11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Yeganə həqiqət " - Anar Nəbiyev

    Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il ərzində Azərbaycanın  beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. İndi  Azərbaycan qlobal dialoqda fəal iştirak edir, dünya dövlətləri ilə münasibətlərdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində  sanballı sözü və ardıcıl mövqeyi olan bir dövlət kimi tanınır. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, 2019–2022-ci illər üçün dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədr seçilib və sədrlik müddəti daha bir il uzadılıb.
    Azərbaycan Respublikası  üzv olduğu bütün beynəlxalq   təşkilatlarla,  o cümlədən 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış  “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurası  ilə əməkdaşlığın  da davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.
Bu il oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası və burada   Prezidentimizin çıxışı  bunları bir daha  təsdiqlədi. Dövlət Başçımız  əvvəlcə bizim regionda yaranan vəziyyətlə bağlı həmkarlarını məlumatlandıraraq dedi: “Həmkarlarım yaxşı bilirlər ki, Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.”
     Həmkarlarını son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandıraraq Prezidentimiz eyni zamanda söylədi ki, sentyabrda - demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Rusiya tərəfinin  vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırıldı.
     Ölkə Başçısı postmünaqişə vəziyyətinin digər aspektlərindən də danışaraq  bildirdi ki,  indi biz azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul oluruq. Hər şey dağıdılıb, görüntülər dərc edilib, arzu edənlər tanış ola bilərlər. On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. Bunu ancaq belə başa düşmək olar.
     Prezidentimiz daha bir vacib məqama toxunaraq qeyd etdi ki, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.
    Sonda Prezidentimiz Qarabağ ermənilərinin taleyi barədə bildirdi ki,Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib.
Bununla da Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları yeganə həqiqi versiyanı Prezidentimizin  özündən eşitdilər.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 19-10-2023, 16:45 Oxunub: 199


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı