1992-ci il... Azərbaycanda qarışıqlıq hökm sürür. Bir yandan ölkədə kreslo davası, bir yandan da bədxah qonşuların havadarlarına arxalanaraq Qarabağa təcavüzkar hücumları artır... Yenicə müstəqilliyini elan etmiş bir dövlətin hələ ordusu, güc strukturları tam formalaşmamış bir vaxtda Qarabağda və sərhədlərdə döyüşlər gedir. Sərhəd bölgələrində və Qarabağda əliyalın əhaliyə erməni hücumları davam edir. Xocalıda silahsız insanları, körpə uşaqları, qocaları, qadınları kütləvi qətlə yetirən azğınlaşmış ermənilər törətdikləri bu vəhşiliyi böyük fəxrlə qəhrəmanlıq kimi təqdim edirlər. Xocalı genosidindən həmən sonra Milli Müdafiə Şurası yaradılır və Şura Qarabağda döyüşməyə könüllülər dəvət edir...
1992-ci ilin mart ayı... MMŞ-nın çağırışına qatılan Vətən qeyrətli oğullar Bakı şəhərində Azadlıq prospektinin axırında, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən qərargaha toplaşırlar. Könüllülərin sırasına tək Bakıdan deyil, Azərbaycanın hər yerindən, hətta Gürcüstanın Borçalı mahalından, Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar Vətən çağırışına qatılırlar... 3-4 gündən sonra artıq qərargah müraciət edənlərin çoxluğundan qəbul edə bilmir. Könüllülərdən ibarət iki motoatıcı batalyonu təşkil olunur və qalan müraciət edənlərin aid olduqları Hərbi komissarlıqlara müraciət etmələri tövsiyə olunur.
Qərargahın həyəti... Axşamdan xeyli keçməsinə baxmayaraq heç kim evə getmək istəmir. Hərbi geyim veriləcəyi haqda məlumat verilməsinə baxmayaraq hələ geyim gəlib çıxmayıb. Könullulərin bir qrupu ocaq qalayaraq ətrafında isinirlər. İlk doğmalıq buradan başlayır. Bir birinin adını belə bilməyən bu adamları Vətən, Yurd sevgisi birləşdirir. İlk tanışlıq başlayır. Abdulxan, Arif, Şahlar, Üzeyir, Şükür, Sahib, Xəqani, Elxan, Vəli, Bəhruz, İslam, Elman və s. Bunlar daxilən ölümü öldürən fədailər idi. Hamı böyük həvəslə özünün hərbi bacarığından, əlahiddə bacarığından söhbətlər edir. Beləliklə ilk doğmalıq ocaq başından başlayır.
Minlərlə könüllü kimi döyüşə atılan bu uşaqların bir birinə münasibətləri, insani keyfiyyətləri, ruhu, mənəviyyatı, iradəsi döyüşlərdə çətin günlərdə bərkiyərək daha sıx bağlanır. Əziz oxucu , məqsədimiz onların qəhrəmanlıq yolunu vəsf etmək deyil. O çətin günləri yaşamış insanların 30 ildən sonra bir araya toparlanması, bir araya gəlməsidi. Bəli bu könüllülər 1992-ci ildə Göranboy, Ağdərə əməliyyatının, Gülüstan və Ağcakəndin azad olunmasında birbaşa döyüşlərin qəhrəmanları olmuşlar. Bu arada adı keçən döyüşlərdə və hərbi əməliyyatlarda həlak olmuş qardaşlarımızı hörmətlə anırıq. Onların ruhu qarşısında baş əyirik.
Bu gün həyatda olan qardaşları bir araya toplamaqda Abdulxan qardaşımızın böyük xidməti var. Abdulxan xaraktercə çox qorxmaz, cəsur, vətənpərvər, olmaqla bərabər, həm də özündən keçməyi bacaran, fədakar, insanpərvər, dostluğu, yoldaşlığı yaşadan bir inşandı. Məhz onun şəxsi təşəbbüsü və əməyi nəticəsində 30 il bundan öncə Vətəni müqəddəsləşən torpaq səviyyəsinə qaldırıb, canlarından keçərək Vətənin, yurdun müdafiəsinə qalxmış silahdaşlarını 26 iyun Milli Ordumuzun, Silahlı Qüvvələrimizin yarandıldığı gün bir yerə topladı. Bu köhnə kişilər 1918-ci ildə yaradılmış orduya yenidən sahib çıxanlardan olub onu yenidən yaratdılar, ilk əsgərlərindən oldular.
Yenə də Mübariz, Elxan, Ramiz, Üzeyir, Abdulxan, Şükür, Rəcəb, Sahib, Vəli, Şahlar, Zahid, Eldar, Səyavuş, İslam, Qabil, Bəhruz, Hüseyin, Rəhim bir aradadırlar. Tam ümidvarlıqla əminəm ki, özü burada ola bilməyib ürəyi bizimlə olan qardaşlarımız növbəti toplantılarımızda mütləq bir araya gələcəklər.
Bu gün ordumuzla fəxr edirik. Son hadisələr, 44 günlük İkinci Vətən Müharibəsi Ordumuzun, əsgərlərimizin necə güclü olduğunu göstərdi. Ordunun güclü olmasının əsası onun bazasından keçir. Bu baza, əsas isə milli, xəlqi, genetik faktorlardan keçir. Dövlət qurmaq hər millətə müyəssər olmur. Dövlətin təhlükəsizliyi isə Orduya bağlıdır. Torpağı Vətən edən torpağın müqəddəsləşməsidi.
Ordumuz varsa,YURDUMUZ var.
Elli Atayurd, yazar
(ŞÜKÜR MƏMMƏDOV)
Bölməyə aid digər xəbərlər