Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?

Jurnalistlərə vahid press kart verilməsi təklifi hələ də media camesində müzakirə edilməkdədir. Reportyor.info xatırladır ki, bu təkliflə Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxış edib.
“Jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma indiki halda onların jurnalist olub-olmadığını müəyyən etmək mümkün deyil. Ona görə də, jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifi ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik”, – deyə o bildirib.
Əhməd İsmayılovun təklifi jurnalistlər tərəfindən birmənalı qarşılanmayıb. Müstəqil və müxalif medianın təmsilçiləri hesab edir ki, vahid press kart təklifi mətbuat azadlığına yönəlik addımdır. Onların fikrincə, vahid press kart əsasən hakimiyyətə yaxın media quruluşlarında çalışan jurnalistlərə veriləcək. Digər media nümayəndələrinin fəaliyyəti isə qanundan kənar hesab ediləcək. Bununla da müstəqil və müxalifət medianın faəliyyəti faktiki mümkün olmayacaq.
Lakin Əhməd İsmayılovun təklifini dəstəkləməyənlər arasında hakimiyyətə yaxın media qurumları, yaxud iqtidarla hər hansı problemi olmayan KİV-lərin də nümayəndələri var. Bu kateqoriyaya aid olanların fikrincə, jurnalistlərə vahid press kart verilməsi mətbuatın inzibati amirlik üsulları ilə idarə olunmasından başqa bir şey deyil. Onsuz da Azərbaycan reallığında medianın fəaliyyətinə bu və ya digər formada müdaxilələr olunur. İndi bunu legitimləşdirmək vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Ölkədə islahatların getdiyi, korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir dönəmdə media proseslərə böyük töhvə verə bilər. Hər halda məmurların korruppsiya əməliyyatları, topdağıtmaz sərvəti və digər neqativ hallar media vasitəsilə işıqlandırılır. Yəni, dövlət idarəetməsində şəffaflığın təmin olunması üçün medianın sərbəst fəaliyyəti mühüm amildir. Belə faktları da adətən heç bir məmura, dövlət qurumuna, siyasi qrupa bağlı olmayan media nümayəndələri işıqlandırır.
Vahid press kart onların faəliyyətini əngələyəcəksə, deməli, bu təklifin medianın inkifaşına hər hansı töhvə verəcəyindən danışmağa dəyməz.
Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, mətbuata şərait yaratmaq, azad mühiti təmin etmək hökumətin vəzifəsi olsa da, jurnalistləri qeydiyyata almaq və onları sistemli şəkildə bir vəsiqəyə tabe etmək hökumətin vəzifəsi deyil: “Çünki jurnalistika, media hökumətə nəzarəti həyata keçirir. Hökumət jurnalistlərin fəaliyyətinə müdaxilə edə, kimin jurnalist olduğunu, kimin isə olmadığını müəyyən edə bilməz.
Hansı medianı oxumaq, izləmək insanların seçimidir. İstər A-nı oxuyarlar, istərsə də B-ni. Burda önəmli olan o mühitin olmasıdır. Hökumətin burda yeganə funksiyası dövlət qurumlarının şəffaflığını təmin etmək və jurnalistlərə diskriminativ yanaşma olmadan hər kəsin informasiya almaq hüququna təminat verməkdir. İndi belə çıxır ki, hökumətin verdiyi sarı vəsiqəli jurnalistlərin sorğularına cavab veriləcək, qırmızı və ya başqa rəngdən olan vəsiqə daşıyan jurnalistlərin sorğularına cavab verilməyəcək? Hökumətin bu imkanı varmı? Konstitusiya ilə hər kəsə tanınan hüququ hökumət necə birinə verib, digərlərinə verməyə bilər? Vahid vəsiqənin tətbiq olunmasının məqsədi nədir? Sarı vəsiqəsi olan jurnalistlər doğru, digərləri isə yalan yazacaq? Bu günə qədər hökumətin nəzarətində olan jurnalistlər yalnız doğruları yazıb? Heç bahalı hədiyyələr almayıb? Deməli, bu iş vəsiqə ilə olmur. Bu, daha çox peşəkarlığa və mühitə bağlı olan məsələdir. Hökumət peşəkar jurnalistə lazımi mühiti təmin etməlidir”(Mənbə: pressklub.az).
Vahid press kart təklifini dəstəkləyənlər dünya təcrübəsinə istinad edirlər. Lakin dünyanın aparıcı ölkələrində belə bir təcrübədən istifadə edilməsi faktı demək olar ki, yoxdur.
Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli də deyir ki, bu praktikaya çox nadir hallarda rast gəlmək mümkündür. “Qardaş Türkiyədə “sarı vəsiqə” anlayışı var idi.
Amma o, özündə əlavə keyfiyyətlər daşıyırdı. Məsələn, vəzifənin icrası zamanı nəqliyyatdan pulsuz istifadə, hər hansı stuasiyalarda müəyyən üstünlüklər və s… Amma bizdə jurnalistlərə vahid vəsiqələrin verilməsi müəyyən suallar doğurur: bu vəsiqələr kimlərə veriləcək? Müstəqil jurnalistlər var ki, onlar heç bir media qurumunda çalışmır, yalnız araşdırmalar aparır, redaksiyaların sifarişlərini yerinə yetirir. Həmin insanlara vahid vəsiqə veriləcəkmi?”, – deyə o vurğulayıb.
Jurnalistlərə vahid press kart verilməsinin “reket jurnalistikası”nı sıradan çıxaracağı barədə deyilənlər də birmənalı qarşılanmır. “Reket jurnalistikası”nı məmurların, yaxud müxtəlif qruprların çiçəkləndirdiyini nəzərə alsaq, bu üsulla onların sıradan çıxarılacağını düşünmək sadəlövhlük olardı.
“Reket jurnalistikası”nın sıradan çıxarılması üçün mediaya ciddi önəm verilməsi, KİV haqqında və digər müvafiq qanunların işləməsi kifayətdir.
Yeri gəlmişkən, MİA-nın icraçı direktorundan əvvəl Mətbuat Şurası vahid sarı kart sistemi tətbiq etmişdi. Lakin bunun nə jurnalistika fəaliyyətinə, nə də medianın inkişafına hər hansı təsiri oldu. Ona görə də effektiv olmayan əski təcrübədən yenidən yararlanmaq medianı inkişafa doğru yox, geriyə apara bilər.
          Gülay. reportyor.info


Tarix: 1-03-2021, 09:10 Oxunub: 376


Bölməyə aid digər xəbərlər
24-02-2021, 18:47 Vahid vəsiqə nə vəd edir?