11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Bayatı: Dörd misranın yaratdığı zəlzələ

Türkiyə prezidentini siyasətin zirvələrinə yüksəldən əsas faktorlar natiqlik qabiliyyəti və xalqla gündəlik təmas olub. Təxminən 20 yaşında mühafizəkar qanadın gənclik təşkilatında siyasi həyatının startını verən Ərdoğan İstanbulun bir rayonunun bələdiyyə sədri seçilə bilməyəndə (1989-cu il) ruhdan düşməyib, millət vəkilliyinə namizəd olub; verilən mandatı bir neçə gündən sonra Yüksək Seçki Şurası tərəfindən geri alınsa da (1991-ci il) yenə mübarizədən əl çəkməyib.

Ondan sonrası gözümün qabağında keçib. 27 mart 1994-cü ildə bələdiyyə seçkisi ərəfəsində təbliğatını da izləmişdim, 25,6% səslə seçiləndən sonra bələdiyyə sədri mandatını alarkən də orada olmuşam, məhkəmənin verdiyi həbs qərarına görə, 1999-cu ildə bələdyyə sədrliyindən ayrılarkən keçirdiyi mətbuat konfrasında “bu nəğmə burada bitməz” sözü ilə dəstəkçiləri üzərində yaratdığı həyəcana elə oradaca şahidlik etmişdim.

Sonrası həbsxana, ondan sonrası partiya yaratmaq və ondan 1,5 il sonrası mərkəzi iqtidara gəlmək. Şeirlərə gəlincə: ordunun 28 fevral 1997-dəki ultimatumuyla Ərbakan hökuməti 28 iyunda istefa vermək məcburiyyətində qalınca mərkəzi hakimiyyət iddiasını gizlətməyən İstanbulun bələdiyyə sədri Ərdoğan mühafizəkar seçici kütləsini öz ətrafına çəkməyin məşqini Siirt vilayətində şeirlə etmişdi:

“Minareler süngü, kubbeler miğfer (dəbilqə);               

Camiler kışlamız (kazarmamız), müminler asker;

Bu ilahi ordu dinimi bekler;

Allahu Ekber, Allahu Ekber”

1998-ci ilin yanvarında Konstitusiya Məhkəməsi Refah Partiyasını bağladı, partiyanın sədri Nəcməddin Ərbakan başda olmaqla, rəhbərlərə siyasi yasaq qoyuldu, növbəti il məhz bu şeirə görə Ərdoğana 4 ay həbs cəzası verildi; bələdiyyə sədrlyindən çıxarılandan sonra 2 gün İstanbul küçələrini avtobusla dolaşıb həbsxanaya yollananda da yanında həyat yoldaşı Əminə xanım və müğənni dostu Adnan Şənsəs vardı.

Ərdoğan həbsxanadan çıxar-çıxmaz partiya qurmaq üçün küçələrə “Bərabər yürüdük biz bu yollarda” şerilə çıxdı, o şeirlə meydanları coşdurdu, hər mitinqini o şeirlə başa çatdırdı. Və bu ənənəsinə son aylara qədər sadiq qaldı (pandemiyaya görə meydan mitinqləri keçirilmir). Türkiyə siyasətinin son 25 ildəki ən güclü adamının şeirdən necə məharətlə istifadə etdiyinə birbaşa şahid olduğuma görə 10 dekabr Bakı paradında meydandakıları da, ekran başındakıları da şeir intizarında qoymayacağına əmin idim.
Natiqliyini yenə ən üst pərdədən nümayiş etdirən Türkiyə dövlət başçısının Bəxtiyar Vahabzadədən şeir oxuyacağını təxmin etmək mümkün idi, ancaq kim desə ki, “Arazı ayırdılar....” bayatısını da oxuyacağını təxmin edirdi, əmin olun ki, səmimi deyil, yalan danışır.

Bu, Rəcəb Tayyip Ərdoğanın siyasi həyatının ən böyük sürprizlərindən biri olmaqla yanaşı, Türkiyə siyasətində də inqilab idi; təsəvvür edin ki, indiyə qədər “Araz, Cənubi Azərbaycan, bütöv Azərbaycan” məfhumlarının tələffüz edilməsi bir yana, heç kimin ağlına belə gəlmədiyi halda siyasətin də, dövlətin də zirvəsindəki şəxsiyyət 4 misralıq bir bayatıyla Azərbaycan Cümhuriyyətinin də, İran İslam Respublikası sərhədləri daxilindəki 35 milyonluq Cənubi Azərbaycanın da ən həssas nöqtəsinə birbaşa toxunduğu kimi Türkiyəni də məxmurluqdan oyandırdı.

O dörd misranın yaratdığı zəlzələ Tehran rejimini silkələməyə nəinki kifayət edir, hələ artıq da qalır. Elə ona görə 35 milyonun ibtidai təhsil hüququnu belə verməyən şovinist-islamçı rejimin reaksiyası da çaşbaşlığın gətirib-gəldiyi sərsəmləmələrdən başqa bir şey olmadı. Və o sərsəmləmələr əslində həm Azərbaycan və Türkiyə cümhuriyyətlərinin, həm də Cənubi Azərbaycanın faydasına oldu, olmağa davam edəcək: Rəcəb Tayyip Ərdoğan dörd misralıq bir bayatı ilə; 1) İndiyə qədər qeydsiz-şərtsiz Ermənistanı dəstəkləmiş Tehranın qarşısında Bakının əlini gücləndirdi; 2) Türkiyə cəmiyyətinin gözünü İrana yox, Cənubi Azərbaycana tərəf açdı; 3) Cənubi Azərbaycan toplumunda “Traxtur” futbol komandasının qələbələrilə sıçrayan milli şüur bu dəfə cənab Ərdoğanın Bakıda oxuduğu dörd misra ilə yeni və özünə daha çox güvənən inkişaf mərhələsinə qədəm qoydu. Ona görə burada tək yox, iki təşəkkürdən söhbət getməlidir: biri dörd misralıq bir bayatı ilə bölgədə tamamilə yeni bir səhifə açan Türkiyə prezidentinə, o biri isə o dörd misraya verdiyi çaşbaş və sərsəm reaksyalarla Cənubi Azərbaycan məsələsini türk toplumunun gündəminə geri dönülməz şəkildə daxil edən Tehran rejiminə.

Adını nə qoyursunuzsa-qoyun, diktaturaların hansında ağıl görmüsünüz ki?
                                                                              Mayis Əlizadə


Tarix: 16-12-2020, 18:11 Oxunub: 247


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı