Bu ilin 6 dekabr tarixi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda iştirakı və çıxışı ilə yaddaqalan oldu. Ölkə Prezidenti bildirdi ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı.
Dövlət başçısı vurğuladı ki, Avropa İttifaqı Şurası və Avropa Komissiyası ilə müsbət kontaktlar var. Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının sədri, hər ikisi Azərbaycana səfər etmişdilər və biz aramızdakı əlaqələrə dair geniş müzakirələr aparmışıq. Bu, yalnız energetika sektoruna aid deyil. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Bizim xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqının payına düşür. Azərbaycan və Avropa İttifaqının doqquz üzvü arasında strateji tərəfdaşlığa dair bəyanatlar imzalanıb və ya qəbul edilib ki, bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu, onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Strateji tərəfdaş olmaq çox şey deməkdir, bu, əməkdaşlıq üçün böyük məsuliyyətdir. Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləyib. Biz əvvəlcədən bəyanat layihəsini razılaşdırmalıyıq. Bu, Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında razılaşdırılmalıdır. Bu görüş yaxşı hazırlanmalı və nəticəyönümlü olmalıdır. Çünki nəticəyönümlü olmasa, həm xalqlarımıza, həm də beynəlxalq aləmə yanlış mesaj vermiş olarıq. Bu, bizim mövqeyimizdir və Brüsseldə anlayışla qəbul olunur. Avropa Parlamentində bir qrup məsuliyyətsiz insan var ki, onlar özlərini manyak kimi aparırlar. Anti-Azərbaycan orkestrinin təşkilatçıları digər insanların düşüncələrinə təsir göstərirlər, onların beyinlərini “yumağa” çalışırlar. Onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji durumundan kənardır. Onlar Azərbaycana qarşı olan 10-dan artıq qətnamə qəbul ediblər ki, onların da bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz bunu təəssüf hissi ilə qarşılayırıq.
Praqa görüşündən danışan ölkə rəhbəri bildirdi ki, keçən il oktyabrın 6-da keçirilən görüşdə Ermənistanın baş naziri rəsmi surətdə Qarabağı Azərbaycan ərazisi olaraq tanıdı. Odur ki, Praqa görüşünün nəticəsi müsbət kimi qəbul edilə bilər.
Ölkə başçısı qeyd etdi ki, Fransa özünü sülh prosesindən ayırdı. Praqa görüşündən cəmi bir həftə sonra Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına və bizim gördüyümüz işlər barəsində müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi.
Vasitəçilik alternativlərinə gəlincə Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi var. Bundan əlavə, “Moskva istiqaməti” adlandırdığımız xarici işlər nazirləri arasında müzakirələr mövcuddur. ABŞ Konqresində məşhur dinləmələr baş tutana qədər “Vaşinqton istiqaməti” adlanan proses var idi ki, xarici işlər nazirləri Vaşinqtonda görüşürdülər. Ancaq, Vaşinqton istiqaməti artıq aktual deyil.
Ölkə Prezidentinin vurğuladığı kimi, mina terroru davam edir. Biz hələ də insanları, həyatları itiririk və demək olar ki, hər həftə bizdə xəsarət alanlar olur. Artıq demək olar ki, 350 nəfər minanın qurbanı olub, onlardan 65-i həyatını itirib. Faciə isə ondan ibarətdir ki, Ermənistanın bizə xəritələri verməsini deməsinə baxmayaraq, əslində, bu xəritələr faydasızdır. O ərazilərdəki onların bizə verdikləri xəritələr onların qənaətinə görə dəqiq idi, bizdə çoxlu insan mina partlayışından zərər çəkir. İkinci Qarabağ müharibəsindən sonrakı və antiterror əməliyyatından əvvəlki dönəmdə onlar separatçılar və Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti hesab etdikləri ərazidə yenə də yüz minlərlə mina basdırmışlar. Balkan ölkələrinin təcrübəsi onu göstərir ki, hətta 30 il sonra onlar mina problemini yaşayırlar. Sabiq məcburi köçkünləri həmişə doğma yurdlarına geri göndərdikdə onlara verdiyimiz əsas mesaj ondan ibarətdir ki, ehtiyatlı olun və girişi məhdudlaşdırılan ərazilərə getməyin. Girişi məhdudlaşdırılan bütün ərazilərin sərhədləri var, orada nişanlar var. Buna görə beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olardıq. Çünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir.
Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib. Ərazi bütövlüyümüzü bərpa etməkdə günahlandıranlar 10 milyonluq Azərbaycan xalqının əleyhinə danışırlar. Qərəzli danışanlar Qafqazdakı vəziyyəti yanlış şərh edir, dağıntılara və soyqırımına gözlərini yumurlar. Bütün bunlara baxmayaraq güclü Azərbaycan dövləti Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün çətinlikləri arxada qoyacaq və yeni-yeni qələbələrə, uğurlara imza atacaqdır.
Məhəd Vəkilov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər