.

Müharibə başa çatandan sonrakı mərhələdə mühüm rol oynayan Rusiya sülhməramlılarının fəaliyyətinə toxunan H.Hacıyev onların öz vəzifələrini peşəkarlıqla yerinə yetirdiklərini, həm Azərbaycan, həm Ermənistan tərəflərilə dialoq kanalları vasitəsilə tarazlığı qorumağa çalışdıqlarını vurğulayıb.

"Azərbaycan Rusiya sülhməramlı həyətinə, onların humanitar fəaliyyətinə infrastruktur və logistika baxımdan dəstək verir”, – deyə diplomat qeyd edib.

Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin gələcəyilə bağlı da xeyli suallar var. Bu məsələ barədə danışan Prezidentin köməkçisinin fikrincə, iki ölkə arasındakı münasibətlərin başlıca məramı gələcəyə ayıq nəzərlə baxmaq və hazırkı ab-havanı dəyişdirmək olmalıdır. Belə ki, münaqişə həll olunduqdan sonra əlavə imkanlar əldə edəcək Ermənistan Azərbaycan ərazisi vasitəsilə Rusiya bazarına çıxmaq imkanı, Azərbaycan isə Naxçıvan Muxtar Respublikası ilə daha qısa yerüstü bağlantı qazanacaq.

"Gələcəyi düşünün! Bu 30 illik münaqişə zamanı nə qazandınız? Heç nə. İşğalçılıq siyasəti çox baha başa gəldi. İndi isə Ermənistanla Azərbaycan arasında barışıq üçün həqiqi imkanlarımız var”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

H.Hacıyevin dediyinə görə, Ermənistanı sülhə məcbur etmək üçün aparılmış hərbi əmliyyatlar zamanı Azərbaycan dinc əhaliyə ziyan verməmək üçün əlindən gələni edib. Eyni zamanda Azərbaycan vətəndaşı olan ermənilər də yaşadıqları ölkənin qanunlarına, ərazi bütövlüyünə hörmət etməyi unutmamalıdır.

Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçilik məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun isə Azəbaycanda nüfuz qazanmaması 30 il ərzində regionda sülhü bərqərar etmək, işğal olunmuş torpaqları azad etməkdə aciz qalması ilə bağlıdır. Minsk qrupu həmsədrlərinin gələcəkdəki fəaliyyətilə bağlı gözləntilərə gəlincə, bu qurumun başlıca vəzifəsi yeni gerçəklərə uyğunlaşmaq olmalıdır. Belə olarsa, H.Hacıyevin fikrincə, Minsk qrupu Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı etimadı bərqərar edib artırmaqla bağlı müsbət töhfə verə bilərdi.

Regiondakı yeni geosiyasi vəziyyət həm regional, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Bu mənada regionun inkişafına ABŞ-ın mümkün töhfələrindən danışan H.Hacıyev yenidənqurma, bərpa, minalardan təmizləmə işlərində iştirak edə biləcəklərini irəli sürüb. Belə ki, məsələn, ABŞ şirkətlərinin "small cities"ə salınmasındakı geniş təcrübəsi çox kara gələ bilər. Ən başlıcası isə "Vaşinqton Ermənistan cəmiyyətində qisasçılığın səngiməsinə, Ermənistanın mövcud vəziyyətlə barışmaq zərurətini dərk etməsinə töhfə verə bilər”.

Yeni geosiyasi gerçəklik regionda əmin-amanlığı təmin etmək üçün yeni qərarlar tələb edir. Həmin yeni gerçəklik Azərbaycan torpaqlarının işğalına son qoyulduğundan, regional əməkdaşlıq üçün yeni imkanlar açıldığından ibarətdir və bunu hər kəs nəzərə almalıdır. Artıq region ölkələrinin iqtisadi, nəqliyyat və s. imkanları üçün hər hansı məhdudiyyət yoxdur. Buna əyani misal kimi yanvarın 19-da Azərbaycanla İran arasında dəmir yolları sahəsində əməkdaşlığa dair imzalanmış saziş çəkilə bilər. Ekspertlərin qənaətincə, Astara dəmir yolundakı hərəkətin 25 faiz artması iki ölkə arasında əlaqələrin genişlənməsinə mühüm işarədir. Bu məqam da Qarabağ münaqişəsinin həll olnması nəticəsində region ölkələri qarşısında maneəsiz imkanlar açdığını bir daha sübut edir.


Tarix: 26-01-2021, 20:17 Oxunub: 397


Bölməyə aid digər xəbərlər