13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Problemli kreditlər artır: Hökumət məsələyə müdaxilə edəcəkmi?

Mərkəzi Bankın rəsmi elan etdiyi göstəricilərə əsasən, bu ilin birinci yarısında problemli kreditlərin həcmi yenidən artıb.

Belə ki, ötən ili 893 milyon manat problemli kredit portfeli ili başa vuran banklada bu ilin ilk yarısında bu göstərici 914 milyon manata yüksəlib. Bu, o deməkdir ki, yalnız son 6 ayda problemli kreditlərin həcmi 2.3 faiz artıb. İyun ayının yekunlarında problemli kreditlərin həcmində aylıq artım 7.7 milyon manat olub.

Maraqlıdır, problemli kreditlərin bu qədər artmasına səbəb nədir? Yenidən bu məsələnin həllini hökumət öz üzərinə götürə bilər?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, indiki vəziyyətdə hökumətin problemli kreditləri öz üzərinə götürməsinə ehtiyac yoxdur:

“Problemli kreditlərin hökumət tərəfindən öz üzərinə götürülməsi halları 2015-ci ildən sonra ardıcıl iki devalvasiya nəticəsində baş vermişdir. Buna səbəb bankların vətəndaşlardan depozit götürüb dollarla kredit verməsi və manatın məzənnəsinin 100 faizdən artıq devalvasiyaya uğraması nəticəsində olmuşdu. Bu da öz növbəsində “qapanmış dairə” sendromu yaratmışdı. Banklar vətəndaşlardan götürülən dollarla depozitin və dollar kreditlərinin geri qaytarılmasında problem yaşamışdı. Belə olduğu üçün hökumət tədricən bu məsələni öz üzərinə götürmüş və müəyyən bir dəhlizdə problemlər həll olunmuşdu.

İndiki problemli kreditlərin artması daha çox istehlak kreditləri ilə bağlıdır. Bu problemlərin artmasına pandemiyanın da təsiri ola bilər. Düşünürəm ki, banklar və müştərilər öz aralarında müddətin müəyyən qədər uzadılması ilə bağlı razılığa gələ bilər. Həmçinin, banklar faizlərin dayandıra və ya vətəndaşlara möhlət verə bilər. Bir çox vətəndaş istehlak kreditlərin götürdükdən sonra iş yerlərini itirib və xeyli xidmətlər fəaliyyətini dayandırıb. Araşdırmalar onu göstərir ki, işlərini itirən insanların əksəriyyəti bu sahələrdə çalışanlar olub. Düşünürəm ki, məsələnin həlli üçün banklar ilə fiziki şəxslər arasında danışıqlar olmalıdır”.

Fuad İbrahimov qeyd edib ki, banklarda fazilərin yüksək olmasına səbəb monopoliyadır:

“Ölkəmizdəki banklarda faiz dərəcəsi çox yüksəkdir. Dəfələrlə Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb, amma buna baxmayaraq, banklarda hələ ki, kifayət qədər aşağı və əlçatan kreditlər yoxdur.Bizdə ipoteka faizləri də çox yüksəkdir. Hesab edirəm ki, banklar siyasətlərində yumşalmaya getməlidir.

Əks təqdirdə banklar müştəri bazasını itirmiş olacaq.Amma bir şeyi də nəzərə almaq lazımdır ki, vətəndaş da bir az məsuliyyətli yanaşmalıdır. Pul naminə pul götürmək olmaz. Pul lazım olanda insan istənilən kreditə razılaşaraq pul götürür. Lakin bir az diqqətli olmaq lazımdır ki, belə problemlər ilə üzləşməsinlər”.
 


Tarix: 24-08-2021, 17:32 Oxunub: 336


Bölməyə aid digər xəbərlər