Ötən il dekabrın 8-də prezidentin fərmanı ilə şəhid ailələri və yaralıların təminatına dəstək məqsədilə YAŞAT Fondu təsis edilib. Fond fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb. Prezidentin növbəti fərmanı ilə işğaldan azad edilmiş bölgələrin yenidən qurulmasına dəstək üçün “Qarabağ Dirçəliş Fondu” da təsis edilib. Fond həmin ərazilərin bərpası, yenidən qurulması üçün ölkə daxilində və xaricində sərmayələrin cəlb olunmasını təmin edəcək. Fond publik hüquqi şəxs olacaq və onun fəaliyyətinə ümumi rəhbərliyi, nəzarəti Müşahidə Şurası həyata keçirəcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov Şuraya sədrlik edir.
Hər iki fondun yaradılması adıçəkilən sahələrə cəmiyyətin dəstəyinin istiqamətləndirilməsi və təmin edilməsi baxımdan əhəmiyyətli qərarlardır. Amma bu iş necə həyata keçirilir?
Büdcə təşkilatlarında, dövlət şirkətlərində çalışanlar bildirirlər ki, aylıq maaşlarından 10 faiz məcburi tutularaq YAŞAT Fonduna köçürülür. Bu da narazılıqlara rəvac verir.
Fondların büdcə təşkilatlarında çalışan vətəndaşlardan və biznes strukturlarından tutulmalar hesabına fəaliyyətinin qurulması böyük səhvdir. Bu cür yanaşma gərəksiz polemikalara səbəb olur, cəmiyyəti parçalayır, inamsızlıq yaradır və nəticədə şəhid ailələrinə, qazilərə dəstək kimi müqəddəs ideyanı kölgələyir. Bu cür fondlar ictimai təşəbbüsün nəticəsi olaraq könüllü ianələr hesabına ayaqda durmalıdır. Dövlət də öz növbəsində maddi dəstək verə bilirsə, çox yaxşı. Həmin təbəqələrin problemlərinin həllində Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ciddi rol oynamalıdır. Onlara dövlət büdcəsindən əlavə vəsait ayıraraq, xərclənmələrə ictimai nəzarəti təmin edib, effektiv iş qurmaq olar. Rəsmi məlumata görə, 44 günlük müharibədə şəhid olan hərbçilərimizin sayı itkin düşənlərlə birlikdə 2930, yaralananlar isə 1297 nəfər olub. Dövlətin yetərli imkanları var ki, bu ailələrin qayğıları həllini tapsın, hətta ehtiyac olarsa, qazilərin inkişaf etmiş ölkələrin tibb müəssisələrində müalicəsi təşkil edilsin. Amma biz reallıqda nə görürük?
YAŞAT Fondundan tez-tez ictimaiyyətə məlumat verilir ki, filan sayda qazinin əməliyyatı təşkil edilib, yaxud şəhid ailələrinə ev tikilib. Əgər bu işlər Fonda toplanan vəsaitlər hesabına görülürsə, çox yaxşıdır, amma təəssüf ki, ianələrin məcburi yığıldığı barədə çoxsaylı şikayətlər var.
“Qarabağ Dirçəliş Fondu” da əgər məcburi ianələrlə işləyəcəksə, onun da ictimai nüfuzuna zərbə dəyəcək. Fonda ianə könüllü olmalıdır, xüsusən xaricdəki azərbaycanlıların dəstəyinə ümid etmək, onları təşviq etmək lazımdır. Məlumdur ki, işğaldan azad edilmiş bölgələrin yenidən qurulmasına on milyardlarla vəsait tələb olunur. 2021-ci ilin büdcəsindən bu istiqamətdə 2.2 milyard manat xərclənməsi nəzərdə tutulur. Ölkənin maliyyə imkanlarının da ötən illə müqayisədə yaxşılaşacağı gözlənilir. Neftin qiyməti son həftələrdə 55-56 dollar ətrafındadır, pandemiya səngiyib, vaksinasiya həyata keçirilir, tədricən bütün sahələrdə canlanma gözlənilir.
Onu da xatırladaq ki, ilin əvvəlində Mərkəzi Bankın sədr Elman Rüstəmov ölkənin valyuta ehtiyatlarının 50 milyard dollar civarında olduğunu bildirib. Belə məlum olur ki, müharibəyə və pandemiyaya baxmayaraq, ölkənin valyuta ehtiyatlarında ciddi azalma baş verməyib. O zaman prioritet istiqamətlərdən biri olan şəhid ailələrinin, qazilərin problemlərinin həlli üçün hətta Neft Fondundan ayırmalar da həyata keçirmək mümkündür. Bununla bağlı təcrübə də var, qaçqın və məcburi köçkünlərin ehtiyaclarının qarşılanması üçün milyardlarla vəsait birbaşa Fonddan ayrılıb. Dövlət bu məsələdə xəsislik etməməlidir, şəhid ailəsinə, qaziyə xərclənməyən pul başqa hansı vacib işlər üçün saxlanıla bilər?..
İkincisi, Mərkəzi Banka inzibati bina tikintisi üçün nəzərdə tutulan 450 milyon manat bütün şəhid ailələrinin, qazilərin problemlərini həll etməyə, mənzil şəraitini yaxşılaşdırmağa, müavinətlərini kifayət qədər artırmağa yetər. Təki istək olsun… //dia.az//
Bölməyə aid digər xəbərlər