Bu gün qloballaşan dünyada təhdidlər artır və yeni-yeni qeyri-sabitlik ocaqları yaranır. Təbii ki, hər bir ölkədə bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi çox vacib məsələdir. Qeyd edək ki, MDB ölkələrinin yerləşdiyi regionlarda da xarici təhdidlər mövcuddur. Bizim ölkənin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək çox sevindiricidir, Azərbaycanın artıq daxili təhdidləri yoxdur və həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam şəkildə bərpa olunmuşdur. Bu fakt özü regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün geniş imkanlar yaradır.
Möhtərəm Prezident İlham Əliyevin cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə çıxışı zamanı Dağlıq Qarabağ adlı qurumun tarixdə heç vax mövcud olmadığını, Qarabağın əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır olduğunu, Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, XIX əsrdə erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Bunları nəzərə alaraq, Sovet İttifaqı artıq həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdı. Bu, tam yüz il əvvəl baş verib. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər. 1990-cı illərin əvvəllətrində Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edilmişdir. Etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu və 2020-ci ilin payızına qədər vəziyyət belə olaraq qaldı..Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdi. Birləşmiş Millətlər Təşkilatı öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilmədi. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi.
Rəsmi İrəvanın təxribatçı siyasəti isə müharibəni qaçılmaz etdi. Ermənistanın təxribatları və hərbi cinayətləri 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Azərbaycanlılar öz torpaqlarında hətta müharibədən sonra həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanmışlar. Ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Azərbaycan bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdi, lakin Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi. Bu il sentyabrın 2-də Ermənistanın baş nazirinin qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı göndərdiyi təbrik məktubu vəziyyəti daha da gərginləşdirdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Azərbaycan artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc edib, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edilib.
Prezidentimiz çıxışında daha sonra bildirdi ki, Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət etdi. Beynəlxalq ekspertlər bunun şahididirlər. Azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub. Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına həmişə hazırdır.Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcək.
Rövşən Qayayev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər